İnsan sağlamlığının
qorunması mühüm bəşəri vəzifələrdəndir. Bu baxımdan hələ qədim dövrlərdən təbii
ehtiyatlardan istifadə etməklə sanatoriya və kurort müalicəsi ən yaxşı səmərə verən
üsullardan biri olub. Müasir dövrdə isə geniş yayılmış turizm növlərindən olan müalicə-sağlamlıq
turizminin sürətlə inkişaf edərək dünya üzrə təqribən 14 faizlik bir həcmə malik
olması onun mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
Dünyada çox
sayda insanın əziyyət çəkdiyi astma xəstəliyinin speleoterapiya, yəni duz mağarasında
təbii üsullarla müalicəsi müasir tibbin mühüm nailiyyətlərindəndir. Planetdə insan
sayının artması və bir çox yerlərdə hava-iqlim şəraitinin ağırlaşması ilə astma
xəstəliyinin də yayılması bu müalicə növünə olan marağı artırır. Belə ki, baş ofisi
Yeni Zelandiyada yerləşən və dünyanın 135 ölkəsində təmsilçiliyi olan Qlobal Astma
Şəbəkəsinin 2018-ci il üçün hazırdadığı illik hesabatda ümumilikdə dünya üzrə təqribən
339 milyon insanın astmadan əziyyət çəkdiyi və hər gün 1000-ə yaxın insanın isə
bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Ona görə də ölkəmizin təbii sərvətləri
arasında mühüm yer tutan Naxçıvandakı daşduz mağaraları əsasında astma xəstəliyinin
müalicəsi həm tibbi-bioloji, həm də humanitar əhəmiyyətinə görə olduqca diqqətçəkəndir.
Təbii üsullarla
müalicə baxımından Naxçıvan çox zəngin sərvətlərə malikdir. Muxtar respublikanın
yerləşdiyi ərazinin quru və təmiz havası, Darıdağ, Sirab, Vayxır kimi müalicəvi
mineral suları, Batabat, Qanlıgöl, Gəmiqaya kimi dağlıq ərazilərdəki saf ekoloji
şəraiti təkcə Cənubi Qafqazda deyil, bütün Avropa üzrə seçilən çox geniş çeşiddə
dərman bitkiləri arealı və şübhəsiz, Duzdağın möcüzəvi duz müalicəsi Naxçıvana şəfa
məqsədilə gələn insanların əsas niyyətlərindəndir. Buna görə də hər il 4 minə yaxın
pasiyentin müalicə olunduğu Duzdağ Fizioterapiya Mərkəzi son illər dünya miqyasında
tanınmağa başlayıb.
Duzdağ - əhalisi
təqribən 100 min nəfər olan Naxçıvan şəhərindən 11 kilometr şimal-qərbdə yerləşir.
Burada milyon illər əvvəl təbii şəraitdə formalaşmış nəhəng xörək duzu yataqları
mövcuddur. Ehtiyatları 90 milyon tona yaxın hesablanan bu duzun iki minillik çıxarılma
tarixi var.
Naxçıvan Şərqlə
Qərb arasında qədim İpək yolu üzərində yerləşdiyindən daş duzun buradan dəvə karvanları
ilə min kilometrlərlə uzaqlara daşındığı söylənilir. Yerli əhali arasında duzla,
onun müalicəvi möcüzələri ilə bağlı çoxlu maraqlı hekayə söylənilir. Duzun Naxçıvanın
5 minillik şəhər mədəniyyətinin formalaşmasında mühüm rolu olduğu faktı aşkardır.
Bunu ərazidə aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuş və duz çıxarılmasında
istifadə edilən maddi-mədəniyyət nümunələri təsdiqləyir. 1950-ci illərdən başlayaraq
Duzdağda duzun sənaye üsulu ilə geniş həcmdə çıxarılmasına başlanmış, beləliklə,
Yer səthindən təxminən 100 metr aşağıda çoxlu sayda insanın sığışa biləcəyi nəhəng
duz mağaraları yaranmışdır. Dünyada duz mağaralarında bronxial-astma və ağciyər xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi
üsulu - speleoterapiya kəşf olunandan sonra Duzdağ həm də müalicə məkanı kimi tanınmışdır.
Duzdağda
1979-cu ildə 50 çarpayısı olan xəstəxana fəaliyyətə başlayıb. 1980-ci ildə çarpayıların
sayı 100-dək artırılıb. 1980-ci illərin axırlarında SSRİ-nin süqut etməsi və Naxçıvanın
blokadaya alınması ilə yaranan ağır sosial-iqtisadi vəziyyət Duzdağ xəstəxanasının
işinə də mənfi təsir göstərib. Lakin tikintisi 2008-ci ildə başa çatdırılan Duzdağ
Fizioterapiya Mərkəzi hazırda 450-yə yaxın yataq sayı, pasiyentləri və burada çalışan
tibbi personalı ilə diqqəti cəlb edir, eləcə də Duzdağa tanışlıq məqsədilə gələn
turistlər üçün çox gözəl şəraitə malikdir.
Qeyd edək
ki, hazırda speleoterapiya üsulu ilə dünyanın bir çox yerlərində müalicə tətbiq
olunur. Lakin Naxçıvan Duzdağının coğrafi yerləşmə mövqeyi, buradakı duz ehtiyatlarının
həcmi və tətbiq olunan müalicənin keyfiyyəti fərqlidir. Ümumiyyətlə, Duzdağın dəniz
səviyyəsindən yüksəkliyi, şaxtalardakı mövcud hava şəraiti, temperatur, rütubət,
atmosfer təzyiqi və oksigenin faizlə miqdarı, bakterioloji tərkibi burada astma
və allergiyadan əziyyət çəkən xəstələrin müalicəsinin ideal nəticələr verməsinə
şərait yaradır. Belə ki, insanların dərinliyə enmədən birbaşa 300 metrədək uzanan
duz şaxtasına heç bir fobiya olmadan daxil olması, il ərzində buradakı havanın
18-20 dərəcədə sabit temperaturu, zəhərli qazların son dərəcə minimum səviyyəsi
duz müalicəsinin effektini artıran əsas amillərdəndir. Şübhəsiz, son dövrlər yaradılan
müasir infrastruktur, yaxınlıqdakı beşulduzlu Duzdağ hoteli, Naxçıvan şəhərindən
müntəzəm olaraq işləyən sərinişin avtobus xidmətləri, şaxtanın girəcəyində təklif
olunan iaşə və hədiyyəlik əşya satışı və ən əsası, tibbi personalın pasiyentlərə
qayğısı istər müalicəyə gələnlər, istərsə də onları müşaiyət edənlər üçün hər cür
imkanlar yaradır. Mərkəzin xidmətlərindən istifadə edən Bakı və Sumqayıt şəhərləri,
habelə Quba, Qusar, Qəbələ, Şəmkir, Goranboy, Bərdə, Yevlax, habelə Lənkəran və
Masallı vətəndaşları ilə yanaşı Türkiyə,
Ukrayna, İran, Rusiya, Tacikistan, Gürcüstan, Qazaxıstan, Almaniya, Britaniya, Hollandiya,
avstriyalı turistlər də Duzdağın möcüzəvi müalicə potensialından razılıq edirlər.
Uşaqlar üçün 12, böyüklər üçün isə 18 günədək davam edən müalicə kursları pasiyentlərin
dərman istifadə etmədən sağalmasına səbəb olur ki, bu da onların ən şirin nemətə
- cansağlığına qovuşması deməkdir.
Qeyd edək ki, Duzdağ Fizioterapiya Mərkəzinin yerləşdiyi
duz şaxtaları eyni zamanda görməli yer kimi də həvəskar turistlərin və ekskursiyaçı
tələbələrin ən çox gəzdikləri yerlərdəndir. Hər il tanışlıq və ekskursiya məqsədilə
Naxçıvana gələn çox sayda turist Duzdağa da baş çəkərək bu nadir təbiət və insan
əli möcüzəsinə tamaşa edib dərin təəssüratlarla geri qayıdır.
Bu il Duzdağda
mağara müalicəsinə başlanılmasının 40 ili tamam olur. Bu baxımdan Duzdağ Fizioterapiya
Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 16 may 2019-cu il tarixli sərəncamı dünya əhəmiyyətli bu uinkal
müalicə mərkəzinə verilən yüksək qiymətdir. Mərkəz gələcəkdə də insanların sağlamlığının
bərpasında rolunu artıracaq.
Əli CABBAROV,
"Naxçıvan”
Universitetinin dosenti, Beynəlxalq Turizm Akademiyasının üzvü