27 May 2023 10:25
754
SİYASƏT
A- A+

“Deyəsən, bu yara ürəyimdə həmişəlik qalacaq!”

 

"Admiral Naximov" gəmisi qəzaya uğrayan zaman həlak olmuş yüzlərlə insanın cəsədi evlərinə göndərilməzdən əvvəl hökumət komissiyasının sədri Əliyev dedi 

 

Tezliklə o, infarkt keçirdi

 

Keçmiş Ukrayna KP MK-nın katibi Yakov Poqrebnyak ötən günləri belə xatırlayır:
- 1977-ci ildə Kiyevə, Ukraynada sovet hakimiyyəti qurulmasının 60 illiyi münasibətilə keçirilən şənliklərə gəlmiş Azərbaycan nümayəndə heyətinə respublika KP MK-nın birinci katibi Heydər Əliyev başçılıq edirdi. UKP MK-nın katibi kimi mən azərbaycanlı yoldaşlara təhkim olunmuşdum. 
Azərbaycan nümayəndə heyəti Roza Lüksemburq küçəsindəki mülkdə  qalırdı. Həyat yoldaşımla şam yeməyinə dəvət olunduq. Təbii ki, süfrədə Ukrayna xörəkləri üstünlük təşkil edirdi. Heydər Əliyev süfrədəki naz-neməti nəzərdən keçirərək dedi: "Ukraynalılar, hər halda, yaxşı yeməklər bişirirlər!"
Mən isə Azərbaycandan gətirilmiş Şərq şirniyyatına və konyaka diqqət yetirdim. 
Heydər Əliyev ünsiyyətdə sadəliyi, səmimiliyi ilə fərqlənsə də, yaxası  açıq olmazdı. Əksinə, pencəyi həmişə düyməli  idi -  vaxtilə orqanlarda işləməsi özünü göstərirdi. 
Əliyev Ukraynaya xanımı ilə gəlmişdi. Heydər Əliyeviç tibb elmləri doktoru olan həyat yoldaşı ilə fəxr edirdi. O, ərindən geri qalmırdı. Yeri gəlmişkən, digər respublikaların liderlərindən fərqli olaraq, Əliyevlər rusca, demək olar, ləhcəsiz danışırdılar. Ukrayna haqqında, liderimiz Vladimir Şerbitski barədə çoxlu xoş sözlər söylənildi. Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin çıxışlarında Heydər Əliyevin özünün ünvanına tərifli sözlər səsləndi. Əslinə qalsa, tərifli sözlərin bir qismi haqlı idi -  Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın ictimai, siyasi və işgüzar həyatı canlanmışdı. 

 

Əliyevin Moskvaya gətirilməsi haqqında Andropovun qərarı gözlənilməz oldu

 

Biz üç ildən sonra, 1980-ci ildə Bakıda görüşdük. Ukrayna nümayəndə heyəti Azərbaycan SSR-in yaradılmasının 60 illiyinin bayram edilməsi şənliklərinə gəlmişdi. Mən Azərbaycana ilk dəfə gəlmişdim və Xəzər dənizindəki neft platformasına ekskursiya bütün ömrüm boyu yaddaşımda qaldı. Burada neftçilər bizi mehribanlıqla qarşıladılar və Azərbaycan çörəyinə, bir qədəh konyaka və kişmişə qonaq etdilər. Azərbaycan-Ukrayna dostluğu şərəfinə yenicə badə qaldırmışdıq ki, güclü külək bizim olduğumuz buruğu sanki taxta parçası kimi yırğalamağa başladı. Belə qeyri-adi vəziyyətə düşəndə hətta bir az qorxduq. Sahilə çatanadək bir fikir başımızdan çıxmırdı: "Təki Xəzərin dibinə qərq olmayaq..."
Respublika sarayında keçirilən təntənəli mərasimdə bütün sovet respublikalarının birinci şəxsləri iştirak edirdi (Ukraynanı respublika Ali Soveti Rəyasət Heyətinin sədri Aleksey Vatçenko və mən - MK katibi təmsil edirdik). Təkcə Sov.İKP MK-nın Baş katibi gəlməmişdi, o, xəstə idi. Lakin iclasın əvvəlində Heydər Əliyevi səhnə arxasına çağırdılar. O, beş dəqiqədən sonra qayıdıb dedi: "Leonid İliç Brejnev zəng vurmuşdu. Yubiley münasibətilə bizi təbrik etdi".
Heydər Əliyev 1982-ci ildə, Baş katibin vəfatından sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Yuri Andropovun bu addımı çoxları üçün gözlənilməz oldu, lakin Azərbaycanın sabiq lideri özünün işgüzar keyfiyyətləri ilə hökumət rəhbərliyinə uyğun gəldi. Nəqliyyat, ticarət və məişət xidməti məsələləri onun səlahiyyətinə daxil idi. Məsələn, Əliyev Baykal-Amur magistralının tikintisini başa çatdırmaq üçün çox qüvvə sərf etdi. O vaxt belə hesab olunurdu ki, Çin sərhədindən yan keçən dəmir yolu Vladivostokadək məsafəni xeyli qısaldacaqdır. 
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi 1986-cı ilin avqustunda "Admiral Naximov" gəmisinin Novorossiysk yaxınlığında qəzaya uğraması nəticəsində zərər çəkənlərə yardım göstərilməsi üzrə hökumət komissiyasına başçılıq edirdi. Mən Ukrayna qrupunun rəhbəri idim. Hər iki gəmi - "Admiral Naximov" və "Pyotr Vasev" Qara Dəniz Gəmiçiliyi İdarəsinə aid olduğuna, həlak olmuş 423 nəfərin isə 280-i ukraynalı olduğuna görə cəsədlərin tanınması, evlərinə göndərilməsi və ailələrə maddi yardım göstərilməsi işlərinin əsas ağırlığı bizim qrupun üzərinə düşürdü. 
Mən Novorossiysk hava limanında Heydər Əliyevi qarşılayanda o dedi: "Bugünkü görüşümüz heç də yaxşı görüş deyil!"
Günün işıqlı vaxtlarında Qara dəniz xilasediciləri, Baltik dənizindən və Xəzərdən köməyə gəlmiş həmkarları meyitləri sudan çıxarırdılar. Həlak olanların şəxsiyyəti müəyyənləşdirildikdən sonra onların cəsədləri yola salınmaq üçün dəmiryol terminalına gətirilirdi. Əliyevlə birlikdə biz, əslində, hər gün bu terminalda olurduq. Heydər Əliyeviç ölənlərin sayını və əslən haralı olduqlarını dəqiqləşdirirdi. Gözlərimiz qarşısında cəsədləri geyindirir və refrijeratorlara yığırdılar.  
Suda boğulanların sifəti qorxudan əyilmişdi, çoxlarının saçları çəngə-çəngə qopmuşdu. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qəmgin-qəmgin gəzinir və tez-tez də təkrar edirdi: "Deyəsən, bu yara ürəyimdə həmişəlik qalacaq!" Doğrudan da, tezliklə o, infarkt keçirdi. 
Əvvəllər, onun rəhbərliyi ilə Azərbaycanda işlər yaxşı gedəndə, ovqatı yaxşı olurdu, tez-tez zarafat edirdi. Moskvaya gələndən sonra isə Heydər Əliyevin üzündəki təbəssüm azaldı. Paytaxtda Qorbaçovla münasibətləri düz gəlmirdi -  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini siyasi islahatların sürətləndirilməsini təqdir etmirdi. Bundan əlavə, Novorossiysk faciəsindən bir il əvvəl həyat yoldaşını itirmişdi. Heydər Əliyev onu böyük ehtiramla xatırlayırdı: "O mənim əsl dostum idi. Mən ən əziz adamımı itirdim!" Ailə bədbəxtliyi və işlə bağlı qayğılarla yanaşı, "Naximov" gəmisinin faciəsi də onun çiyninə düşdü. Əliyev bu faciəni ürəyinə saldı.
Heydər Əliyev başda olmaqla komissiya hər gün saat 18.00-da şəhər sovetinin klubunda axtarışların gedişi barədə həlak olanların qohum-qardaşlarına məlumat verirdi. "Naximov"un batması xəbəri televiziya ilə veriləndə ilk günlər Novorossiysk şəhərinə gəmidə həlak olanların 300-ə yaxın qohum-əqrəbası gəlmişdi, dördüncü gün isə onların sayı 900-ə çatmışdı. Xilas edilənlərin də  adamları gəlmişdi. 
Sualtı axtarışların üçüncü günü dalğıclardan biri həlak oldu, gəminin qırıqlarından biri onun oksigen şlanqını deşmişdi. Bundan sonra Heydər Əliyev gözləri yaşarmış halda həlak olanların qohum-qardaşlarına axtarış işlərinin dayandırıldığını elan etdi.
Biz Heydər Əliyevlə salona, hönkürtü ilə ağlayan adamların yanına gəldik. Buradakıların yarısı əzizlərinin həlak olduqlarını bilirdi. Möcüzəyə ümid qalmamışdı. Heydər Əliyev ağlayan bir qadına yaxınlaşdı, onu qucaqlayıb öpdü. Sonra isə xalasının yanında dayanmış 15 yaşlı bir oğlana yaxınlaşdı: onun valideynləri həlak olmuşdu. Heydər Əliyeviç oğlanı qucaqlayıb astadan dedi: "Başımıza belə bir iş gəldi. Biz əlimizdən gələni edəcəyik ki, sən ali məktəbi bitirəsən, sənə təqaüd təyin edəcəyik..."
... "Admiral Naximov" teploxodunda axtarış işləri 50 metr dərinlikdə işləyən 10 dalğıcın ikincisi həlak olana qədər davam etdirildi. Səbəb elə həminki idi: gəminin qırıntıları oksigen şlanqını kəsmişdi. Bu faciəni ürəyinə salan  Heydər Əliyev sınıxmış vəziyyətdə Moskvaya yola düşdü. O öz səlahiyyətlərini mənə verərək dedi: "İnsanların dərdini mümkün qədər azaltmaq üçün əlinizdən gələni edin!" 
Şəxsi keyfiyyətləri və vətəndaş mövqeyi sayəsində Heydər Əliyevə  istər Sovet Azərbaycanında, istərsə də ölkə müstəqillik əldə etdikdən sonra  ehtiyac var idi. Dəqiq bilirəm ki, o, MK-da işləyərkən axşam saat 10-dan tez evə getmirdi. Respublika MK-nın birinci katibi işlədiyi illərdə o, demək olar ki, bütün kəndlərdə və zavod kollektivlərində olmuşdu. Milli incəsənəti qiymətləndirir, Azərbaycan opera teatrının bütün ilk tamaşalarında olurdu. Müslüm Maqomayevə həyat vəsiqəsi vermişdi. Azərbaycan dilinin mükəmməl surətdə tədris olunmasında təkid edirdi. Bununla da, sözsüz ki, xalqının məhəbbətini qazanmışdı.
1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hərc-mərclikdən sonra Heydər Əliyevə yenidən ehtiyac yarandı. Partiya rəhbəri kimi yox, hamı tərəfindən qəbul edilmiş milli lider kimi.

5 may 2006-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video