05 Mart 2024 08:40
10869
CƏMİYYƏT
A- A+

Doğrudanmı biz bu qədər kasıbıq?!

 

Bu il Zəfər müharibəsinin dörd ili tamam olacaq!
* Dördüncü ildir ki, otuzillik işğala son qoymuşuq!
* Dördüncü ildir ki, qalib xalq, qalib dövlət adını fəxrlə daşıyırıq!
* Dördüncü ildir ki, "məcburi köçkün" adını tarixin arxivinə verərək "qəhrəman vətəndaş" statusunu qazanmışıq!
Alnımız açıq, üzümüz ağ, dilimiz uzun, milli mənliyini geri qaytarmış xalqıq!
Bütün bunlara Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə nail olmuşuq!
* Bütün dünya 44 günlük Zəfər müharibəsini XXI əsrin müharibələr tarixində  yeni səhifə kimi qəbul edib.
* Bütün dünya 44 günlük Zəfər müharibəsini "nümunəvi" müharibə hesab edərək  Azərbaycanın tətbiq etdiyi strategiya və taktikanı öyrənir, nəticə çıxararaq öz ordularında  islahatlar aparır.
Başqa sözlə, bizdən güclülər və imkanlılar həvəslə bizdən öyrənir, yeniliklərimizi tətbiq edirlər.
* Bütün dünya 44 günlük Zəfər müharibəsində keçilməz cığırlardan keçərək,  sıldırım qayalara dırmaşaraq, çiyinlərində ağır yük daşıyaraq, ağır artilleriyanın, zirehli texnikanın, PUA-ların imkanlarından bəhrələnmədən, demək olar ki, yalın əllə  Şuşa kimi qala şəhərini alan xüsusi təyinatlılarımızın qeyri-adi igidliyini və rəşadətini qəbul edir və heyrətini gizlətmir!
44 günlük Zəfər müharibəsinin müəllifi və sərkərdəsinin, qələbələrimizin  təşkilatçısının cənab İlham Əliyev, zəfərimizin təminatçılarının qəhrəman əsgər və zabitlərimizin, şəhid və qazilərimizin olduğunu hamı etiraf və qəbul edir!
* İlham Əliyev hazırda fəaliyyətdə olan dövlət başçıları sırasında yeganə Ali Baş Komandandır ki, ləyaqətli müharibə aparmaqla tam və qəti qələbə qazanıb!
* İlham Əliyev beş əsrlik Azərbaycan tarixinin yeganə sərkərdəsidir ki, itirilmiş torpaqları geri qaytarıb!
* İlham Əliyev iki əsrlik "Qarabağ problemi"ni müharibə yolu ilə həll edən  yeganə sərkərdədir!
* İlham Əliyev yeganə dövlət başçısıdır ki, separatizmin kökünü kəsməyi, öz ərazisini separatçılardan  büsbütün təmizləməyi bacardı, onun modelini yaratdı!
Həm də mülki əhaliyə, mülki obyektlərə heç bir  tələfat və zərər yetirmədən!
Bu gün Azərbaycan ərazisində cəmi 6 separatçı qalıb ki, onlar da məlum yerdə  "çay içirlər".

Son iki əsr ərzində dünyanın heç bir yerində heç bir dövlət başçısı, ordusu və xalqı belə möhtəşəm zəfər çalmayıb!
Bunu tək biz yox, hamı bilir və qəbul edir!

***
Torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü və  suverenliyimizi tam bərpa edərək  mümkün olmayanı gerçəkliyə çevirmişik!
Amma ötən üç-dörd ildə bu möhtəşəm Zəfərin, qəhrəman sərkərdə və oğullarımızın  şücaətini, igidliyini, qeyrət və mərdliyini əks etdirən bədii əsər, bədii film yaradıb ortaya qoymamışıq.
Qəribədir, həyatda olanlar bədii əsərlərdə və filmlərdə yoxdur!
Televiziya kanalları çoxsaylı verilişlər, sənədli filmlər, dəyərsiz seriallar, müxtəlif kompozisiyalar hazırlayaraq (kefiyyətdən danışmırıq) nümayiş etdirirlər.
Adətən, belə çəkilişlərin ömrü ekranda göstərildiyi müddət qədər olur.
Telearxivin necə "qorunduğuna" isə sovet dövrü arxivlərinin saxlanılmasında şahid olduq.
Ermənilərin Cənubi Qafqaza köçürülməsinin 150 illiyindən bəhs edən  telefilmlərin və digər çəkilişlərin başına elə daş salmışlar ki, biri də tapılmayıb!
İndiyədək qəzetlərdə söhbət açılan mövzularda müxtəlif yazılar və materiallar getsə də, artıq qəzetlərin özlərini də "tarixin arxivi"nə verməyə hazırlaşırıq.
Bunlar da qəzetlərlə birlikdə yoxa çıxacaqdır!

Qalır bədii əsərlər və kino çəkilişləri.
***
Tarix, adətən, sənədlərdə, arxivlərdə qorunub saxlanılır.
Müasir dövrdə, gündəlik həyatda isə bədii əsərlərdə, kino lentlərində yaşayır.

Tarixin gerçəkdə yaşadılmasının, yaddaşlara həkk olunmasının ən yaxşı və sınanmış yolu hadisələri əks etdirən bədii əsərlərin  yaradılması, maraqlı ssenarilər yazılaraq bədii filmlərin çəkilməsidir.
Yazıçı  tarixi hadisəni, faktı yaratdığı insan  obrazlarında təsvir etməklə,  ətə-qana gətirməklə sevdirməyi və yaşatmağı bacarır.
Bədii filmlər yaddaqalan qəhrəman surətləri yaratmaqla, emosional və gərgin səhnələr  çəkməklə  beynimizə və  yaddaşımıza uzunmüddətli təsir göstərir.
Bütün bunlar hisslərimizə təsir edir, qəlbimizdə özünə yer tapır, hafizəmizə həmişəlik həkk olunur.
Həm də bir yox, sonrakı nəsillərin də  sevgi və yaddaşına çevrilir!
Bədii əsərlərin və kinofilmlərin əlçatanlığı rahat, ömürləri uzun, auditoriyaları çox geniş olur!
Hər il bir neçə dəfə faciəli günlərimizi və  fəlakətli  tarixlərimizi qeyd edirik.
"Fəryad"  və "Dolu"  filmləri vasitəsilə yaddaşları təzələyirik.

Hər iki film işğal məşəqqətlərindən və məğlub olduğumuz müharibədən bəhs edir.
Bəs qalibiyyətimizi nə vaxt bədii əsərlərdə və filmlərdə görəcəyik?
Yeri gəlmişkən xatırladıram ki, yazıçı Aqil Abbas "Dolu"nun ikinci hissəsini, hətta yeni filmin ssenarisini yazdığını bildirir.
Bəs nəyi gözləyirik?
Yazanımız və  çəkənimiz yoxdur, yoxsa pulumuz?!
***
Yazıçı, dramaturq, ssenarist  sarıdan müəyyən çətinliklər yaşanır.
Bunun I Qarabağ müharibəsində şahidi olduq!
Qələm sahibləri əvvəlcə bir neçə povest, roman, dram əsərləri yazsalar da, sonra başımızın altına yastıq qoydular ki, "əsl sənət əsərləri müharibədən bir qədər keçdikdən sonra yaranacaqdır!"
Müharibədən nəinki bir qədər, hətta bir müharibə də keçdi!
Amma hələ də "şedevr"lər yoxdur!

Yazıçılarımızın "köhnələr"i qocalıb, cavan qələm sahiblərinin isə iddiaları  istedadlarından çox-çox yekədir!
Hər şey istəsələr də, hələ ki ortalığa bir şey qoya bilməyiblər...
Zaman isə gedir...

Amma heç də ümidsiz deyilik!
Həm də görünür onları ətalətdən qurtararaq  hərəkətə gətirmək üçün aidiyyəti dövlət qurumlarının özləri də ətalətdən qurtulmalıdırlar.
Nəyi nəzərdə tuturuq?
***
Bəzən elə məsələlərdə laqeyidlik, soyuqqanlılıq və biganəlik göstəririk ki, sağlam ağıla sığışdırmaq çətinlik törədir.
Bütün paslı qıfılları açan ən universal açar "iqtisadi açar"dır!
Hər işin uğurunun da  əsas təminatçısı maddi vəsaitdir.

Heç cürə anlamaq olmur - nə üçün müvafiq nazirliklər, komitələr, qurumlar artıq problemə çevrilmiş bu məsələ ilə məşğul olmur, onun həllinə vəsait  "tapmırlar"?
Yazıçı, ssenarist yazmırsa, yazmaq istəmirsə, hər il böyük məbləğdə mükafat ayırmaqla müsabiqələr keçirmək olmazmı?!
Qoy bir il, iki il zəif əsərlər yazılsın, qoy mükafat o qədər də uğurlu olmayan  ssenarilərə verilsin...
Nə olar,  sonda istədiyimizə nail ola bilərik.
Əgər özümüz çəkə bilmiriksə, yaxşı ssenari, rejissor, lap olsun aktyor yoxdursa, onda "Hollivud"a sifariş verib Zəfərimiz barədə dünyaya səs salan film  çəkdirə bilmərikmi?!
* Axı hər şey pulun başındadır!
* Axı bir çox ölkə bu yol ilə gedərək böyük uğur qazanıb!
* Axı bu Zəfərə çatmaq üçün uzun illər ərzində  milyardlarla pul xərcləmişik!
Gəlin bir qədərini də onun tərənnümünə sərf edək də!
Dünya dağılar?!
Kasıb düşərik?!

Azərbaycan möhtəşəm qələbəsi ilə dünyada yenidən tanındı və yüksəldi, yeni imic sahibi oldu!
Gəlin bu imicimizi daha da zənginləşdirək də!
Bu, xəsislik ediləsi məsələ deyil axı!
* Xocalı, Qaradağlı, Başlıbel soyqırımları baş verdi, onlarla qoca, qadın, uşaq qətlə yetirildi; 
* 20-25 il ərzində minlərlə insan çadır şəhərciklərində, yataqxanalarda, ictimai binalarda ən ağır şəraitdə yaşadı;
* Dörd minədək insan itkin düşdü, analar illərlə yol gözləyərək övladlarının öldü-qaldısından xəbər tuta bilmədilər; 
* Mülki əhaliyə qarşı olmazın vəhşiliklər törədildi, bu gün də yeni-yeni kütləvi  məzarlıqlar aşkara çıxarılmaqdadır;
* Düşmən bir milyondan çox "ölüm toxumu" səpərək, mina tələləri  quraraq yüzlərlə mülki insanın ölümünə, əlilliyinə bais olur, hələ indiyədək də  həqiqi mina xəritəsini təqdim etmir.
Niyə bunları bədii əsərlərə və filmlərə çevirib dünyaya  təqdim etmirik?!
Yaxud başqa bir misal.
 "Azərbaycan"  qəzeti  bir yaradıcı kollektiv olaraq müstəqil dövlətimizin inkişafı, iqtisadi, siyasi, mədəni-mənəvi uğurları ilə bağlı 20-dən çox kitab nəşr etdirmişdir.
Ən uğurlu kitabımız isə  (qeyri-təvazökarlıq olmasın)  "Heydər Əliyev mənim həyatımda"  ikicildliyi  olmuşdur.

Qeyd edək ki, indiyədək  Ulu Öndərimizin Azərbaycana rəhbərliyinin hər iki dövrü ilə bağlı  siyasi və quruculuq  istiqamətli  saysız-hesabsız  kitablar yazılmış və bundan sonra da yazılacaqdır!
Lakin onun xeyirxah insan kimi böyüklüyünü əks etdirən, ən çətin anlarında  adamlara arxa durub kömək edən, cavanları  oxutduran, sonra  vəzifə pillələri ilə  irəlilədən, ağır xəstəliyə düçar olmuş insanları  müalicə etdirərək ömrünü uzadan, əmək adamının zəhmətini qiymətləndirən, onları mənzillə, fərdi təqaüdlə təmin edən saysız-hesabsız  addımları olmuşdur.
İkicildlikdə  belə insanların minnətdarlığını əks etdirən xatirələr toplanmış, Ulu Öndərimizin bir insan kimi xeyirxah  obrazı  çoxsaylı  yazılarla təsvir olunmuşdur.
Bu gün yenidən elə bir kitabı ərsəyə  gətirmək istəsək, artıq mümkün deyil!
Çünki  xatirə müəlliflərinin bir çoxu - Ulu Öndər Heydər Əliyevlə orta məktəbdə birgə oxumuş uşaqlıq dövrünün yaxın dostları Zərqələm xanım, Füruzə xanım,  Dövlət  müəllim və başqaları artıq həyatda yoxdurlar.

"Heydər Əliyev  mənim həyatımda"  kitabının rus, ingilis, ərəb dillərində nəşr olunması üçün  iki mötəbər quruma və nazirliyə müraciət etdik.
Çünki özümüzün buna imkanımız  çatmırdı.
Söz verənlər olsa da, əməli işi  görmədik!
Buna nə ad qoyaq, indiyədək tapa bilməmişik!

***
Erməni özünə yalançı tarix yazır,  qondarma  "soyqırım"ları  düzəldir, hamını ona inandıra bilir.
Biz isə olanları, etdiklərimizi və bizə edilənləri ortaya çıxarmağı  bacarmırıq!!!
Heç olmasa bədii əsərlərdə və kino  lentlərində.
Həm də hadisələr  o qədər təzə-tərdir ki, bütün dünyanın gözü qarşısında baş verib, nə sənədə ehtiyac var, nə də arxivlərə müraciət etməyə.
Bəs çatmayan nədir, niyə özümüzə, bu gün yaranan  tariximizə, xalqın qəhrəmanlığının gələcək nəsillərə  çatdırılmasına bu qədər biganəyik?
Axı bu yolda iki dəfə  Vətən müharibəsi aparmış,  birlikdə  23 mindən çox şəhid vermişik, minlərlə qazilərimiz var.

Heç olmasa onların xatirinə bir addım ataq!
Bəlkə pulumuz yoxdur, tarixinin ən qüdrətli  dövlətini yaradan Azərbaycanda tarixi əbədiləşdirməyə vəsait tapılmır?
Kim buna inanar?

Belə çıxır ki, bu barədə də göstərişi  yalnız Prezident verməlidir?
Bəs bizim vətəndaş mövqeyimiz?
Bəs bizim vətənpərvərliyimiz?
Bəs bizim  vəzifə borcumuz, məmur məsuliyyətimiz?
Axı bunlar  edilməlidir və kimlərsə bu işlərlə məşğul olmalıdır!
Daha səbir etdik, gözlədik, yetər!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video