03 Aprel 2024 09:15
2915
Səhiyyə
A- A+

COVID-19 insanın ömrünün uzanmasına mənfi təsir edib

 

Bir göz qırpımında dünyaya dəhşətli bəla kimi yayılan koronavirus pandemiyası ilə bağlı epidemioloji vəziyyət qənaətbəxş olsa da, xəstəliyin fəsadları bitmək bilmir. Görünən odur ki, milyonlarla insanın ölümünə səbəb olan COVID-19-un adını hələ uzun müddət unutmayacağıq.
COVID-19-la bağlı tədqiqatlar həm aktiv və sağalmış xəstələr üzərində, həm də həyatını itirmiş şəxslərdə patoloji-anatomik müayinələrlə həyata keçirilir. Belə araşdırmalardan biri də ABŞ-nin Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutu (IHME) tərəfindən koronavirusun orqanizmə fəsadları ilə bağlı aparılıb. Araşdırmanın təfərrüatları "The Lancet" jurnalında dərc olunub.
Tədqiqatçılar COVID-19-un insanın ömür uzunluğunu 1,5 il qısaltdığını müəyyən ediblər. Qeyd etmək lazımdır ki, gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığını göstərən statistik ölçüdür.  Tədqiqat rəhbəri Ostin E.Şumaxer bildirib ki, pandemiya böyüklərə daha çox təsir edib. Bu vəziyyət isə yeni patogenlərin potensial dağıdıcı təsirlərini ortaya qoyub.
2019-2021-ci illəri əhatə edən tədqiqat nəticələrinə görə, 195 ölkənin sakinlərinin 84 faizində həyat qısalması müşahidə edilib. Ən böyük azalma Şərqi Avropa, Mərkəzi Asiya və Latın Amerikasında baş verib. ABŞ-də isə bu göstərici 1,8 il olub. Mütəxəssislər bildirirlər ki, pandemiya nəticəsində səhiyyə xidmətlərinə çıxışın azalması və xroniki xəstəliklərin müalicəsində gecikmələr kimi amillər də insan ömrünün qısalmasına səbəb olub.
İHME-nin direktoru Kristofer Murray qeyd edib ki, pandemiyanın təsirlərini və fəsadlarını tam başa düşmək üçün vaxta ehtiyac var. Bu araşdırma göstərir ki, COVID-19 qlobal sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərib. Mütəxəssisin sözlərinə görə, araşdırmanın nəticələri göstərir ki, epidemiya təkcə kəskin sağlamlıq böhranı deyil, həm də uzunmüddətli sağlamlıq nəticələrinə malikdir.
Amerikalı tədqiqatçılar insanların hansı səbəbdən uzun müddət COVID-19 virusundan əziyyət çəkdiyini izah edən araşdırma da aparıblar. Məlum olub ki, koronavirusun izləri xəstələrin qanında və toxumalarında bir ildən, bəzi hallarda isə iki ildən çox qala bilir. Koronavirusa yoluxan bəzi insanlar zaman keçdikcə yorğunluq, beyin dumanlanması, qan-damar və həzm problemləri kimi davamlı simptomlardan əziyyət çəkirlər. Alimlər bu vəziyyəti "uzun COVID" adlandırıblar.
San-Fransisko Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Maykl Pelusonun rəhbərlik etdiyi komanda tədqiqatın nəticələrini təqdim edib. Onlar infeksiyaya yoluxduqdan 14 ay sonra qanda, iki il sonra isə toxuma nümunələrində həssaslığı yüksək olan testlər vasitəsilə COVID-19 antigenləri kimi tanınan virus hissələrini aşkarlayıblar.
Universitetin tədqiqatına COVID-19-a yoluxmuş 171 şəxs qatılıb. Alimlər virusun insan hüceyrələrinə daxilolma prosesinə diqqət yetirərək onların bəzi xəstələrin orqanizmində gözlənildiyindən daha uzun müddət qaldığını müəyyənləşdiriblər. Komanda həmçinin toxuma nümunələrini tədqiq edərək, infeksiyadan iki il sonra da virusun izlərini tapıblar. Bu səbəbdən koronavirus xəstələrində uzun-müddətli simptomlar müşahidə olunur.
Tədqiqatçılar bu faktın insan ömrünün qısalmasına təsir edə biləcəyini qeyd edirlər. Maykl Peluso və komandası hazırda antiviral dərmanlarla müalicələrin virus qalıqlarını bədəndən təmizləməyə və uzunmüddətli simptomlarını yüngülləşdirməyə kömək edə biləcəyini yoxlamaq üçün klinik sınaqlar aparır.
Mütəxəssislər bildirirlər ki, bundan sonra COVID-19 virusu artıq hamımızın adi qəbul etdiyi qrip kimi həyatımızda olacaq. Onlar virusdan qorunma yollarının dəyişməz olaraq qaldığını vurğulayıblar. Buna görə də epidemioloji vəziyyətin qəlizləşməməsi üçün ehtiyat tədbirlərini də əldən verməməyi, sanitar-gigiyenik qaydalara riayət etməyi tövsiyə ediblər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video