Azərbaycan dövləti son illər idarəetmənin bütün sahələrində rəqəmsallaşmanı prioritet istiqamət kimi müəyyən etmişdir. Bu proses təkcə texnologiyanın tətbiqi sahələrinin genişləndirilməsi deyil, eyni zamanda şəffaflığın artırılması, nəzarətin gücləndirilməsi və ictimai etimadın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Həmin istiqamətdə atılan növbəti mühüm addım Prezident İlham Əliyev tərəfindən "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsidir. 2026-cı il 26 yanvar tarixli fərmanla təsdiq edilmiş əsasnamə dövlət maliyyə idarəçiliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sənəd dövlət büdcəsinin formalaşdırılmasından və icrasından tutmuş dövlət borcunun idarə edilməsinə, maliyyə nəzarətindən elektron mühasibat uçotuna qədər geniş spektrli maliyyə proseslərini vahid rəqəmsal platformada birləşdirir. Əsasnamədə göstərildiyi kimi, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) yaradılmasının əsas məqsədi maliyyə sahəsində dövlət idarəetməsinin optimallaşdırılması, analitik imkanların genişləndirilməsi və qərar qəbuletmə prosesinin faktlara əsaslanan, şəffaf və çevik mexanizmə çevrilməsidir.
Müasir dövrdə dövlət maliyyəsinin idarə olunması artıq yalnız ənənəvi hesabatlılıqla kifayətlənə bilməz. Qlobal təcrübə göstərir ki, səmərəli maliyyə idarəçiliyi real vaxt rejimində məlumat axınını, operativ təhlili və risklərin öncədən müəyyən edilməsini tələb edir. RDMİS məhz bu ehtiyacdan irəli gələrək formalaşdırılır. Bu sistem vasitəsilə dövlət büdcəsinin gəlir və xərcləri, dövlət rüsumları, inzibati cərimələr, audit nəticələri, dövlət borcu və digər maliyyə öhdəlikləri, investisiya layihələrinin maliyyələşdirilməsi, dövlət müəssisələrinin maliyyə göstəriciləri və bir sıra digər mühüm indikatorlar vahid platforma üzərindən və real vaxt rejimində izləniləcəkdir. Bu isə maliyyə axınlarının yalnız nəticə mərhələsində deyil, icra prosesinin gedişində nəzarətdə saxlanılmasına imkan verəcəkdir.
RDMİS-in tətbiqi ilk növbədə dövlət vəsaitinin necə, hara və hansı məqsədlə xərcləndiyini aydın göstərən mərkəzləşdirilmiş və rəqəmsal nəzarət mexanizminin formalaşdırılması deməkdir. İndiyədək maliyyə məlumatlarının müxtəlif dövlət qurumları arasında parçalanmış şəkildə saxlanılması, hesabatların fərqli formatlarda hazırlanması və məlumatların gecikmə ilə təqdim olunması maliyyə intizamının təmin edilməsində müəyyən çətinliklər yaradırdı. Yeni sistem bu problemi aradan qaldıraraq məlumatların vahid standartlar əsasında toplanmasını, emal edilməsini və istifadəsini təmin edir. Rəqəmsallaşma həm də hesabatlılıq mədəniyyətinin dəyişməsi deməkdir. Artıq maliyyə göstəriciləri yalnız illik və ya rüblük hesabatlarda deyil, dinamik şəkildə izlənəcəkdir. Bu yanaşma dövlət orqanlarının maliyyə intizamına məsuliyyətini artırmaqla yanaşı, səmərəsiz xərclərin, maliyyə pozuntularının və risklərin vaxtında aşkarlanmasına şərait yaradır. Sistem daxilində formalaşan analitik alətlər maliyyə qərarlarının subyektiv yanaşmalara deyil, obyektiv rəqəmlərə əsaslanmasını təmin edəcək. Digər tərəfdən, RDMİS dövlət maliyyə idarəçiliyində şəffaflıq prinsipinin institusional səviyyədə möhkəmləndirilməsinə xidmət edir. Büdcə prosesində iştirak edən qurumlar üçün məlumatlara çıxışın asanlaşması, göstəricilərin müqayisəli təhlili və nəticələrin vizual formada təqdim olunması idarəetmə keyfiyyətini yüksəldir. Bu isə həm icraçı strukturlar, həm də nəzarət orqanları üçün qərarvermə prosesini daha səmərəli edir.
Bir çox inkişaf etmiş ölkədə dövlət maliyyəsinin rəqəmsallaşdırılması büdcə intizamının gücləndirilməsi, xərclərin səmərəliliyinin artırılması və korrupsiya risklərinin azaldılması baxımından əsas alət kimi çıxış edir. RDMİS məhz bu müasir yanaşmalara uyğun olaraq formalaşdırılıb və Azərbaycan dövlət maliyyə idarəçiliyinin yeni mərhələyə keçidini ifadə edir.
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi yalnız müasir texnoloji həllərin toplusu deyil. Bu sistem ilk növbədə dövlət maliyyə idarəçiliyində yanaşmanın, düşüncə tərzinin və idarəetmə fəlsəfəsinin dəyişməsini ifadə edir. Məqsəd, sadəcə, proseslərin elektronlaşdırılması deyil, maliyyə idarəçiliyinin daha çevik, nəticəyönümlü və vətəndaş mərkəzli modelə keçidini təmin etməkdir.
RDMİS-in əsas fərqləndirici cəhətlərindən biri də onun "mobil prioritetli tərtibat" prinsipi əsasında qurulmasıdır. Bu prinsip müasir dövrdə informasiya texnologiyalarının istifadə vərdişlərinə uyğun olaraq sistemə istənilən məkandan və vaxtdan çıxış imkanı yaradır. Dövlət qulluqçuları, maliyyə nəzarəti orqanları, eləcə də digər istifadəçilər üçün məlumatlara operativ çıxış qərar qəbuletmə prosesinin sürətini və keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda bu yanaşma vətəndaşlar və biznes subyektləri üçün də dövlət maliyyə proseslərinə dolayı deyil, birbaşa və rahat çıxış imkanı yaradır.
İstifadəçi yönümlü yanaşma RDMİS-in əsas fəlsəfi dayaqlarından biridir. Sistem yalnız idarəedici strukturların ehtiyaclarını deyil, eyni zamanda istifadəçilərin rahatlığını, məlumatların anlaşıqlılığını və xidmətlərin əlçatanlığını əsas götürür. Bu isə dövlət-vətəndaş münasibətlərində ənənəvi bürokratik çətinliklərin azalmasına, prosedurların sadələşdirilməsinə və dövlət xidmətlərinə inamın artmasına xidmət edir. Beləliklə, rəqəmsallaşma burada məqsəd deyil, effektiv idarəetməyə aparan vasitə rolunu oynayır.
RDMİS-in texniki infrastrukturu da bu idarəetmə fəlsəfəsinə uyğun şəkildə formalaşdırılıb. Sistem yüksəkötürücülü fiber-optik rabitə kanalları, ehtiyat data mərkəzləri və müasir bulud texnologiyaları əsasında qurulub. Xüsusilə "Hökumət buludu" üzərində yerləşdirilməsi məlumatların mərkəzləşdirilmiş şəkildə saxlanılmasını, onların təhlükəsizliyinin və əlçatanlığının təmin edilməsini mümkün edir. Bu infrastruktur texniki nasazlıqlar, fövqəladə hallar və kənar risklər zamanı belə sistemin fasiləsiz fəaliyyət göstərməsinə şərait yaradır.
Ehtiyat data mərkəzlərinin mövcudluğu və məlumatların müntəzəm ehtiyat nüsxələrinin yaradılması RDMİS-in dayanıqlılığını daha da gücləndirir. Bu yanaşma dövlət maliyyə məlumatlarının qorunmasını strateji prioritet kimi ön plana çıxarır və informasiya təhlükəsizliyinə verilən əhəmiyyəti nümayiş etdirir. Beləliklə, sistem yalnız bu günün deyil, həm də gələcəyin tələblərinə cavab verən davamlı və etibarlı platforma kimi formalaşır.
Əsasnamədə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin strukturuna daxil olan 13 altsistemin konkret şəkildə müəyyən edilməsi bu sənədin ən mühüm və praktik əhəmiyyət kəsb edən cəhətlərindən biridir. Bu altsistemlər təsadüfi seçilməyib - onlar dövlət maliyyəsinin formalaşmasından icrasına, nəzarətindən təhlilinə qədər bütün əsas mərhələləri əhatə edən vahid maliyyə idarəetmə xəritəsi yaradır.
RDMİS-in tərkibində yer alan "Büdcə məlumatlarının idarə edilməsi" altsistemi dövlət və icmal büdcə göstəricilərinin formalaşdırılması, gəlir və xərclərin bölgüsü, büdcə təşkilatlarından məlumatların toplanması və onların təhlili üçün əsas platforma rolunu oynayır. Bu altsistem büdcə planlaşdırılmasının daha əsaslandırılmış və real göstəricilərə söykənən mexanizm üzərində qurulmasına imkan verir. "Dövlət maliyyə nəzarəti" altsistemi dövlət vəsaitinin məqsədli və səmərəli xərclənməsi üzərində nəzarətin gücləndirilməsinə xidmət edir. Büdcə və büdcədənkənar fondların vəsaitləri, dövlət zəmanətli kreditlər, dövlət müəssisələrinin maliyyə resursları bu altsistem vasitəsilə izlənilir və təhlil olunur. Beləliklə, maliyyə nəzarəti epizodik yoxlamalar deyil, davamlı və sistemli proses xarakteri alır.
Dövlət investisiya layihələrinin maliyyələşdirilməsi üzrə altsistem isə iri infrastruktur və sosial layihələrə ayrılan vəsaitlərin icrasını real vaxt rejimində izləməyə imkan verir. Layihələrin maliyyə təminatı, icra mərhələləri və xərclərin uyğunluğu bu altsistem üzərindən monitorinq edilir ki, bu da dövlət investisiyalarının səmərəliliyini artıran mühüm amildir.
"Dövlət borcu və maliyyə öhdəliklərinin idarə olunması" altsistemi dövlətin daxili və xarici borcları, zəmanətlər və digər öhdəliklər barədə məlumatların vahid mərkəzdən idarə edilməsini təmin edir. Bu, borc yükünün real vəziyyətinin operativ qiymətləndirilməsinə və fiskal risklərin öncədən müəyyən edilməsinə şərait yaradır. Dövlət müəssisələrinin rəqəmsal monitorinqi altsistemi dövlətə məxsus və ya dövlət nəzarətində olan hüquqi şəxslərin maliyyə fəaliyyətinin şəffaflığını artırır. Bu altsistem vasitəsilə həmin müəssisələrin gəlir və xərc smetaları, icra göstəriciləri və maliyyə nəticələri mütəmadi olaraq izlənilir və təhlil edilir.
RDMİS-də yer alan e-mühasibat, e-müqavilə, e-rüsum və e-mədaxil altsistemləri dövlət maliyyə əməliyyatlarının gündəlik icrasını tamamilə rəqəmsal müstəviyə keçirir. Mühasibat uçotunun elektron aparılması, dövlət satınalmaları üzrə müqavilələrin elektron bağlanılması, rüsum və mədaxillərin vahid sistemdə uçotu maliyyə əməliyyatlarında şəffaflığı və operativliyi əhəmiyyətli dərəcədə artırır.
Xəzinədarlığın rəqəmsal idarə edilməsi altsistemi dövlət büdcəsinin kassa icrasını, ödənişlərin vaxtında və düzgün aparılmasını, vahid xəzinə hesabının mərkəzləşdirilmiş idarə olunmasını təmin edir. Bu isə dövlət vəsaitinin hərəkətinə real vaxt rejimində nəzarət imkanını genişləndirir. İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış uçotu altsistemi isə tətbiq olunan cərimələrin hesablanması, ödənilməsi və dövlət büdcəsinə yönəldilməsi prosesini şəffaf və izlənilə bilən edir. Bu sahədə məlumatların pərakəndə şəkildə deyil, vahid mərkəzdən idarə olunması maliyyə intizamının gücləndirilməsinə xidmət edir.
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin ən mühüm üstünlüklərindən biri maliyyə proseslərinin real vaxt rejimində monitorinqi və analitik təhlili imkanlarının yaradılmasıdır. Bu yanaşma dövlət maliyyə idarəçiliyində uzun illər mövcud olmuş ənənəvi gecikmiş nəzarət modelindən imtina edərək, operativ və qabaqlayıcı nəzarət mexanizminə keçidi təmin edir. Artıq maliyyə göstəriciləri yalnız hesabat dövrlərinin sonunda deyil, icra prosesinin gedişində izlənilir və qiymətləndirilir. Xüsusilə dövlət investisiya layihələrinin icra vəziyyətinin RDMİS üzərindən izlənilməsi mühüm əhəmiyyət daşıyır. Ayrılan vəsaitlərin hansı mərhələdə, hansı həcmdə və hansı istiqamətlər üzrə istifadə edildiyi sistemdə aydın əks olunur. Layihələrin icrasında yaranan gecikmələr, planlaşdırılmış göstəricilərlə faktiki icra arasındakı fərqlər, eləcə də potensial maliyyə riskləri dərhal görünən hala gəlir. Bu isə məsul qurumlara vaxtında müdaxilə etmək, qərarları gecikdirmədən qəbul etmək və səmərəsiz xərclərin qarşısını almaq imkanı yaradır. Real vaxt nəzarəti maliyyə intizamının gücləndirilməsində həlledici rol oynayır. Dövlət vəsaitinin hərəkəti üzərində fasiləsiz nəzarət mexanizmi formalaşdıqca maliyyə pozuntularının gizli qalması və ya sonradan aşkar edilməsi ehtimalı minimuma enir. Nəticədə dövlət xərclərinin icrası daha məsuliyyətli və şəffaf xarakter alır, büdcə vəsaitindən istifadədə səmərəlilik yüksəlir.
RDMİS eyni zamanda dövlət müəssisələrinin maliyyə fəaliyyətinin şəffaflığını artırır. Həmin müəssisələrin gəlir və xərc göstəriciləri, maliyyə nəticələri və icra vəziyyəti rüblük əsaslarla sistem üzərindən izlənilir. Gəlir və xərc smetalarının icrası üzrə təhlillər avtomatik aparılır, kənarlaşmalar və risklər analitik alətlər vasitəsilə ön plana çıxarılır. Bu yanaşma dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarəti gücləndirməklə yanaşı, onların fəaliyyətinin daha məsuliyyətli və nəticəyönümlü şəkildə qurulmasına stimul yaradır. Şəffaflıq RDMİS-in əsas fəlsəfi dayaqlarından biridir. Maliyyə məlumatlarının mərkəzləşdirilmiş və standartlaşdırılmış formada toplanması, emal edilməsi və təqdim olunması qərarverici şəxslər üçün aydın və müqayisə edilə bilən mənzərə yaradır. Bu isə maliyyə siyasətinin formalaşdırılmasında intuitiv yanaşmaların deyil, dəqiq məlumatlara əsaslanan rasional qərarların üstünlük təşkil etməsinə şərait yaradır.
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin Əsasnaməsində RDMİS-in Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasına xüsusi yer ayrılması dövlət idarəçiliyində vətəndaş mərkəzli yanaşmanın gücləndirildiyini göstərir. Bu inteqrasiya dövlət maliyyə sahəsində göstərilən elektron xidmətlərin vahid platforma üzərindən əlaqələndirilmiş və ardıcıl şəkildə təqdim olunmasına imkan yaradır. Yeni sistem çərçivəsində dövlət qurumları, hüquqi şəxslər və fiziki şəxslər RDMİS-ə "Vahid giriş" mexanizmi vasitəsilə daxil olacaq, onlara avtomatik olaraq yaradılan elektron kabinetlər üzərindən maliyyə xidmətlərindən istifadə edəcəklər. Elektron kabinetlər vasitəsilə müraciətlərin göndərilməsi, sənədlərin təqdim edilməsi, dövlət rüsumlarının və digər ödənişlərin həyata keçirilməsi tamamilə rəqəmsal müstəvidə baş tutacaqdır. Bu isə dövlət xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, proseslərin şəffaflığını və izlənilə bilənliyini də artırır.
"Bir pəncərə" prinsipi RDMİS-in tətbiqi ilə dövlət maliyyə xidmətlərində praktik məzmun qazanır. Əvvəllər müxtəlif qurumlara müraciət etməyi, ayrı-ayrı platformalarda qeydiyyatdan keçməyi və çoxsaylı sənədlər təqdim etməyi tələb edən prosedurlar artıq vahid sistem üzərindən həyata keçiriləcəkdir. Bu yanaşma vətəndaşların və biznes subyektlərinin vaxt itkisini minimuma endirir, inzibati prosedurları sadələşdirir və dövlət xidmətlərinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda elektron xidmətlərin geniş tətbiqi korrupsiya risklərinin azaldılmasında mühüm rol oynayır. İnsan amilinin minimuma endirilməsi, qərarların avtomatlaşdırılmış sistemlər üzərindən qəbul edilməsi və bütün əməliyyatların elektron izinin qalması şəffaflığı gücləndirir və sui-istifadə hallarının qarşısını alır. Bu isə vətəndaş-dövlət münasibətlərində etimadın möhkəmlənməsinə xidmət edir.
RDMİS çərçivəsində təqdim olunan elektron xidmətlər yalnız rahatlıq amili ilə məhdudlaşmır. Sistem istifadəçi davranışlarını və müraciətlərin dinamikasını təhlil etməklə xidmətlərin keyfiyyətinin daim təkmilləşdirilməsinə də imkan yaradır. Beləliklə, "bir pəncərə" prinsipi dövlət maliyyə idarəçiliyində həm səmərəliliyi, həm də ictimai məmnunluğu artıran funksional mexanizmə çevrilir. Dövlət maliyyəsinin rəqəmsallaşdırılması təkcə rahatlıq və operativlik deyil, eyni zamanda yüksəksəviyyəli təhlükəsizlik tələb edir. Məhz bu səbəbdən "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin təhlükəsizliyi məsələsi əsasnamədə ayrıca və geniş şəkildə tənzimlənir. Burada əsas prinsip ondan ibarətdir ki, maliyyə məlumatlarının qorunması texniki detal deyil, milli təhlükəsizliyin tərkib hissəsi kimi dəyərləndirilir.
Əsasnaməyə uyğun olaraq, RDMİS-in informasiya təhlükəsizliyinin təmin edilməsində Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyət nəzərdə tutulur. Bu koordinasiya kibertəhlükələrin qarşısının alınması, məlumatların icazəsiz müdaxilədən qorunması və sistemin dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sistemdə mümkün təhlükəsizlik insidentləri ilə bağlı məlumatların operativ şəkildə ötürülməsi və dərhal reaksiya mexanizmlərinin işə salınması xüsusi olaraq vurğulanır. Bu o deməkdir ki, hər hansı texniki nasazlıq, kiberhücum və ya məlumat təhlükəsizliyinə risk yaradan hal baş verdikdə, məsul qurumlar vaxt itirmədən müdaxilə edə biləcəkdir. Belə çevik yanaşma RDMİS-in fasiləsiz fəaliyyətini təmin etməklə yanaşı, dövlət maliyyə məlumatlarının etibarlılığını da qoruyur.
Təhlükəsizlik məsələsi yalnız texniki infrastrukturla məhdudlaşmır. Əsasnamədə sistemin idarəetmə və məsuliyyət arxitekturası da aydın şəkildə müəyyən olunmuşdur. Sənəddə RDMİS-in sahibi, operatoru, iştirakçıları və istifadəçiləri üçün konkret hüquq və vəzifələr təsbit edilmişdir. Bu yanaşma "məsuliyyətin yayılması" problemini aradan qaldıraraq, hər bir proses üzrə konkret cavabdeh subyektin müəyyən edilməsinə imkan verir.
Sistemin sahibi onun ümumi fəaliyyətinə və strateji inkişafına cavabdehdirsə, operator texniki istismar, məlumatların işlənməsi və sistemin fasiləsiz fəaliyyətinin təmin olunmasına məsuliyyət daşıyır. İştirakçılar və istifadəçilər isə öz səlahiyyətləri çərçivəsində məlumatların düzgünlüyünə, vaxtında təqdim edilməsinə və təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdehdirlər. Beləliklə, RDMİS-də hər bir əməliyyatın "sahib"i və cavabdehi aydın şəkildə müəyyən olunur. Bu məsuliyyət bölgüsü dövlət maliyyə idarəçiliyində yeni yanaşmanın formalaşmasına xidmət edir. Artıq sistem daxilində baş verən hər hansı pozuntu və ya uyğunsuzluq ümumi mexanizmin üzərində deyil, konkret struktur və ya istifadəçi səviyyəsində qiymətləndirilir. Bu isə maliyyə intizamını gücləndirməklə yanaşı, idarəetmədə şəffaflığı və hesabatlılığı artırır.
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə bir daha göstərir ki, Azərbaycan dövlət maliyyə idarəçiliyində qlobal trendlərə uyğun, müasir və dayanıqlı inkişaf modelini ardıcıl şəkildə formalaşdırır. Bu model klassik büdcə idarəetməsindən kənara çıxaraq rəqəmsal texnologiyaların imkanlarını strateji idarəetmə fəlsəfəsi ilə birləşdirir. Nəticədə maliyyə siyasəti yalnız xərclərin uçotu deyil, resursların səmərəli planlaşdırılması və nəticəyə yönəlmiş idarə olunması müstəvisinə keçir. Yeni yanaşma büdcə intizamının gücləndirilməsi ilə yanaşı, ictimai nəzarətin də institusional əsaslarını möhkəmləndirir. Dövlət vəsaitinin necə formalaşması, hansı istiqamətlərə yönəldilməsi və hansı nəticələr verdiyi artıq qapalı hesabatlarda deyil, rəqəmsal mühitdə sistemli şəkildə izlənilir. Bu isə cəmiyyət üçün dövlət maliyyəsinə münasibətdə daha yüksək etimad mühiti yaradır və şəffaflığı real mexanizmə çevirir.
Prezidentin "Rəqəmsal dövlət maliyyəsi" sistemi ilə bağlı qəbul etdiyi bu qərar maliyyə sahəsində aparılan islahatların təsadüfi deyil, ardıcıl, planlı və sistemli xarakter daşıdığını bir daha təsdiqləyir. Bu qərar göstərir ki, dövlət maliyyə idarəçiliyi qısamüddətli texniki yeniliklərlə deyil, uzunmüddətli strateji baxışla formalaşdırılır. RDMİS bu baxışın praktik ifadəsi kimi çıxış edir və onun tətbiqi dövlət vəsaitinin hər manatının izlənildiyi, analiz edildiyi və hesabatlılığın təmin olunduğu rəqəmsal maliyyə ekosisteminin əsasını qoyur. Bu ekosistem maliyyə axınlarını pərakəndə mexanizmlərdən xilas edərək vahid, qarşılıqlı əlaqəli və nəzarət olunan sistemdə birləşdirir. Beləliklə, maliyyə qərarları daha əsaslandırılmış, xərclər daha məqsədyönlü, risklər isə daha erkən mərhələdə görünən hala gəlir.
Beləliklə, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tətbiqi Azərbaycan dövlət maliyyə idarəçiliyində yalnız texniki yenilənmə deyil, idarəetmənin mahiyyətcə dəyişməsi deməkdir. Bu sistem dövlət vəsaitinin hərəkətini pərakəndə mexanizmlərdən çıxararaq vahid, şəffaf və məsuliyyətli rəqəmsal müstəviyə daşıyır. Artıq maliyyə prosesləri gecikmiş hesabatlarla deyil, real vaxt rejimində nəzarət və analitika əsasında idarə olunur. Prezidentin bu istiqamətdə verdiyi qərar göstərir ki, maliyyə sahəsində aparılan islahatlar təsadüfi və epizodik deyil, strateji baxışa əsaslanan ardıcıl dövlət siyasətidir. RDMİS büdcə intizamını möhkəmləndirməklə yanaşı, ictimai nəzarəti genişləndirir, korrupsiya risklərini azaldır və iqtisadi qərarların keyfiyyətini yüksəldir. Ən önəmlisi isə budur ki, bu sistem dövlət maliyyəsinin idarə olunmasında yeni mədəniyyət formalaşdırır.
Şəffaflıq, hesabatlılıq və rəqəmsal intizam artıq kağız üzərində qalan anlayışlar deyil, gündəlik idarəetmə praktikasıdır. Dövlət qurumları üçün bu, daha yüksək məsuliyyət deməkdirsə, vətəndaşlar üçün dövlət vəsaitinin taleyi ilə bağlı aydınlıq və inam deməkdir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan dövlət maliyyəsinin idarə olunmasında rəqəmsal formatda şəffaflıq və sistemli nəzarət dövrünə qətiyyətlə daxil olub. Bu yol təkcə bugünkü çağırışlara cavab vermir, həm də gələcək nəsillər üçün daha dayanıqlı, səmərəli və güclü dövlət maliyyə idarəçiliyinin möhkəm təməlini yaradır.
Amal HƏSƏNLİ,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru