26 Iyun 2022 02:28
936
CƏMİYYƏT
A- A+

Biz sizinlə fəxr edirik

 

"Bu ordunu quran da, bizi qələbəyə aparan da, bizə bu xoşbəxtliyi yaşadan da İlham Əliyevdir. Biz ona minnətdarıq"

 

İllər idi qəsbkar ermənilərin torpaqlarımızı işğal altında saxlaması, şəhərlərimizi xaraba, yurd yerlərimizi viran qoyması, dini ocaqlarımızı murdarlaması, qəbiristanlıqlarımızı dağıtması, meşələrimizi qırıb təbii sərvətlərimizi  talaması bizi  qisasa səsləyirdi. Doğulan körpələr dünyaya Qarabağ dərdi ilə gəlirdi. Analarımız körpələrinə şirin nağıllar əvəzinə qorxulu Xocalı qətliamı haqqında danışırdılar.

Cənnət diyarımız Qarabağ erməni vandalizminin vəhşilikləri nəticəsində dünyanın ən dəhşətli fəlakət zonasına bənzəyirdi. Törədilmiş  vəhşiliyin sonu olacağına inanırdıq. O müqəddəs günün gələcəyini səbirsizliklə gözləyirdik.

Nəhayət, bir gün xalqımız sabahını müharibə xəbəri ilə açdı. Müharibə ölüm, qan-qırğın gətirsə də, bütöv bir millət "Ya azadlıq, ya ölüm" dedi. Xalq bir yumruğa döndü. Dəmir yumruq dəmir bir əmuda çevrildi.

Minlərlə igidimizin canını bu vətənə qurban deyərək şeytanla dostluq edən, şəri  şeytandan üstün olan erməni ilə müharibəyə yollandığı Azərbaycan Ordusunun müqəddəs zəfər yürüşünə çıxdığı gün ən müqəddəs gündür...

Azərbaycan Ordusunu qələbəyə aparan, tarixin ən şərəfli, ən gözəl günlərinin müjdəsini bizə verən cənab İlham Əliyev və onun qurduğu ordu bizim üçün dünyanın ən müqəddəs, Müzəffər Ordusudur. Torpaq o zaman vətən olur ki, orada uğrunda canını fəda etməyi bacaran insanlar yaşayırlar. Torpaq ona görə qiymətlidir ki, canla qorunur, qanla alınır.

Əgər məndən soruşsalar ki, dünyanın ən saf, günahsız, müqəddəs insanları kimlərdir və ən müqəddəs ziyarətgah haradadır, çəkinmədən deyərdim ki, işğalçıya güllə atan igidlərimiz dünyanın ən müqəddəs insanları, onların qanı töküldüyü yer, dünyanın ən müqəddəs ziyarətgahıdır.

 

"Canımı verərəm, vətənin bir qarışını da vermərəm"

 

Bu gün yenə müqəddəs insanlarla, canını vətən yolunda qurban verib "Canımı verərəm, vətənin bir qarışını da vermərəm", - deyib vuruşmuş şəhid və qazi ailələrinin  kompakt yaşadıqları Xocahəsən qəsəbəsində yerləşən yeni yaşayış kompleksindəyik. Hər tərəf ağ göyərçin kimi ətrafa səpilmiş ağpaltarlı məktəblilərlə doludur. Bunların hamısı yurdumuza ağ gün gətirmiş, vətənin üzünü ağ etmiş cənnət qoxulu şəhidlərin və qazilərin övladlarıdırlar. 44 günlük Vətən müharibəsində atalarının, qardaşlarının qazandıqları böyük qələbədən sonra hər biri yeni mənzillərlə təmin ediliblər. Hamısı qürurludu.  Gözlərinin dərinliklərində kədər yurd salsa da, ürəkləri iftixarla döyünür.

Şəhərciyin həyətində qarşımıza ilk çıxan qazi Yusif Cəmil oğlu Mahmudov olur. Yusif bizimlə söhbətində çox maraqlı bir məqama toxunur:

- Qonaqsınız. Xahiş edirəm, mənim evimə gedək, bir stəkan çay içək. Sizə dostlarımın keçdiyi döyüş yolundan danışmaq istəyirəm.

Yusif Mahmudov 2001-ci il oktyabrın 20-də Bakıda anadan olub. Orta təhsilini M.Rəsulzadə qəsəbəsində 45 saylı Füzuli rayon qaçqın məktəbində alıb. 2019-cu ilin 20 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Beyləqanda yerləşən hərbi hissədə minaatan bölüyündə davam etdirib: "Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində döyüş mövqeyi tutmuşduq. Gecədən xeyli keçmişdi, qəflətən erməni artilleriyası mövqelərimizi aramsız atəşə tutmağa başladı. Dərhal döyüş əmri aldıq. Əhvalımız, döyüş hazırlığımız çox yüksək səviyyədə idi. İlk və son sözümüz də bu idi: "Ölərik, amma vətənin bir qarışını da düşmənə vermərik". Cavab atəşi açırdıq. Müqavimət göstərirdik. İllər idi ki, ermənilər bu yerlərdə möhkəmlənmişdilər. Özləri üçün mif yaratmışdılar. Guya keçilməz Ohanyan səddi qurmuşdular. Bilirsiniz, dünyada ən gözəl şey nədir? "Mən" deməyi, "mənim" söyləməyi bacarmaqdır. Çox qürurluyam. İndi mənim evimdə oturmuşuq. Bu mənzili mənə Prezidentim verib. Ömrü boyu birotaqlı qəzalı evdə yaşamışdıq. Atam mühafizə xidmətində işləyirdi. Aldığı maaşla nəinki ev almaq, heç o barədə düşünməyi  belə, ağlımızdan keçirmirdik. İndi burada  mənim evim dediyim kimi, orada da bura mənim vətənimdir deyirdik. Mənim olanı, bizim olanı canımız, qanımız bahasına geri almaqda qərarlıydıq. Biz bunu təmənnasız edirdik. Ev üçün, maşın üçün, maddi nemətlər üçün etmirdik. Mən əsgər idim, sıravi əsgər. Vətəni qorumaq, onun yolunda canından keçmək, mənim bir vətəndaş olaraq vəzifəm idi. Borcum yox, vəzifəm...

Bəli, həmin gün mənim Prezidentim əmr verdi. Bu Vətən bizimdir dedi. Bu torpaq, bu Ordu mənimdir dedi. İnandıq, güvəndik. O düyünlənmiş yumruqda özümüzü gördük. Yeridik düşmənin üzərinə. Hər o Ohanyan səddini keçəndə, ermənilərin yaratdığı maneələri görəndə intiqam hissi daha da güclənirdi. Əks-hücumlar zamanı tikanlı məftillərdə  bizdən öncə o sədləri keçmiş ordumuzun əsgərlərinin qanını, məftillərin ucunda ilişib qalmış ət parçalarını gördükdə "Qisas" deyib hayqırırdıq. İrəliləyirdik... Ölüm gözümüzə görünmürdü.

Müharibə insanları çox birləşdirir, doğmalaşdırır. Mən müharibədə çox dostumu itirdim. Onları xatırlamadığım gün yoxdur. Oktyabrın 9-da yaxınlığımıza düşmən artilleriyasının mərmisi düşdü. Dəhşətli bir mənzərə idi. Üzüm-gözüm qan idi. Üzümdə ət parçaları var idi. Əlimlə üzümü siləndə gördüm ki, mənə aid olmayan ət parçalarıdır. Hələ huşumu itirməmişdim. Döyüş yoldaşlarımdan İzzət Həmidov, Yusif Nəbiyev, Cəbrayıl Mikayılov, Əlhüseyin Məmmədov və daha adını xatırlamadığım iki nəfər şəhid olmuşdu. Qıçımdan və qolumdan ağır yaralanmışdım. İstədim onlara tərəf sürünüb nə isə bir kömək edəm. Bacarmadım. Gözümü açanda özümü "Bonadeya" xəstəxanasında gördüm. Dörd dəfə ağır əməliyyat olunmuşam. Çox bahalı əməliyyatlar idi. Bütün xərci dövlət çəkirdi. Bizə öz övladları kimi qayğıkeşlik göstərirdilər. Çox şükürlər ki, indi yaxşıyam. Heç nədən peşman deyiləm. Canım bu  vətənə fəda olsun. Təəssüf edirəm ki, Şuşaya kimi gedə bilmədim.

İndi evim var. Vətənim düşmən işğalından azad olub. Qürurluyam ki, İlham Əliyevin qurduğu Müzəffər Ordunun əsgəriyəm. Onun sərəncamı ilə "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşam. İnşallah, tezliklə evlənərəm, ailə-uşaq sahibi də olaram. Bizə göstərilən bu qayğıkeşliyə görə Müzəffər Ali Baş Komandana  minnətdaram. Bu ordunu quran da, bizi qələbəyə aparan da, bizə bu gözəl şəraiti yaradan da odur".

Qısa xatırlatma: 44 günlük Vətən müharibəsindən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin göstərişi və birbaşa nəzarəti altında şəhid, qazi ailələrinə və müharibə iştirakçılarına geniş istiqamətli sosial dəstək tədbirləri həyata keçirilir. Proqram çərçivəsində Prezidentin sərəncamı ilə 2021-ci ildə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı əvvəlki illərlə müqayisədə 5 dəfə artıb. Xatırladaq ki, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572, 2021-ci ildə 3 min mənzil və fərdi ev verilib. Ümumiyyətlə, şəhid, qazi ailələri və müharibə iştirakçıları həmişə dövlətin diqqətində olmaqla qayğı ilə əhatə olunublar. İndiyə kimi 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Qazilərimizin  digər sosial qayğılardan azad olunması istiqamətində də proqram çərçivəsində uğurlu tədbirlər həyata keçirilməkdədir. Son 4 ildə 1450 qazi, ümumilikdə isə 7400 müharibə əlili avtomobillə təmin edilib. Bu gün də həmin proqram uğurla davam etdirilir. 2022-ci ildə sosial cəhətdən həssas olan ailələrə 500 mənzil verilib. Ümumilikdə isə, bu il belə ailələrə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

 

Tarix təkcə keçilən vaxt, dəyişən zaman deyil, həm də dərsdir

 

Şəhid ailələri və qazilərin Xocahəsən qəsəbəsindəki yaşayış kompleksində olarkən qonağı olduğumuz qazi  İlham Məhərrəm oğlu Əliyev əslən Ucar rayonunun Alpout kəndindəndir. Birinci Qarabağ savaşının iştirakçısı olub. Daşaltı əməliyyatı zamanı yaralanıb. İlham da keçdiyi şərəfli ömür yolundan fərəhlə danışdı: "Ali təhsilliyiəm. İnşaat Mühəndisləri İnsitutunu bitirmişəm. Atam məktəb direktoru işləyib, müəllim olub. Həmişə bizə alnıaçıq, şərəflə yaşamaqdan, vətənə və dövlətə sədaqətdən danışıb. Ailədə beş qardaşıq. Beşimiz də müharibə veteranıyıq. Bir qardaşım, iki qardaşım oğlu Zəfər müharibəsində iştirak edib. Hazırda qardaşlarımdan biri Hadrutda zabit kimi xidmət edir. Mən bunu minnət üçün demirəm. Vətənə minnət qoymazlar. Bu can da vətənə qurban olsun.

1965-ci ildə anadan olmuşam. Alpout kənd 1 saylı orta məktəbi bitirmişəm. 1991-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub Qarabağa döyüşə getmişəm. Milli Ordunun Şıxovda yerləşən ilk batalyonunun əsgərlərindən olmuşam. İlk döyüşlərimiz Xocavənd rayonunun Əmralılar, Kuropatkino, Muğanlı kəndlərində olub. 1992-ci il yanvarın əvvəlində bizi Bakıya gətirdilər. Bir neçə gün Bakda qaldıqdan sonra yanvarın 22-də yenidən Laçına, oradan da Şuşaya getdik. Yanvarın 25-də Nəbilər kəndində mövqelənmişdik. Qar, boran idi. Göz-gözü görmürdü. Axşamdan Nəbilər istiqamətindən Daşaltıya hücuma keçdik. Təəssüf ki, bu əməliyyat faciə ilə nəticələndi. 77 nəfər itkimiz oldu. Mən də gözümdən yaralandım. Kimin günahı idi, deyə bilmərəm. Amma bildiyim bir şey var ki, ordu ciddi nizam-intizam sevir. Burada əsgər üçün "bəli" və "xeyr" kəlməsindən başqa söz olmamalıdır. Amma o zaman yeni yaranan orduda hərə öz bildiyini edirdi. Vahid komandanlıq yox idi. Ordu siyasi oyunların alətinə çevrilmişdi. Əsgərlərin hərəsi bir siyasi cərəyanın üzvü idi. Təchizat da olduqca zəif  idi. Müdafiə nazirinin özünün rəhbərlik etdiyi əməliyyatda cəmi bir topla bizə artilleriya dəstəyi verilirdi. Ermənilər isə illər idi ki, Daşaltını istehkama çevirmişdilər. Evlərin hamısında bir-birinə yeraltı keçidlər var idi.

44 günlük Vətən müharibəsinin hər gününü həyəcanla izləmişəm. Vahid komandanlıq, dəmir yumruq, dəmir intizam var idi. Dost da bu yumruğu görürdü, düşmən də bu yumruğu hiss edirdi. Çox şükür ki, vaxtında edə bilmədiklərimizi bizim gənclər etdilər.

Əvvəllər çox utanırdım. Döyüşmüşəm, vuruşmuşam deməyə xəcalət çəkirdim. Amma indi qürurumdan yerə-göyə sığmıram.

Mənə bu evi cənab Prezidentimiz verib. Hər şəraitimiz var. Heç bir problem yoxdur. Hətta dövlət mənə maşın da verib. Bu kompleksdə yaşayanların hamısı şəhid, qazi və müharibə veteranlarıdır. Həyətə düşəndə tez-tez  keçmiş döyüş yoldaşlarımızı görüb söhbətləşir, xatirələri təzələyirik.

Müstəqil dövlətin güclü ordusu olar. Şükür ki, indi fəxr ediləsi ordumuz, yenilməz sərkərdəmiz var. Müstəqilliyimiz əbədi və dönməzdir. Bütün bu uğurlara görə cənab İlham Əliyevə borcluyuq. Onun qətiyyəti, iradəsi, uzaqgörən siyasəti nəticəsində bu uğurları qazandıq. Onun fərq qoymadan bizə göstərdiyi qayğı nəticəsində bu gözəl mənzillərdə rahat həyatımızı yaşaya bilirik. Ailəm adından, döyüş yoldaşlarım, veteranlar adından Müzəffər Ali Baş Komandana dərin təşəkkür edirəm".

 

Səssiz qəhrəmanlar

 

Qazi Əmiraslanov Ömər Yaşar oğlu valideynlərinin etirazına baxmayaraq,  sentyabrın 29-da könüllü Qarabağa döyüşə gedənlərdəndir. Hadrutun azad olunmasında iştirak edib. Oktyabrın 14-də gecə saat 2-də Tuğ kəndi uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. İkinci dərəcəli müharibə əlilidir. Müharibədən sonra Müdafiə Sənayesi Nazirliyində işlə təmin edilib. Ömər çox danışmağı sevmir.

"Vətən üçün döyüşmək, vətənin yolunda lazım gələrsə canını fəda etmək hər bir vicdanlı vətəndaşın borcudur. Orada elə qəhrəman oğullar döyüşüb, fədakarlıq edirdilər ki... İndi də heç kimə minnət qoymurlar. Səsləri belə çıxmır. Səssiz qəhrəmanlardılar. Döyüşdülər, torpağı azad etmək lazım idi, etdilər. Nə səsləri çıxır, nə də "mən bunu etmişəm", - deyirlər.  Oğullarımız var idi ki, canları ilə, sinələri ilə döyüş yoldaşlarını qoruyurdular. Ən təhlükəli məqamda özlərini önə verirdilər. Elələrini görüb sağ qaldığım üçün  xəcalət çəkdiyim vaxtlarım da olur.

Qismətimdə həm döyüşmək, həm də sağ qalmaq varmış. Qürurluyam. Qalib ordunun əsgəri kimi torpaqlarımızın işğaldan azad olunmasında az da olsa rolum olduğu üçün, Müzəffər Ali Baş Komandanın qurduğu ordunun əsgəri olmağımla fəxr edirəm".

Ömərin atası Yaşar Əmiraslanov ehtiyatda olan polkovnikdir. Ömrünün çoxunu  xidmətdə keçirib. Söhbət zamanı dedi ki, oğlum döyüşə getməsəydi, 25 il geydiyim uniformamdan utanardım: "İnsanların gözünün içinə baxa bilməzdim. Ömər ailənin tək oğludur. Müharibəyə getmək istədiyini bildirəndə açığı tərəddüd etdim. Düzünü deyim, etiraz da etdim. Dedim, nə zaman çağırsalar, onda gedərsən. Könüllü getdi. Oktyabrın 14-də gecə zəng etdi ki, yaralanıb. Anası həkimdir. Telefonla nə etmək lazım olduğunu izah edib qanaxmanı dayandırdı. O zaman çox həyəcanlı, indi isə çox qürurluyam. Öməri 28 saatdan sonra təxliyə edə bilmişdilər. Bu müddət ərzində orada aramsız döyüşlər gedirdi. Biz də telefonda həyəcanla nəticəni gözləyirdik. Şükür ki, ayağı amputasiya olunmadı. Prezidentimiz Ömərə ev bağışlayıb. Yaxında toyunu edib, bu mənzilə gəlin gətirəcəyik. Burada yaşamaq çox maraqlıdır. Qəhrəmanların arasında olmaq, onlarla bir yerdə yaşamaq qürurvericidir. Oğlumla fəxr edirəm. Qəhrəman atası olmağın da özəlliyi  varmış".

Onlar bu xalqın, bu vətənin üzünü ağ edən təmənnasız qəhrəmanlardır. Onlar hər diqqəti, qayğını haqq edirlər. Həyatlarını problemsiz, qayğısız yaşamaları üçün də dövlət bir an da olsun köməyini əsirgəmir. Söhbət etdiklərimiz, qonağı olduqlarımız hər biri qürurla, sevgi ilə "Vətən mənim mükafatımdır. Azərbaycanlı olduğumuz, torpaqlarımızın işğaldan azad olunmasında döyüşdüyümüz üçün fəxr edirik", - dedilər.

Biz də sizinlə fəxr edirik, vətənin başını ucaldan uca insanlar...

 

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video