05 Avqust 2022 01:13
478
SİYASƏT

“Dövlətimiz hər zaman yanımızda olub”

 

Birinci Qarabağ müharibəsinin iştirakçıları ölkə rəhbərinə minnətdarlıqlarını bildirirlər

 

Onların heç bir təmənnası yox idi. Heç kimdən də adicə "sağ ol" belə gözləmirdilər. Onları heç kim  müharibəyə səfərbər etməmişdi... Yalnız ürəklərinin səsini dinləmişdilər. Darda olan Vətənin harayına getmişdilər. "Təki vətən yaşasın", "Təki vətən sağ olsun" deyib canlarını fəda etmişdilər.

Birinci Qarabağ müharibəsi zamanı ölkədə nə normal hakimiyyət vardı, nə də ordu.  Döyüşən vətənpərvər oğullar var idi. Silah-sursat təchizatı belə yox dərəcəsində idi. Bəzən şəhid olacaqlarını bilsələr də, ölümün üstünə gedirdilər... Vətəni qoruya bilməsələr də, azğın düşmənin əlindən qaçıb başını qurtarmağa çalışan, imdad diləyən vətəndaşlarımızı, həmvətənlərimizi xilas etmək üçün fədakarlıq edirdilər.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Onlar öz ömürlərini vətənin ömrünə caladılar. Vətən yaşasın deyə, vətənin yaşadığını yaşadılar. İtkin düşəni də, şəhid, qazi olanı da oldu... Amma peşman olanı olmadı.

Unudulmadılar, yaddan çıxmadılar. Düşmənin qarşısında dayanıb ona qarşı döyüşən hər bir əsgəri dövlətimiz əziz tutdu. Ulu Öndər hakimiyyətə gələndən sonra dövlət əsgərindən öz qayğısını bir an belə əsirgəmədi. Dərdliyə sirdaş oldu, ehtiyacı olana arxa, evsizə ev, ayaqsıza maşın verdi. Prezident İlham Əliyev də hər zaman Vətən uğrunda döyüşmüş insanın yanındadır. Torpağı uğrunda qanını tökmüş vətən oğlunu vətən qədər, bayraq qədər, torpaq qədər müqəddəs bildi. Dövlətin, Prezidentin keçmiş döyüşçüyə, əsgərə olan münasibətini görən gənc nəslin ürəyində daha möhtəşəm vətənpərvərlik hissi yarandı. Gənclərimiz əmin oldular ki, əgər düşmənlə döyüşə gedərlərsə, gözləri arxada qalmaz. Övladlarını, ailələrini, dövlətə, vətənə əmanət edə bilərlər. Aparılan düzgün siyasətin nəticəsi, əsgərə, vətəndaşa olan münasibətin doğmalığı, dürüstlüyü 44 günlük Vətən savaşında insanları bir yumruğa döndərdi. Birliyimiz gücə dönüb düşmən üzərində qələbə ilə nəticələndi. Zəfər qazandıq!

Bu gün Azərbaycanda Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısına, şəhid ailəsinə, qazisinə fərq qoyulmur. Bütövlükdə Qarabağ müharibəsi olub. Eyni statuslu, eyni dərəcəli qazilərimiz, şəhidlərimiz, şəhid valideynləri var. Dövlət müharibə iştirakçılarının hər birinə eyni dərəcədə qayğı göstərir, problemlərinin həllinə diqqət ayırır. Elə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci ildə imzaladığı fərmanı qələbədən sonra Birinci Qarabağ müharibəsinin iştirakçılarına, onların ailələrinə olan dövlət qayğısının ən gözəl nümunəsi hesab edilir. Artıq fərmanın icrasına başlanıb. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, tanınmış hərbi diktor, vətənpərvər ruhlu mahnıların müəllifi Şəmistan Əlzamanlı bizimlə söhbətində dedi: "Ölkə Prezidentinin Birinci Qarabağ müharibəsində əlilliyi olan sabiq döyüşçülərə sosial yardım edilməsi haqqında" 2021-ci ildə imzaladığı fərmanın icrasına başlanması məni çox sevindirdi. İlk növbədə qeyd edim ki, bu sərəncam maddi tərəfindən əlavə, həm də Birinci Qarabağ döyüşündə savaşanlara, əlil olanlara mənəvi dəstək oldu, güc verdi. Bu o deməkdir ki, Qarabağ müharibəsi veteranları, əlilləri, dövlətin nəzərində eynidir və heç bir fərq qoyulmur, ayrı-seçkilik edilmir. Açığını deyim ki, pul elə bir şeydir ki, ondan heç kim imtina etmir. Əsl döyüşçülər, vətənpərvərlər də müharibəyə pul, ad-san üçün deyil, Vətən üçün, torpaqlarımız üçün getmişdilər. Şükürlər olsun ki,  işğal olunmuş torpaqlarımız Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə azad  edildi. Belə böyük qələbədən sonra sabiq döyüşçülərə dövlət tərəfindən maddi yardım edilməsi çox sevindiricidir. Mən hər zaman əsgərinin yanında olan, onun qayğısını çəkən Prezident İlham Əliyevə bu humanist qərarına görə minnətdaram".

Digər həmsöhbətlərimiz fikirlərini belə ifadə edirdilər: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi qayğı göstərib. Şəhid ailələri, müharibə əlilləri mənzillə təmin edilir. Şəhid ailələrinin, müharibə əlillərinin övladları hətta özəl ali məktəbə daxil olanda belə təhsil haqları dövət tərəfindən ödənilir. Onların övladlarının asudə vaxtlarının təşkil edilməsi üçün dövlət tərəfindən müxtəlif proqramlar həyata keçirilir. Məşğulluq proqramlarına xüsusi olaraq cəlb olunurlar. Müharibə əlilləri ən müasir texnologiyaya malik protezlərlə təmin edilirlər. Müalicələrinin dünyanın ən müasir xəstəxanalarında almaları üçün dövlət tərəfindən şərait yaradılır.

Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara çox həssas yanaşır. "Yaşat" Fondu yaradılıb. Ölkə Prezidenti bu istiqamətdə dəfələrlə fərman verib. 2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını yenidən qazanan cənab İlham Əliyevin ilk fərmanı  ilə 1991-1997-ci illərdə şəhid olmuş şəxslərin ailələrinə kompensasiya verildi, birdəfəlik ödəmələr təmin edildi. İndi də 1991-1997-ci illərdə əlil olmuş sabiq döyüşçülərə, birinci, ikinci, üçüncü qrup əlillərə birdəfəlik ödəmələr edilir. Bu onu göstərir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə, əlillərə, müharibə iştirakçılarına olan münasibəti davamlıdır, sistemlidir. Bu bir dövlət siyasətidir. Azərbaycan dövləti istər avtomobillərin verilməsində, istər mənzillərin bölünməsində, əlillərin protezlə təminatında, istərsə də  sanatoriya və kurortlara göndərilməsində, şəhid və əlil  övladlarının yay düşərgələrinə cəlb edilməsi istiqamətində, müalicələrinin təşkili sahəsində ardıcıl iş görür. Bu onu göstərir ki, Azərbaycan dövləti sosialyönümlü dövlətdir. Xüsusən müharibə iştirakçılarına fərqli  dövlət qayğısı göstərilir. Bunun nəticəsi olaraq, çox vətənpərvər gənclik yetişib. Yetişmiş gənclik də Vətən müharibəsində özünün nəyə qadir olduğunu göstərdi. Gənclərimiz Azərbaycan tarixinin şərəf salnaməsini öz qanları ilə yazdılar".

Görüşüb söhbət etdiyimiz sabiq döyüşçülər ölkə Prezidentinə göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirdilər. Məmmədov Sahil Ələmdar oğlu əslən Qərbi Azərbaycandandır. 1987-ci ildə SSRİ-nin DİN-nin Ali Siyasi Məktəbini bitirib Ukraynada hərbi qulluqçu kimi xidmətə başlayıb. Ermənilərin Azərbaycana təcavüzü başlayanda - 1992-ci ildə könüllü olaraq Azərbaycana qayıdıb torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşuldu. 1992-ci il iyunun 1-də Zəngilan rayonunun Qazançı kəndində qıçından yaralanıb. Vaxtında tibbi yardım göstərilmədiyi, döyüş mövqeyindən təxliyyə edilmədiyi üçün yarası qanqren verib, sağ qıçı amputasiya olunub. Sahil Məmmədov deyir: "Dövlətimizi hər zaman yanımda gördüm. Bir qıçım olmasa da, DİN-də işlə təmin edildim. Mənə ev də, maşın da verdilər. Çox şükür ki, canımın bir hissəsini qoyduğum o torpaqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi nəticəsində azad olundu. Dövlətimiz heç vaxt bizdən mərhəmətini əsirgəmədi. Prezidentimizin bu humanist addımına görə ona sonsuz təşəkkür edirəm. Səhhətimdə problem yaranmışdı. Bu yardım elə gözəl məqamında verildi ki... fikrimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Müalicə olunacağam, sağlamlığıma qovuşacağam. Buna görə Prezidentimizə minnətdaram.

Söhbəti ikinci qrup əlil, ehtiyatda olan polkovnik-leytenant Şiriyev Aydın Abuzər oğlu ilə davam etdiririk:

- Mən hərbçiyəm. 1992-ci ildə Rusiya Federasiyasının Çita vilayətində xidmət edirdim. Çitada Şuşanın ermənilər tərəfindən işğal xəbərini alıb dərhal vətənə gəldim. O zaman Azərbaycanda Milli Ordu yenicə formalaşırdı. 1993-cü ildə artıq 701 nömrəli hərbi hissənin qərərgah rəisi işləyirdim. Ermənilər Qamışlı kəndi istiqamətindən  Kəlbəcərə hücum edib Qamışlı körpüsünü bağlamaq istəyirdilər. Təsəvvür edin ki, Qamışlı körpüsünü bağlasaydılar, 60 min əhali mühasirədə qalacaqdı. Ermənilər Xocalıdakı faciəni təkrarlayacaqdılar. Bizim Qamışlını müdafiə edən qüvvələrimiz, hətta hərbi hissə komandiri mühasirəyə düşmüşdülər. Döyüş yoldaşlarımızı mühasirədən çıxarmaq üçün xüsusi əməliyyat hazırlayıb hücuma keçdik. Bu əməliyyat zamanı 20 döyüşçümüz şəhid oldu. Mən ağır yaralandım. Amma döyüş yoldaşlarımızı xilas edə bildik. Əhalinin təhlükəsiz çıxışı üçün Qamışlı körpüsünü  nəzarətə götürdük.

Bu illər ərzində dövlət bizə əsl atalıq etdi. Ev, maşın aldım, sonralar işlə təmin olundum. İndi də bu yardım... Çox minnətdaram. Tək mənə yox, bütün Qarabağ döyüşçülərinə, qazilərə, şəhidlərə göstərdiyi diqqətə görə Prezidentimizə təşəkkür edirəm.

Bəbirov Elçin Əhliyyət oğlu Laçın rayonunun Hacılar kəndindəndir. 1992-ci ildən yurdlarından didərgin düşüb, Ağcəbədi rayonu Taxtakörpü adlanan ərazidə məskunlaşıblar. Ali təhsillidir. Hazırda informasiya texnologiyası sahəsində çalışır. 1994-cü ildə Ağdamın Güllücə kəndində yaralanıb. İkinci dərəcəli əlildir.

- Mən bizə göstərdiyi qayğıya görə, hər zaman şəhid, qazi ailələrinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Eyni zamanda əlil dostlarıma müraciət edib xahiş edirəm ki, bu yardımı ya sağlamlıqları üçün xərcləsinlər, ya da özlərinə daimi qazanc gətirən bir iş qursunlar. Kənddə yaşayanlar bu pulla öz təsərrüfatlarını xeyli genişləndirə bilərlər. Şəhərdə yaşayanlar bu vəsait hesabına kiçik də olsa bir sex, emalatxana aça bilərlər... Var olsun Prezidentimiz.

Digər həmsöhbətimiz Abdullayev Əhmədxan Məmmədxan oğlu deyir ki, 1990-cı ildən 1993-cü ilin 14 aprelinə kimi könüllü olaraq döyüşüb. Torpaqlarımızın müdafiəsi uğrunda can qoyub. 1993-cü il aprelin 14-də Şişqaya uğrunda gedən döyüşlərdə yaralanıb. İkinci qrup əlildir:

- Dövlətimə, Prezidentimizə çox minnətdaram. Bu günə kimi bütün qapılar üzümüzə açıq olub. Dövlət mənə 3 otaqlı ev də verib, maşın da. Nə istəmişəm mənə "yox" deyən olmayıb. İndi də bu birdəfəlik yardımı almışam. Çox minnətdaram. Çox vaxtında verilmiş bir qərardır. Prezidetimizə öz adımdan, ailəm adından təşəkkür edirəm. Görün nə qədər yaralı qəlbi sevindirdi.

Babayev Sadiq Rza oğlu İmişli rayonunun Xubyarlı kəndindəndir. Ali təhsillidir. Əvvəllər Bakıda Məişət Kondisionerləri Zavodunda işləyib. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra könüllü olaraq torpaqlarımızın müdafiəsinə qalxıb, Ağdərənin Dronbon, Kasapet, Vəng kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Ağdərədə qəlpə yarası alıb. Sonuncu döyüşü  Sadiqin yaddaşında belə qalıb:

- Tank komandiri idim. Erməni tankını təqib edirdim. Məqsədim tankın zəncirindən vurub onu salamat götürmək idi. Qəfildən komandiri olduğum tankın konveyrı atəş açmadı, xarab oldu. Başımı tankın komandir üçün olan lükundan çıxarıb, arxadan gələn tankımıza işarə verirdim ki, düşmən tankının zəncirindən vursun, tankı sağ ələ keçirək. Bu zaman pusquda duran düşmən mənim tankımı qumbaraatanla vurdu. Üzümdən, kürəyimdən, başımdan ağır qəlpə yarası aldım.

Bu illərdə dövlətimizi həmişə yanımızda gördük. Yaramızı sarıdı, dərdimizə dərman oldu. Bu yardım nə birinci deyil, nə də sonuncu olmayacaq...

Mən Prezidentimizə təkcə  bizə etdiyi bu yardıma görə yox,vaxtilə qanımızı töküb müdafiə edə bilmədiyimiz o torpaqları bizə qaytardığına görə minnətdaram. Dövlətimlə, Prezidentimlə, bu qəhrəman xalqın oğlu olduğuma görə fəxr edirəm.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video