Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin ailə üzvləri Şuşaya səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilib. Səfərdə 50-yə yaxın itkin düşən şəxslərin ailə üzvləri iştirak edib.
Onlar səfər zamanı Şuşa türməsində olub, kütləvi məzarlıq aşkarlanan yeri ziyarət ediblər. Həmçinin səfər çərçivəsində ailələr şəhərin mərkəzi meydanı, Qala divarları, Yuxarı Gövhər Ağa Məscidi ilə tanış olub, Cıdır düzünə gediblər.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində - Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydə alınıb. İtkin düşmüş şəxslərin 872 nəfərinin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiqlənib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşmüş, bütöv ailələr və nəsillər məhv edilmişdir.
2020-ci ildə 44 günlük Zəfər yürüşü zamanı Azərbaycan Ordusunun şanlı Qələbəsindən sonra azad olunan torpaqlarımızda ermənilərin 30 ilə yaxın gizlətməyə çalışdığı cinayətlərin də üstü açılmağa başlayıb. Belə ki, Kəlbəcər, Xocavənd, Şuşa, Ağdam və digər işğaldan azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda erməni vəhşiliyinin izləri üzə çıxır. Aşkarlanan kütləvi məzarlıqlardakı cəsəd qalıqlarından məlum olur ki, insanlar qətlə yetirilərkən həm də işgəncələrə məruz qalıblar.
14:05
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib. Səfər zamanı Şuşada aşkarlanan kütləvi məzarlıq ziyarət olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir.
Səfərdə 50-yə yaxın itkin ailələrin üzvləri iştirak edir. Onlar tarixi məkanlarla da tanış olacaq, erməni qəsbkarlarının 30 illik işğal dövründə törətdikləri vəhşiliklər barədə ətraflı məlumat əldə edəcəklər.
Qeyd edək ki, bu il avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub. Ümumilikdə isə işğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb.