05 Iyun 2024 08:15
765
SİYASƏT
A- A+

Dövlətçiliyin xilas məqamı

 

31 il əvvəl süqut ərəfəsində olan müstəqilliyimizi Heydər Əliyevin Qurtuluş missiyası qorudu

 

AXC-Müsavat hakimiyyətinin siyasi səriştəsizliyinin yaratdığı dərin böhranlar 1993-cü ilin ortalarına doğru özünün pik həddinə çatmışdı. Ölkə faktiki olaraq idarə olunmurdu. Mərkəzdənqaçma, dərinləşən siyasi böhran, separatizm meyillərinin yaranması və inkişafı dövlətçiliyimizi və yenicə qazandığımız müstəqilliyimizi məhvə doğru aparırdı. Bütün bunların nəticəsi olaraq cəbhə xəttində hərbi uğursuzluqlar ard-arda davam edirdi.

 

Gəncə hadisələri siyasi böhranın kulminasiya nöqtəsi idi

 

Onsuz da vəziyyətin gərgin olduğu respublikamızda 1993-cü ilin yayında siyasi və hərbi şərait xüsusilə ağırlaşmışdı. Əbülfəz Elçibəy iqtidarı faktiki olaraq hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti tam itirmişdi. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Ölkədə vətəndaş müharibəsi qaçılmaz idi.
Xatırladaq ki, hələ 1993-cü ilin fevralında prezident Ə.Elçibəy keçmiş korpus komandiri S.Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzalamışdı. Mərkəzdənqaçmanın, hakimiyyətsizliyin, iqtidarın dövlət idarəçiliyini tamamilə itirməsinin nəticəsi idi ki, S.Hüseynov bu sərəncamın tələblərinə tabe olmadı. Prezidentin 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncamı da kağız üzərində qaldı. Üstəlik, Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. 
Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi və bununla da ölkədə qardaş qırğınına əsas yaratdı. İyunun əvvəllərində Gəncədə sözügedən hərbi hissə ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. 
Gəncədə baş verənlər AXC-Müsavat qaragüruhunun idarəçilikdə buraxdığı kobud səhvlərin artıq özünün kulminasiya nöqtəsinə çatmasından xəbər verirdi.  Çoxsaylı insan ölümünə səbəb olan bu qardaş qırğını ölkədəki anarxiyanın, xaosun, özbaşınalığın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətinin və AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamının olmamasının məntiqi nəticəsi idi.

 

Antiazərbaycançı qüvvələrin planları alt-üst oldu

 

Bundan sonra S.Hüseynovun tabeçiliyindəki silahlı dəstə Gəncə və ətraf rayonlarda yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladı. Baş verənlər Azərbaycandakı hərbi-siyasi böhranı daha kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi. Həmin faciəvi və iztirablı hadisələr zamanı antiazərbaycançı qüvvələrin fikrincə, Azərbaycan parçalanmalı, dövlətçiliyimiz və müstəqilliyimiz məhv olmalı idi.
Lakin Ulu Öndər Heydər Əliyevin həmin günlərdə Naxçıvandan Bakıya gəlişi antiazərbaycançı qüvvələrin planlarını alt-üst etdi. Vətəninin ağır günündə xalqın istəyi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndərin böyük səyləri və müdrikliyi nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu.
Heydər Əliyev bu hadisələrlə bağlı çıxışlarının birində deyib: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
Güclü siyasətçi, praqmatik lider, müdrik dövlət xadimi kimi Heydər Əliyevin titanik səyləri nəticəsində müstəqilliyin ilk illərində dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bütün fəlakətlərdən qurtarmaq mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev dövlətçiliyimizi və müstəqilliyimizi qorudu, müasir Azərbaycan dövlətinin banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi. Ulu Öndərin siyasi hakimiyyətə gəlişinin ilk rəsmiləşdiyi tarix - iyunun ayının 15-i isə təqvimə Milli Qurtuluş Günü kimi həkk olundu.
31 il əvvəl Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu dövrünü yaşayır. Torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycanın inkişaf və yüksəliş tarixini daha da şərəfləndirdi. Bu tarixi uğurlarımız göstərir ki, Prezident İlham Əliyevin tarixinin ən qüdrətli mərhələsinə yüksəltdiyi Azərbaycan qarşısında dayanan bütün hədəflərə qətiyyətlə çatan dövlətdir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video