12 Yanvar 2022 00:16
304
İQTİSADİYYAT

Dövlət taxılçıya dəstəyini əsirgəmir

 

Qalır taxılçının bunun əvəzini verməsi

 

Son dövrlər aqrar sektora diqqət xeyli artıb. Buna səbəb kənd təsərrüfatı məhsullarına tələbatın yüksəlməsidir. Dünya bazarında da bu növ məhsulların satış qiymətləri artıb. Bu üzdən idxaldan asılılığı azaltmaq üçün yerli istehsalı artırmaq lazımdır. Odur ki, indiki halda ən doğru yol fermerlərə dəstək verilməsini artırmaqdır.

Hazırda taxılçılığın inkişafı xüsusi diqqət mərkəzindədir. Səbəb dünya bazarında ən çox istifadə edilən buğdanın qiymətinin qısa bir zamanda 30-50 faiz bahalaşmasıdır. “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ölkədə taxılçılığın inkişafı və yüksək məhsuldarlığın əldə edilməsi məqsədilə əkin mövsümündə fermerləri tələbata uyğun olaraq lazımi səviyyədə texnika ilə təmin edib.

Cəmiyyət tərəfindən payızlıq əkinlərin düzgün becərilməsi üçün fermerlərin texnika ilə yanaşı, mineral gübrələrlə vaxtında təmin edilməsindən ötrü səyyar xidmət də göstərilib. Belə ki, fermer ehtiyacı olan gübrəni birbaşa sahədə əldə edə bilir. Bu, daşınma xərclərinin azalmasına səbəb olur. Bu da fermerləri qane edir.

İndi bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da texnikadan istifadə etmədən uğur qazanmaq mümkün deyil. Bunun üçün fermerlərə kənd təsərrüfatı texnikası güzəştli şərtlərlə satılır və ya icarəyə verilir. Həmin texnikaların düzgün istifadəsi və texniki baxışı da diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri isə mexaniki nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki nəzarətinin həyata keçirilməsi, həmçinin daşınmaz əmlakın reyestrinin aparılmasıdır. Məqsəd aqrar sektorda istifadə edilən texnikanın imkanlarını müəyyən etmək və lazımi kömək göstərməkdir. Ötən ilin yanvar ayından dekabrın 20-dək 7102 ədəd nəqliyyat vasitəsi ilkin, 9093 ədəd isə təkrar dövlət qeydiyyatına alınıb, yararsız 1379 ədəd nəqliyyat vasitəsi uçotdan çıxarılıb, 47652 nəqliyyat vasitəsinə dövlət texniki baxışı keçirilib.

Fermerlərə dəstək məqsədilə “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ötən ilin payızlıq əkin mövsümündə səyyar satışlar həyata keçirilib. Bu məqsədlə rayon mərkəzindən uzaqda yerləşən kəndlərdəki fermerlərə yerlərdə mineral gübrələrin səyyar satışı təşkil olunub. Beləliklə, fermerlər sərfəli qiymətlərlə tələbata uyğun mineral gübrələrlə təmin edilib. Bu tədbir çərçivəsində 300-ə yaxın kənd və qəsəbədə fəaliyyət göstərən fermerlərin 2 minə yaxını bu xidmət növündən istifadə etmək imkanı qazanıb. Səyyar satışın həyata keçirilməsində məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf edəcəkləri vaxt və əlavə məsrəflərin qarşısını almaqdır. Bu sahədə tətbiq edilən yenilik də fermerlərin işini asanlaşdırıb. Belə ki, indi onlar heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edə bilirlər. Yeni qaydaya görə, aldıqları gübrələrin 100 faiz dəyərini “Fermer kartı” ilə ödəyə bilirlər.

Məlumdur ki, kənd təsərrüfatı riskli sahədir. Ona görə ki, əkin sahələri ən çox  təbii fəlakətlərdən ziyan çəkir. Quraqlıq, güclü külək və leysan yağışlardan daha çox ziyan aqrar sektora dəyir. Bu üzdən kənd təsərrüfatında sığortanın tətbiqi zərurətə çevrilib. Fermerlərin tez-tez qarşılaşdığı bu problemi aradan qaldırmaq məqsədilə Prezident İlham Əliyev 2021-ci il 1 sentyabr tarixində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Həmin sənədə görə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilərin 10 hektardan artıq əkin sahəsinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Dövlət bu sahədə də fermerlərə dəstək göstərir. Belə ki, aqrar sığortanın 50 faizi dövlət tərəfindən ödənilir. Bir hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə 10-12 manat arasında dəyişir. Rəqəmlərdən aydın görünür ki, fermerlərin sığorta üçün ödəyəcəyi məbləğ yüksək deyil. Lakin onlara müxtəlif səbəblər üzündən ziyan dəysə, alacaqları məbləğ dəfələrlə çox olacaq.

Aqrar sektora subsidiyaların verilməsi bu sahədə çalışanlara verilən dövlət dəstəyinin bir formasıdır. İndiki halda taxılçılığın inkişafına verilən dəstək xüsusi əhəmiyyətə malikdir. Belə ki, hazırda ölkənin buğdaya olan tələbatının 53-60 faizə qədəri yerli istehsal hesabına ödənilir. Dünya bazarında buğdanın qiymətinin kəskin bahalaşması yerli istehsalın artırılmasını tələb edir. Bu, ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında önəmli rol oynayan faktordur. Cari ildə buğda və arpa əkən fermerlərə hər hektara görə 210 manat əkin subsidiyası ödəniləcək ki, bu da əkinə çəkilən istehsal xərclərinin önəmli hissəsinin qarşılanması deməkdir. Aqrar sektora verilən dəstək məhsul istehsalında önəmli rol oynayır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 612,1 milyon manat təşkil etmişdir ki, onun da 4 milyard 379,5 milyon manatı bitkiçilik məhsullarının payına düşmüşdür. Ötən il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 milyard 349,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çox dənli-paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,9 min hektar sahədə 1 milyard 885,4 min ton buğda yığılmışdır.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video