10 Avqust 2022 13:16
496
Səhiyyə
A- A+

Dünya yenidən qapanmaya gedə bilər

 

Payızda koronavirus və meymunçiçəyi viruslarının daha kəskin yayılma ehtimalı var

 

Koronavirusla meymunçiçəyi hələ də bəşəriyyəti təhdid altında saxlamaqdadır. Yoluxuculuq qabiliyyəti kəskin olan bu viruslar sürətlə yayılır, mutasiyaya uğramaları nəticəsində yeni simptomları üzə çıxır. Qarşıdan gələn payız fəslində isə vəziyyətin daha da kəskinləşə biləcəyi proqnozlaşdırılır. 


Belə ki, "Omikron" ştamının yoluxuculuq qabiliyyəti yüksək olan yeni növünün - "Kentavr"ın meydana çıxması ilə qonşu ölkələrdə vəziyyət dəyişib. Bildirilir ki, ötən həftə Rusiyada yoluxmaların sayı 60 faiz artıb. Bu yenidən vaksinlənmə tədbirlərinin genişləndirilməsinə səbəb olub. Həmçinin qapalı məkanlarda maskadan istifadə də tövsiyə edilir. 
Dünya ölkələrinə gəldikdə, yoluxmaların sayının artması bəzi qapanmalara və qaydaların sərtləşdirilməsinə səbəb olub. Çindəki qapanmalar vəziyyətin ağırlaşmasından xəbər verir. Xüsusilə kurort zonalarında daha sərt qaydalar tətbiq edilir. Çinin Haynan adasında həftəsonu ictimai nəqliyyatdan istifadə dayandırılıb, insanların şəhər daxilində hərəkəti məhdudlaşdırılıb, turistlərin yola düşməzdən əvvəl COVID-19 testindən keçmələri tələb olunur. Bunun nəticəsi olaraq, 80 minə yaxın turist ölkələrinə qayıtmaqda çətinliklərlə üzləşib. 

 

"Omikron"un ştamlarına uyğun yeni peyvəndlər hazırlanır

Hazırda koronavirusun sürətlə yayılmasına səbəb olan "Omikron" ştamı ilə mübarizə yönündə səhiyyə qurumları yeni tədbirlər planı hazırlayır. Viruslardan müdafiədə isə əsas vasitə vaksinlərdir. "Biontech" şirkəti oktyabr ayına qədər "Omikron"a uyğunlaşdırılmış iki peyvəndin tədarükünə başlayacağını açıqlayıb. Bununla da, virusun yoluxuculuq qabiliyyətinin azalacağı ehtimal edilir. 
Epidemioloqlar yoluxmaların artmasını pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğv edilməsi ilə əlaqələndirirlər. Bunun nəticəsi olaraq yoluxucu ştamlar ölkələrin sərhədləri boyunca asanlıqla və daha sürətlə yayılır. Ancaq onu da qeyd etmək lazımdır ki, "Omikron" ştamı və onun altvariantlarının ölüm riski alfa, beta, qamma və ən təhlükəli delta növlərindən nisbətən xeyli azdır. Belə nəticənin əldə olunması isə tamamilə peyvəndləmə ilə əlaqəlidir. Buna görə də tövsiyə edilən dozada vaksinlər hər kəs tərəfindən vurulmalıdır.
Nəzərə alınmalı məqamlardan biri də "Omikron" ştamına yoluxmanın baş verdiyi təqdirdə testlərin verilməsidir. Bir çox hallarda bu növə yoluxanlar digər ştamlardan fərqli olaraq xəstəliyi daha yüngül formada keçirdiyinə görə qriplə qarışıq salırlar. Lakin mütəxəssislər vurğulayırlar ki, ölüm riski nisbətən az olsa da, yoluxmanın qarşısını almaq üçün PZR testlər mütləq edilməlidir. Nəticədə xüsusi risk qrupları bu xəstəliyi daha ağır keçirə bilərlər. Həmin qrupa yaşı 65-dən yuxarı olanlar, immun sistemi zəif olanlar, xroniki xəstələr və digərləri daxildir.

 

Meymunçiçəyinin  qeydə alındığı ölkələr artmaqdadır

Koronavirusla yanaşı, meymunçiçəyinə tutulma ilə bağlı da artım müşahidə edilməkdədir. Xəstəliklə bağlı araşdırmalar onu deməyə əsas verir ki, meymunçiçəyinin sürətlə yayılması daha ciddi addımların atılmasına səbəb ola bilər. Hazırda bu virusa 88 ölkədə 2700-dən çox yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bunu fövqəladə vəziyyət kimi qiymətləndirərək dünya ölkələrini araşdırmaların aparılmasına və mübarizədə sayıqlıq göstərmələrinə çağırıb.
Hazırda meymunçiçəyi xəstəliyinin kəskin müşahidə olunduğu ölkə ABŞ-dır. Nyu York, San-Fransisko ştatlarından sonra Kaliforniyada da fövqəladə vəziyyət elan olunub. Bildirilir ki, fövqəladə rejimin tətbiqi ştatlarda yoluxmanın azalmasına və insanlar arasında maarifləndirmə tədbirlərinin aparılmasına kömək edəcək. Meymunçiçəyi virusuna yoluxan ölkələrin siyahısına son olaraq Moldova daxil olub. 
Bu virusun qarşısını almaq üçün istifadə edilən çiçək peyvəndinin 85 faiz effektiv olduğu müəyyənləşdirilib. Buna görə də peyvənd hər kəsə deyil, yalnız xəstəliyə yoluxmuş şəxslərə və onlarla təmasda olanlara vurulur. Meymunçiçəyi virusu özünü baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpkilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları kimi əlamətlərlə özünü büruzə verir. 
Hazırda Azərbaycanda meymunçiçəyinə yoluxma faktı qeydə alınmasa da, qonşu ölkələrdə müşahidə edilən xəstəliyin ölkəmizə də gəlməsi istisna edilmir. Ondan müdafiə üçün isə sadə gigiyenik qaydalar - əlləri tez-tez sabun ilə yumaq, dezinfeksiyaedici vasitələrdən istifadə etmək və fiziki təmasdan yayınmaq zəruridir. Virus fiziki təmasdan əlavə, yoluxmuş şəxsin əşyalarından da keçə bilir. Xəstəliyə dair simptomların müşahidə edildiyi təqdirdə isə mütləq həkimə müraciət etmək lazımdır. 
Qeyd edək ki, meymunçiçəyinə qarşı ölkəmizdə bir çox qabaqlayıcı tədbirlər həyata keçirilib. Müvafiq olaraq virusu aşkarlayan testlər gətirilib, vaksin tədarükü görülüb. Geriyə isə hər kəsin özünü müdafiə etməsi qalır. Beləliklə, hər iki virusdan olduqca yan qaçmalı, immun sistemimizi gücləndirməklə, sadə gigiyenik vasitələrlə qorunmalıyıq. 

Aydan XƏLİLOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video