Kəlbəcər... 27 il dağların sinəsinə sığınıb dumanın qucağında yuxuya gedən yurd yeri. Hər axşam və hər səhər burada qayalar dilə gəlir, çayların və bulaqların səsi isə keçmişdən nağıl pıçıldayır. Bu torpaq təkcə yurd yeri deyil, yarımçıq qalmış nəğmələrin, sinəsi dağlı insanların göyə ucalan dualarının məkanıdır. Kəlbəcərə gedən yolların hər döngəsi bir həsrətin parçasıdır. Uca dağlar o həsrəti illərlə qorumuş, qayaların çatında gizlətmişdi - ta o zamana kimi... küləklər sovurduğu tozun altından Vətənin itirilmiş ümidini geri gətirdi.
Bu gün azad Kəlbəcərin səhərləri başqa cür açılır. Günəş yavaşca doğur, yellər yumşaq danışır, sular pıçıldayır. İnsan qəribə bir sakitlik tapır bu torpaqda. O, insanı təkcə gözəlliyi ilə deyil, keçmişin acısını daşıyan ucalığı ilə də qarşılayır. Bu gözəl yurdun 27 illik zaman kəsiyi susqun bir dastandır. Hər meşə kölgəsində, dağ yamacında öz hekayəsini pıçıldayır, insan isə yalnız qulaq asır və ruhunu bu tarixlə, bu səssizliklə bəsləyir. Amma səssizliyin içində "yurd salmış" keçmişin harayı, ötənlərin ağrı-acısı hələ də dağların qoynunda əks-səda verir. Daşların altında, bulaqların gözündə acı həsrət gizlənib. Kəlbəcər o həsrəti illərlə qoruyub, saxlayıb və gözləyib ki, qayıdanlar onu qucaqlasın, ruhunu paylaşsın.
Bu yurda qayıdanların 27 illik taleyinə işğalın kədəri, ağrı-acısı həkk olundu. 1993-cü il aprelin 2-də Kəlbəcər erməni işğalçılarının basqını ilə üz-üzə qaldı, şəhər və kəndlər boşaldıldı, insanların taleyi yurd ayrılığının və torpaq həsrətinin qoynuna sığındı. Minlərlə kəlbəcərli öz isti ocağından uzaq düşdü, doğma evlərini tərk etməyə məcbur qaldı və "məcburi köçkün" statusu ilə sınağa çəkildi. İşğal illərində Kəlbəcərin memarlıq və tarixi abidələri, mədəniyyət obyektləri və infrastrukturu ciddi ziyan gördü. Məktəblər, kitabxanalar, mədəniyyət evləri dağıdıldı, mənzillər talan edildi.
"Human Rights Watch"ın hesabatına görə, Kəlbəcərə hücum zamanı Ermənistan silahlı qüvvələri bir çox müharibə qaydasını pozub, əhaliyə amansızcasına atəş açıb və çoxlu sayda mülki insanı girov götürüb. 1993-cü ilin aprelində BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kəlbəcər rayonundan çıxarılmasını tələb edən 822 saylı qətnaməni qəbul edib. 2000-ci illərin əvvəllərindən etibarən şəhərə əslən Aşağı Ağcakənd və Gülüstan kəndlərindən olan etnik ermənilər köçürülüb, Kəlbəcəri Ermənistanla birləşdirən yeni avtomobil yolu çəkilib. 1993-cü ilin qiymətlərinə görə, Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon manatlıq ziyan vurulub. İşğal nəticəsində rayondan 53340 insan qovulub, dinc əhalinin 511-i öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
Bu rəqəmlər sadəcə statistika deyil, hərəsi bir ömrün, bir ailənin yarasıdır. Amma zaman keçdikcə həmin yaralar ümidin işığı altında qaysaqlandı. Nəhayət, 2020-ci ilin noyabrından sonra illərlə içimizdə qövr edən ağrılar və yaralar yavaş-yavaş sağalmağa başladı. Dağlar yenidən nəfəs aldı, küləklər doğma yurda tanış səslər gətirdi. Qayıdışın ilk addımları hələ utancaq olsa da, torpaq onları qucaqlayaraq bağrına basdı. Çiçəklər bir anda illərin həsrətinə son qoyub gül açdı. İndi o yerlərin səssizliyində yalnız kədər deyil, həm də dirçələn iradənin, yenidən qurulan bir ümidin səsi eşidilir. İtkilər və ağır nəticələr Kəlbəcərin taleyində dərin izlər buraxsa da, torpaq beş ildir azadlığın sevincini yaşayır. İşğalın acıları ilə yoğrulan bu torpaq illər sonra öz haqqına qovuşdu. Üç ay əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, 32 ildən sonra buraya ilk köçən sakinlərlə görüşərək, onlara mənzillərin açarlarını təqdim etdi.
Təbii sərvətləri, zəngin torpaq və su ehtiyatları Kəlbəcərin ağır sənaye, "yaşıl energetika", ekoturizm və aqrar sahələrdə inkişafı üçün nadir imkanlar yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu il avqustun 21-də rayonun sakinləri ilə görüşündə Kəlbəcərin İsveçrə modelinə uyğun yüksəkkeyfiyyətli yaşayış məskəninə çevriləcəyini vurğulayıb: "Siz neçə il əziyyət içində yaşamısınız. Ona görə sizin üçün ən gözəl şərait yaradılmalıdır. Bu da İsveçrə layihəsidir. İsveçrədəki şəhərlərə tam uyğundur. Bəli, həm memarlıq, həm də daxildəki dizayn baxımından. Bilirsiniz, İsveçrə dünyada insanın həyat keyfiyyətinə görə birinci yerdədir. Ona görə biz Kəlbəcər üçün bunu seçmişik". Dövlət başçısının sözləri təbii ki, təsəlli deyil, gələcəyə çəkilmiş aydın bir yol xəritəsi, "İsveçrə modeli" bənzətməsi isə Kəlbəcərin qarşısına qoyulan yüksək hədəfin adıdır.
Kəlbəcərin bərpası təkcə bununla bitmir ki! 2026-cı ilə qədər bərpa planlarında 15 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulub. Kəlbəcərin baş planı hazırlanıb: gələcəkdə burada yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai mərkəzlər inşa olunacaq. Dağların ətəyində yeni turizm məkanları yaranır, milli parklar və istirahət zonaları illərin həsrətini pıçıldayır: "nəhayət, geri döndünüz". Kənd təsərrüfatı, heyvandarlıq və digər sahələr oyanışın bir parçası kimi insanlara ümid bəxş edir. Çöldə əkilən toxum, dağların ətəyində otlayan sürü elə bil illərin yarasını sarıyan bir möcüzədir. Yenidən doğulan bu dirçəliş Kəlbəcərin qəlbində yalnız iqtisadi inkişaf deyil, bərpaolunan bir həyatın, doğma yurdun yenidən cana gələn döyüntüsü kimi eşidilir. Burada infrastruktur layihələri prioritetdir. "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su- elektrik stansiyaları bərpa olunub və yarımstansiya tikilərək regionun enerji təchizatı yaxşılaşdırılıb.
Bu gün dağların qoynunda yeni yollar çəkilir, müasir binalar ucalır, sabahın rahat və təhlükəsiz həyatı addım-addım formalaşır. İsveçrəyə xas səliqə və estetika indi Azərbaycanın öz qarlı zirvələri arasında canlanır. Saf bulaqlar, termal sular, zəngin təbiət və təmiz hava buranı sağlam həyat üçün ideal bir məkan edir. Yeni şəhərsalma layihələri, yaşayış kompleksləri, məktəblər, enerji və yol infrastrukturu bu idealın canlı ifadəsidir. MDB ölkələri arasında böyüklüyü ilə birinci yerdə olan Murovdağ tuneli, ekoloji dayanıqlı stansiyalar və "İstisu" kimi sağlamlıq ocağı Kəlbəcərin yeni dövrünü əks etdirir.
İndi Kəlbəcərə "xatirələrin və gələcəyin evi" də deyə bilərik. Hər yol, hər bina, hər açılan pəncərə bir ömrün, bir həsrətin gerçəkləşən dualarıdır. Kəlbəcər dirçələn yurdun, yenidən doğan arzuların və ümidlərin məkanıdır. Bu gün - noyabrın 25-i Kəlbəcər şəhər günü kimi qeyd olunur. Bu, həm tarixdir, həm də qayıdışın, bərpanın və ümidin bayramıdır. Bayramın mübarək, doğma Kəlbəcər!
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"