Prezident İlham Əliyevin ABŞ-də bu şirkətin rəhbəri ilə görüşündə iqtisadiyyatın digər sahələrində də əlaqələrin qurulmasından danışıldı
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində işgüzar səfərdə olarkən dünyaşöhrətli bir sıra şirkətlərin rəhbərləri ilə görüşüb. Əslində, bu bir ənənədir. Dövlətimizin başçısı xarici səfərlərində ayrı-ayrı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir. Bu da ölkəmizin hərtərəfli inkişafına, o cümlədən iqtisadi əlaqələrin şaxələnməsinə böyük dəstək verir.
Önəmli amillərdən biri də odur ki, həmin görüşlər bir qayda olaraq qarşı tərəfin müraciəti ilə baş tutur. Bu isə Azərbaycana olan maraqdan, dövlətimizin başçısına bəslənən hörmətdən qaynaqlanır. Nyu Yorkda da belə oldu. Prezident İlham Əliyev burada qarşı tərəfin müraciəti əsasında dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management"in baş icraçı direktoru Brüs Flətt ilə də görüşdü.
Brüs Flətt iki il əvvəl Azərbaycanda səfərdə olub. Odur ki, Prezidentimizlə görüş zamanı o vaxt ölkəmizdə müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını xatırladı. Eləcə də rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğuladı.
Prezident İlham Əliyev ölkəmizlə "Brookfield Asset Management" arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirdi və bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını qeyd etdi. Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Qeyd etmək yerinə düşər ki, baş ofisi Kanadanın Toronto şəhərində yerləşən "Brookfield Asset Management" qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda "Brookfield"in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon dollardan çoxdur. Şirkətin yaşı isə artıq 125-i ötüb. O, Nyu York, London, Sidney, Dubay, San-Paulo, Mumbay, Şanxay və dünyanın digər əsas maliyyə mərkəzlərində təmsil olunub.
"Brookfield" bütün qitələri əhatə edən 30-dan çox ölkədə fərqli sektorlarda 2500-dən çox aktiv investisiyaları idarə edir. Şirkətə investisiya edən 2000-ə yaxın institusional investor arasında nüfuzlu suveren fondlar, milli pensiya fondları, sığorta şirkətləri və digər idarəetmə şirkətləri var. Çoxillik uğurlu investisiya tarixinə malik "Brookfield" böyükmiqyaslı kapitala sahib olmasının yaratdığı imkanlar, ixitisaslaşmış əməliyyat bacarığı, qlobal əhatəsi və əlaqələri sayəsində həm institusional qurumların, həm də fiziki şəxslərin vəsait yatırdığı platformalara çevrilib.
"Brookfield" şirkəti regionlar üzrə yüksək səviyyədə diversifikasiya edilmiş portfelə sahibdir. Şirkət 550 milyard dollar dəyərində ABŞ-də, 230 milyard dollar dəyərində Avropa və Orta Şərqdə, 152 milyard dollar dəyərində Asiya Sakit Okean Hövzəsində, 66 milyard dollar dəyərində Kanadada və 61 milyard dollar dəyərində Cənubi Amerikada aktivləri idarə edir. Sektorlar üzrə isə idarə etdiyi investisiyalar belədir: 332 milyard dollar dəyərində kredit, 278 milyard dollar dəyərində daşınmaz əmlak, 222 milyard dollar dəyərində infrastruktur, 150 milyard dollar dəyərində özəl səhm və 137 milyard dollar dəyərində alternativ enerji investisiyaları.
Keçən əsrin sonuncu ilindən üzü bəri "Brookfield" mövcud olan hidroenerji portfelindən istifadə edərək qlobal miqyasda bərpaolunan enerji sahəsində fəaliyyətini genişləndirir. 2017-ci ildən dünyanın ən böyük bərpaolunan alternativ enerji operatorlarından biri kimi tanınır. Bu sahədə "Brookfield" 43 qiqavat işlək enerji və 227 qiqavat həcminə sahib fiber boru xəttinə malikdir. Qeyd edək ki, bu rəqəm Hindistanın hazırkı elektrik gücündən çoxdur, dünyadakı ümumi bərpaolunan enerji gücünün isə təxminən 5 faizinə bərabərdir. Başqa sözlə, "Brookfield" dünyanın ən böyük "yaşıl enerji" oyunçularından biridir.
"Brookfield" həmçinin bərpa-olunan enerji sahəsində dünyanın aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq edir. Belə ki, 2026-2030-cu illərdə "Microsoft"a 10,5 qiqavatlıq yeni bərpaolunan enerji təmin etmək barədə razılaşma imzalayıb. Əlavə olaraq, "Google" ilə təxminən 3 qiqavatlıq hidroenerji gücünün təmin olunmasına dair müqavilə bağlayıb.
Şirkətin ən mühüm üstünlüklərindən biri də nüvə energetikası sahəsindədir. O, "Cameco" ilə birlikdə "Westinghouse Electric Company"nin sahibidir. "Westinghouse" texnologiyası hazırda dünyadakı nüvə reaktorlarının təxminən yarısında istifadə olunur. Bu fakt "Brookfield"i yalnız bərpaolunan enerji deyil, həm də qlobal nüvə xidmətləri və texnologiyaları sahəsində liderlərdən birinə çevirir.
İnfrastruktur layihələri baxımından "Brookfield" 312 min telekom qülləsi, 28 min kilometr fiber optik xətt və 100-dən çox data mərkəzə malikdir. Bu aktivlər qlobal rəqəmsal iqtisadiyyatın təməl sütunlarıdır. Daşınmaz əmlak investisiyaları üzrə isə "Brookfield Properties" 36 milyon kvadratmetrdən çox sahəni idarə edir ki, bu sahə Sinqapurun bütün daşınmaz əmlak bazarının ölçüsünə yaxındır.
ARDNF 2019-cu ildən etibarən "Brookfield Asset Management" şirkətilə strateji tərəfdaşlığa başlayıb və sözügedən şirkət tərəfindən idarə olunan müxtəlif fondlara ümumilikdə 660 milyon dollar sərmayə yatırıb. İnfrastruktur və daşınmaz əmlak fondlarından savayı Birləşmiş Ərəb Əmirliklərində "GEMS Education" kimi özəl məktəblər şəbəkəsinə yatırımlar həyata keçirilib.
"Brookfield" digər iri investisiyalar da həyata keçirib. Məsələn, 2022-ci ilin ortalarında şirkət digər partnyorları ilə birlikdə "Deutsche Telekom"un şəbəkə infrastrukturu təminatçısı "GD Towers"ın 51 faizlik payını satın alıb.
2023-cü ildə isə "Brookfield Infrastructure" şirkəti "Triton"u 13,3 milyard dollar dəyərində razılaşma ilə satın alıb və bununla sabit gəlirli logistika platformasını öz portfelinə əlavə edib. "Brookfield"in idarəsi altında "Triton" inkişafını davam etdirərək 2025-ci ildə donanmasını genişləndirmək üçün "Global Container International LLC" şirkətini də satın alıb. Qeyd edək ki, "Triton International" intermodal (gəmi, qatar, yük avtomobilinə qoşula bilən 20 və ya 40 futluq konteynerlər) konteynerlərin lizinqi üzrə dünyanın ən böyük şirkətlərindən biridir.
Nyu York görüşü inam yaradır ki, ARDNF-nin "Brookfield Asset Management" ilə əməkdaşlığı daha da genişlənəcək. Bu əməkdaşlıq əsasında ölkəmizdə bərpaolunan enerji, logistika, telekom, data mərkəzləri, təhsil, infrastruktur layihələri həyata keçirmək, eləcə də enerji təhlükəsizliyini və rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək mümkündür.
Flora SADIQLI,
"Azərbaycan"