Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu qlobal nəqliyyat-tranzit qovşağın səmərəli həlqəsinə çevriləcək
Böyük tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələrin icra prosesi sürətlə davam edir. Prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdir.
Azərbaycan bu dəhliz üzərindəki hava xəttindən artıq demək olar ki, çoxdan istifadə edir. İndi əsas məsələ quru yolla - dəmir yolu xəttinin və avtomobil yolunun istifadəyə verilməsidir.
Bu istiqamətdə də 2 layihə reallaşdırılır - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu.
8 stansiya, 3 tunel, 41 körpü...
Bu layihələrlə Azərbaycan ilk növbədə 10 noyabr bəyanatına sadiqliyini dünyaya nümayiş etdirir. Həmçinin Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi ilə regionda yeni reallıqların, ermənilərin də yararlanacağı iqtisadi inkişafın təməllərini qoyur. Müzəffər Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasəti ilə sadəcə iki ölkənin deyil, regionda marağı olan başqa ölkələrin də iqtisadi imkanlarına müsbət təsir göstərəcək layihəni reallaşdırır.
Ümumi uzunluğu 110,4 kilometr və 8 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd) ibarət olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti gələn il istismara veriləcək. İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının zəruriliyi haqqında deyib ki, dəmir yolunun inşası sürətlə aparılır və 2023-cü ildə layihə tam başa çatacaq.
Ümumiyyətlə, dəhlizin bir parçası olan dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin böyük hissəsi tamamlanıb. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasını təmin edəcək. Ümumiyyətlə isə, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır.
Dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcək. Eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər. Eyni zamanda Azərbaycan və Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmir yolu xətti də olacaq. Ən önəmlisi isə, bu dəmir yolu xətti gələcəkdə Azərbaycandan keçməklə Cənubi Avropa ilə Asiyanı birləşdirən layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə gedir
Ötən il oktyabr ayının 26-da İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə təməlini qoyduğu Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi də sürətlə davam edir.
Uuzunluğu 123,6 km olan bu yol 4-6 hərəkət zolaqlıdır. Tikinti işlərinin 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 km-lik hissəsinin 6, qalan 46,6 km-lik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edir.
Avtomobil Yolları Dövlət Agentliyindən qəzetimizə verilən məlumata görə, yolboyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Uzunluğu 1019 metr təşkil edən T1 tuneli üzrə artıq qazma işləri yekunlaşıb, hazırda beton işləri icra olunur. Uzunluğu 1810 metr təşkil edən T2 tuneli üzrə 450 metr, uzunluğu 3171 metr təşkil edən T3 tunelinin isə 500 metr hissəsində qazma işləri aparılıb. Hazırda sözügedən tunellərdə qazma işləri partlatma və qırıcı üsulları ilə davam etdirilir. Eyni zamanda qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması həyata keçirilir.
Yol boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub ki, bu çərçivədə hazırda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır. Suların ötürülməsini təmin etmək məqsədilə layihə üzrə 306 dairəvi boru və 120 düzbucaqlı su keçidlərinin inşası yekunlaşıb. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 60 ehtiyat keçidindən 15 keçidin inşası bitib, 6 keçidin tikintisi isə davam edir.
Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri də icra edilir. Belə ki, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri, paralel olaraq asfalt örtüyünün tikintisi həyata keçirilir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Bir sözlə, bu dəhlizin reallaşması ilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, qərblə şərq, şimalla cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişaf etdirilməsi sayəsində ölkəmizin siyasi və iqtisadi qüdrətinin dəfələrlə artmasına real potensial formalaşacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"