Peşəkar dövlət xadimi, ləyaqətli insan Artur Rasi-zadənin həyat və fəaliyyəti böyük bir məktəbdir. Adi mühəndislikdən ölkənin Baş naziri vəzifəsinədək şərəfli yol keçmiş A.Rasi-zadə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir.
1973-1975-ci illərdə "Azneftsənayemaş" Birliyində baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ" Neft Maşınqayırması ETİ-nin direktoru olmuşdur. 1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-cı illərdə AKP MK-da Maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışmış Artur Rasi-zadə 1992-1994-cü illərdə İqtisadi İslahatlar Fondunda, 1994-cü ildə "DEKA-B" şirkətində, 1994-1996-cı illərdə isə yenə də İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilən A.Rasi-zadə həmin ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust-noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində çalışmış, 2003-cü ilin noyabr ayından 2018-ci il aprelin 21-dək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Ulu Öndər Heydər Əliyev Artur Rasi-zadəni peşəkar, bilikli, prinsipial mövqeyi olan bir insan kimi həmişə yüksək qiymətləndirmişdir. Bu prinsipial mövqe bütün məsələlərdə özünü göstərmişdir. Artur Rasi-zadənin 2003-2018-ci illərdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışdığı dövr ölkə iqtisadiyyatı, ordu quruculuğu, sənaye, kənd təsərrüfatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Onun rəhbərliyi ilə Nazirlər Kabineti Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirmişdir.
Artur Rasi-zadənin fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmişdir. 20 fevral 2025-ci ildə Prezident İlham Əliyev Artur Rasi- zadəni Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif etmişdir. Prezident Artur müəllimi qəbul edərək "Heydər Əliyev" ordenini ona şəxsən təqdim etmişdir. Bundan əlavə, Artur Rasi-zadə Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə "İstiqlal" ordeni (2005-ci il), Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə "Şərəf" ordeni (2010-cu il), Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə "Şöhrət" ordeni (2015-ci il), Belarusun "Xalqlar dostluğu" ordeni (2015-ci il), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2020-ci il), Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan "Fəxri legion" ordeni, keçmiş SSRİ-nin "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
Alicənab, olduqca sadə, sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insan olan Artur Rasi-zadə ölkəsini, xalqını, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliliyi ilə fərqlənən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimidir. O, kadrları seçərkən dövlətçiliyə sədaqətə, biliyə, peşəkarlığa və təcrübəyə üstünlük verərdi. Baş nazir bu keyfiyyətləri ilə Nazirlər Kabineti Aparatında münbit və sağlam mühit yarada bilmişdi.
Artur Rasi-zadə işlədiyi dövrdə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi məsələlərini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayırdı. Keçmiş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində hökumətin üzərinə düşən öhdəliklərin operativ yerinə yetirilməsinə ciddi nəzarət edirdi.
Baş nazirin yanında keçirilən çoxsaylı yüksəksəviyyəli görüşlərdə iştirak edərkən onun nə qədər cəsarətli, prinsipial, xalqını, dövlətini sevdiyinin, əsl Azərbaycan vətəndaşı olmasına dəfələrlə şahidlik etmişəm. Baş nazir tapşırmışdı ki, bir qayda olaraq beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələri ilə keçirilən bütün görüşlərdə Xocalı soyqırımını və xalqımıza qarşı erməni vandalizmini və vəhşiliklərini əks etdirən fotoşəkillər, videoyazılar, mümkün olan bütün sübutlar nümayiş etdirilsin, qonaqlara təqdim olunsun. O, ermənilərin, erməni ordusunun işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşilikləri, azərbaycanlılara verdikləri işgəncələri, doğma yurd-yuvalarından zorla qovulmuş qaçqınların və didərgin düşmüş məcburi köçkünlərin acınacaqlı və dözülməz vəziyyətini qonaqların diqqətinə çatdırarkən çox qətiyyətlə bildirirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz iqtisadi gücümüzü və ölkəmizin müdafiə potensialını gücləndirməklə öz torpaqlarımızı hərbi yolla işğaldan qurtaracaq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyik.
Belə də oldu. 2016-cı ildə başlayan Aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatları nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri gedir, bütün infrastrukturu ilə birlikdə yeni şəhərlər və qəsəbələr salınır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu, Artur Rasi-zadənin ən böyük arzusu idi və nə yaxşı ki, o, bu arzusuna qovuşur.
Artur Rasi-zadə 26 fevral doğum günündə Xocalı faciəsinə görə heç kimə onu təbrik etməyə icazə verməzdi, hətta ailəsinə də. Söz düşmüşkən bildirək ki, Artur Rasi-zadə həm də nümunəvi ailə başçısıdır. Qızı Nailə xanımı, onun ailə üzvlərini tanıyanlar onların necə səmimi, sadə, mehriban insan olduqlarını yaxşı bilirlər.
Artur Rasi-zadə həmişə deyir ki, Ulu Öndər Heydər Əliyevin şagirdidir. Amma bu gün dövlət və hökumət qurumlarında yüksək vəzifə tutan, xalqa və vətənə ləyaqətlə qulluq edənlər arasında Artur müəllimin özünün də şagirdləri az deyil. Sözsüz ki, bu, A.Rasi-zadənin 90 illik həyatında əldə etdiyi ən dəyərli qazancıdır.
Qurban SADIQOV,
Nazirlər Kabinetinin sektor müdiri