Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkənin beynəlxalq əməkdaşlığa və dayanıqlı şəhər inkişafına verdiyi önəmi nümayiş etdirir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Cənubi Afrika Respublikasının insan məskunlaşması naziri Thembi Simelane deyib. Nazir bildirib ki, WUF13 müxtəlif ölkələrin hökumətlərini və tərəfdaş qurumlarını bir araya gətirərək təcrübə mübadiləsi üçün mühüm platforma yaradır.
“Azərbaycanın bu tədbiri təşkil etməsi böyük məsuliyyət və maliyyə tələb edir. Bu, ölkənin qlobal əməkdaşlığa sadiqliyini göstərir”, - deyə Thembi Simelane vurğulayıb.
Müsahibimiz Bakıda müşahidə etdiyi inkişaf proseslərini də yüksək qiymətləndirib: “WUF13 Azərbaycanın əldə etdiyi uğurları nümayiş etdirmək üçün mühüm imkan yaradıb. Şəhərdə təmizlik, infrastrukturun inkişafı və insanların rahat fəaliyyəti diqqəti cəlb edir. Bu, ilk baxışda kiçik görünə bilər, amma əslində çox böyük göstəricidir”.
Nazir bildirib ki, Azərbaycanın şəhər idarəçiliyi və yaşayış məskənlərinin təşkili sahəsində təcrübəsi digər ölkələr üçün maraq doğurur.
“WUF13 çərçivəsində Azərbaycanın qeyri-formal yaşayış məntəqələrinin necə tənzimləndiyi, insanların rifahı üçün hansı yanaşmaların tətbiq olunduğu və problemlərin maliyyələşdirilməsi mexanizmləri ilə bağlı təcrübəsini öyrənmək imkanı yaranır”, - deyə o qeyd edib.
CAR rəsmisi Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq imkanlarının geniş olduğunu da vurğulayıb.
“BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) platforması çərçivəsində Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Bu əlaqələr yalnız forum sessiyaları ilə məhdudlaşmır, gündəlik əməkdaşlıq üçün də yeni imkanlar yaradır”, - deyə Thembisile Simelane fikrini yekunlaşdırıb.