Dahi şairin ilmələnmiş dünyası
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə əlaqədar dövlət başçısı cənab İlham Əliyev sərəncam imzaladıqdan sonra keçirilən tədbirlər silsilə xarakteri alıb. Belə tədbirlərdən biri də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyində keçirildi. "Xalçalarda Nizami dünyası" adı altında keçirilən yubiley-sərgidə Nizami obrazları və şairin əsərlərindəki motivlərin əks olunduğu xalçalar, metal və çini qablar nümayiş etdirildi.
Qədim Gəncə torpağında dünyaya göz açan Nizami Gəncəvinin yaradıcılığı, tədbirdə xüsusi olaraq qeyd edildiyi kimi, Şərq incəsənətinin inkişafında mühüm rol oynayıb, dünya xalqlarının dilinə çevrilib. Təsadüfi deyil ki, "Xəmsə"si ilə bir çox sirlər xəzinəsini açmış Nizaminin əsərlərinin əlyazma nüsxələri Bakı, İstanbul, Daşkənd, Təbriz, Tehran, İskəndəriyyə, Moskva, Sankt-Peterburq, Dehli, London, Paris və s. mədəniyyət mərkəzlərinin məşhur kitabxana, muzey və əlyazmalar fondlarında nadir incilər sırasında qorunub saxlanılır.
Sərgidə şairin yaradıcılığına bir daha müxtəlif sənət əsərləri nümunələri vasitəsilə baxılıb. Poemalarında xüsusən xalçaçılıq sənətinə, saraylar bəzəyən xalça təsvirlərinə geniş yer verilib. "İsgəndərnamə"nin "Şərəfnamə" hissəsində İsgəndərin Bərdəyə, Nüşabənin yanına, "Xosrov və Şirin"də Xosrovun Şirinin qəsrinə getməsi səhnəsində müxtəlif xalça növlərindən olan məfrəşin, "Yeddi gözəl" əsərində isə heybənin təsviri təqdim olunub. Nizami Gəncəvinin dəyərli əsərlərində - poema və qəzəllərində onun xalqın adət-ənənəsinə, məişətinə, xüsusən, xalçaçılıq sənətinə dərin hörmət bəslədiyinin, qiymətləndirdiyinin şahidi olursan. Azərbaycan sənətkarları da bu mənəvi qidadan bəhrələnərək bir-birindən gözəl miniatürlər, xalçalar yaradıblar.
Muzeyin direktoru Röya Tağıyeva tədbirdə çıxış edərək bildirib ki, Nizami poeziyasının özünəməxsusluğu Təbriz, Şiraz, İsfahan kimi miniatür məktəblərini sanki yenidən özünə qaytarıb. Təsadüfi deyil ki, Şərq təsviri sənətinin ən parlaq nailiyyətləri Təbriz sənətkarlarının Nizami poemalarının süjeti əsasında yaratdıqları miniatürlər olub.
Sərgidə "Dilənçi qadının Məcnunu Leylinin qapısına aparması", "Bəhramgur və Fitnə ovda" Təbriz miniatürlərinin fotosurəti də nümayiş etdirilib.
Miniatürlərlə yanaşı, Nizami obrazları dünya şöhrətli, qədim süjetli Azərbaycan xalçalarında mühüm yer tutur. Şairin əsərlərinin gözəllik, ədalət və xoşbəxtlik uğrunda ölməz mübarizə ideyaları xalça sənətini də dolğunlaşdırıb.
Onu da qeyd edək ki, Azərbaycan xalçaçıları məhəbbətin uğursuz faciəsini əsas "Ağaclı" kompozisiyalı xalçalarda verirlər. Sərgidə nümayiş etdirilən bu tipli nümunələr də olduqca maraq doğurub. "Leyli və Məcnun"un motivləri əsasında toxunmuş xalçaların sərgidə daha geniş yer alması təsadüfi deyildir. Nümunə kimi sərgidə nümayiş etdirilən 1918-ci ildə Şuşada toxunmuş "Leyli və Məcnun"u göstərmək olar.
Qədim Qarabağın xalça ustaları da Nizami yaradıcılığına, o cümlədən "Leyli və Məcnun" əsərinə müraciət edərək süjet xətti bir-birindən maraqlı olan kompozisiyalar yaradıblar. Onlar bu kompozisiyalara nikbin əhval-ruhiyyə qataraq bəşəriyyətin ən ülvi duyğuları olan məhəbbət hissini ön plana çəkib inam ruhunu bərpa ediblər. Qarabağ xalçaçıları öz əsərlərini işləyərkən əsas olaraq, xoşbəxtlik simvolu kimi qırmızı rəngi seçiblər.
Sərgidə bir daha təsdiqlənib ki, əsrlərdən-əsrlərə ötürülən Nizami obrazları xalçalarda daim yaşayır. Heç də təsadüfi deyil ki, görkəmli sənətkarlar Lətif Kərimovla Kamil Əliyev də yaradıcılıqlarında Nizami obrazına, şairin poetik dünyasına dəfələrlə müraciət ediblər. Bu sənətkarların ustalıqları nəticəsində yaranan əsərlərdə obrazlar əzəmətli və möhtəşəm görünür.
Xalq rəssamı Mikayıl Abdullayev yaradıcılığı boyu Nizami irsinə müraciət edib. O, dahi şairlə bağlı bir sıra əsərlərin müəllifi kimi yaddaşlara yazılıb. Bakı şəhərindəki "Nizami" metrostansiyasının divarlarında Nizaminin məşhur obrazlarının mozaika üsulu ilə işlənmiş nümunələrinin müəllifi də məhz Mikayıl Abdullayevdir. Nizaminin qələmlə işləndiyi obrazlar xalq tətbiqi sənət nümunələrinin, demək olar ki, əksəriyyətində öz əksini tapır. Misgərlik nümunələrində, saxsı qablar üzərində və tikmələrdəki Nizamilər xalq məhəbbətinin təsviridir. Bununla, onlar öz əsərlərinə eyni zamanda ölməzlik, əbədilik bəxş edirlər. Nizami poeziyasının zəngin xəzinəsindən bəhrələnən sənət xadimlərinin yaratdıqları əsərlər şairin ölməz obrazlarının əbədi həyatının parlaq səhifələri kimi oxunur və yaddaşlara həkk etdirilir. Bu isə təkcə xalqın deyil, onun sənətkarlarının şairin ölməz ruhuna əbədi ehtiramının göstəricisidir.
Nizami yaradıcılığına təkcə Azərbaycan xalçaçıları, rəssam və nəqqaşları deyil, dünyanın tanınmış məşhur sənətkarları da müraciət ediblər.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!