28 Sentyabr 2022 01:22
496
CƏMİYYƏT
A- A+

Bir sevgidən doğulub, min sevgidə yaşayanlar

 

Sumqayıtdan Şuşayadək şərəfli yol keçdi

 

Yolumuz Sumqayıt şəhərindəki kimyaçılar yataqxanasınadır… XTQ-nin (Xüsusi Təyinatlı Qüvvələr) ən gənc şəhidi Səbuhi Həsənquliyevin valideynləri yaşayan otağın qapısını döyürük. Qapını Səbuhinin anası Mayisə xanım açır. Qəhrəmanımız hazırda onun şəxsi əşyalarının bəzədiyi, iki böyük maketinin olduğu bu birotaqlı mənzildə böyüyüb, boya-başa çatıb. Əslən Ucar rayonunun Boyat kəndindən olsalar da, ömürlərinin bir gününü belə Qarabağda keçirməsələr də, valideynləri hər gün  övladlarına Xocalıda, Kəlbəcərdə, Şuşada, Zəngilanda erməni cəlladlarının azərbaycanlı uşaqların başına gətirdikləri qanlı faciələrdən danışar, yurdumuzun gözəl bir hissəsinin işğalda olduğunu onların yaddaşına yazardılar. Səbuhi də balaca yumruqlarını düyünləyib, dişlərini bir-birinə sıxıb, "Mən böyüyəndə əsgər gedəcəm, döyüşüb Şuşaya bayrağımızı sancanlardan biri olacağam" deyərdi.
Səbuhi Əlixan oğlu Həsənquliyev XTQ-nin ən gənc şəhidi, Füzulidən Şuşaya kimi şanlı, şərəfli döyüş yolu keçmiş, 44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçülərindən biridir.
11 aprel 2002-ci ildə Ucar rayonunun Boyat kəndində dünyaya gələn qəhrəmanımız gözünü açandan ailədə sevgi, sədaqət gördü. Halal ruzi ilə böyüdü. İlk həyat dərsini  Sumqayıt Elektirik Stansiyasında çilingər işləyən atası Əlixandan, evdar qadın olan anası Mayisə xanımdan aldı. Valideynləri ona vətən sevgisini, şərəflə, ləyaqətlə yaşamağın yolunu göstərdilər. 
2008-ci ildə yaşadıqları yataqxananın yaxınlığında yerləşən 5 saylı Cəbrayıl rayon məktəbinə gedən Səbuhi 2017-ci ildə 9-cu sinfi bitirdikdən sonra Sumqayıt şəhərində yerləşən 10 nömrəli Texniki Peşə Liseyində genişprofilli dəzgahçı ixtisasına yiyələndi. Əslində, Səbuhinin arzusu bu deyildi. İstəyi əsgər olmaq, vətənini yağılardan qorumaq idi. Elə bu məqsədlə də idmanla ciddi məşğul olur, qaydasız döyüşə gedirmiş. 2020-ci ilin iyun ayında hərbi xidmətə yola düşən Səbuhi Həsənquliyev hərbi xidmətini Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə başlasa da,  sonradan Beyləqan royonunda davam etdirməli olur. Kəşfiyyat bölüyündə xidmətə başlayan gənc əsgərin arzusu XTQ-nin tərkibində xidmət keçmək idi. Səbuhinin fiziki hazırlığını, qamətini, gücünü və  istəyini nəzərə alan komandirləri ona xidməti vəzifəsini Xüsusi Təyinatlı Qüvvələrin tərkibində davam etdirməyə imkan yaradırlar. Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun azad olunması uğrunda düşmənlə döyüşə girən Səbuhi Həsənquliyev 2020-ci il  noyabrın 8-də Şuşa şəhəri uğrunda gedən savaşda qəhrəmancasına şəhid olur. O, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə", "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir.
Qarşımızda Səbuhinin şəxsi əşyaları, bir də ki, müxtəlif illərdə çəkdirdiyi şəkilləri var. Gözüyaşlı ana oğlunun şəkillərinə baxdıqca Səbuhili günlərinin xatirələri yadına düşür. Xəyalı onu keçmişə, gəncliyə, ömrünün bahar çağlarına aparır:
- Biz kənd adamlarıyıq. Uşaq vaxtı ayaqyalın gəzəndə elə bilirdik torpaqdan güc, günəşdən od alırıq. İnanclı, imanlı böyümüşük. Əlixanla evlənib Ucardan Sumqayıta gəldik. Daha sonra Səbuhi… Səbuhinin dünyaya gəlişi də gedişi kimi bir başqa oldu. Onun çox yaşamayacağı ürəyimə dammışdı. Özü də bunu hiss etmişdi. Şəhidlik onun alın yazısı idi… Sanki Səbuhi dünyaya gələndə Allah ona möhlət verdi ki, böyüyüb torpaqlarının azad edilməsində iştirak etsin, döyüşüb şəhidlik zirvəsinə yüksəlsin.
2016-cı ilin Aprel döyüşlərindən az sonra atası ilə bax, burada, bu evdə oturub söhbət edirdik. Səbuhi gəlib məni qucaqlayıb başını sinəmə qoydu. Sonra üzümə baxıb dedi: "Ana, vətən bizim namusumuzdur. Namus üstə öləni ağlamazlar. İndi deyirəm ki, buna hazır olasınız". 
Dərddən beli bükülmüş, oğlunun qəhrəmanlığı ilə iftixar duyan şəhidin atası Əlixan Həsənquliyev söhbətə qoşulur:
- Səbuhi haqqında danışmaq mənim üçün qürurvericidir. Mən övladlarıma halal çörək verib, halallıqla böyütdüm. Tərbiyəli, vətənsevər, kamil insan olmalarını arzu etdim. 
Səbuhi idmanla məşğul olurdu. Deyirdi ki, "Ata, əsgər olacağam, düşmənlə üz-üzə dayanacağam. Güc mənə hər zaman lazım olacaq". Uşaqlıqdan özünü hərbi xidmətə hazırlayırdı. İndi Səbuhi haqqında danışanda, düşünəndə elə bilirəm bütün bunlar gerçək həyatda olmayıb, yuxuda görmüşəm. Nə ömür yaşadı ki? Adının mənası səhər mehi deməkdir. Bir meh kimi əsdi, keçdi. 
Biz Sumqayıtda olanda şəhidin  döyüş yoldaşı Təbriz Vəliyevlə də görüşdük. Qəhrəmanımızla birgə keçdiyi döyüş yolundan danışmasını ondan xahiş etdik:
- Həqiqi hərbi xidmətimi Yaşmada keçirmişəm. 2020-ci ilin 27 sentyabrında müharibənin başlanma xəbərini eşidən kimi qeydiyyatda olduğum Qusar rayonunun  hərbi səfərbərlik idarəsinə gedib könüllü olaraq döyüşmək niyyətimi bildirdim. Elə həmin gün Qusarda yerləşən hərbi hissəyə, oradan da Ağdama göndərildim. Səbuhi Həsənquliyevlə Ağdamda yerləşən "N" saylı hərbi hissədə tanış oldum. Əslən Qusardan olduğumu, Sumqayıtda yaşadığmı dedim. Beləcə bizim dostluğumuz başladı. 
Oktyabrın sonlarında biz Qubadlı istiqamətindən döyüşə-döyüşə Şuşaya doğru irəlilədik. Səbuhi yerli adam kimi bizə bələdçilik edirdi. Ermənilər hər yeri minalayıb, Şuşanın giriş-çıxışını ağır texnika, tanklarla bağlamışdılar. Kiçik qruplara bölünüb kol-kosla, meşəliklə Daşaltı kəndinə doğru  hərəkət edirdik. Təbii çətinliklərdən başqa, hər an kiçik qruplara bölünüb meşəliklərdə pusqu quran erməni döyüşçülərinə də rast gəlirdik. Oktyabrın 28-də Şuşaya doğru hərəkət edərkən pusquya düşdük. Ermənilərin mobil dəstəsi ilə aramızda gərgin döyüş oldu. Biz ermənilərdən üç nəfərini öldürdükdən sonra düşmənin üç döyüşçüsünü də əsir götürdük. Səbuhi əlbəyaxa döyüşdə ermənilərə gözlərini belə açmağa aman vermirdi. Həmin döyüşdə mən ayağımdan yaralandım. Çətin addımlayırdım. Daş-kəsək, kol-kos da bir yandan hərəkət etməyə imkan vermirdi. Səbuhi çəkdiyim çətinliyi görüb, "Yox, qardaş, bizdə yoldaşı yolda qoyub getmək yoxdur" deyib, əvvəlcə silahına doladığı juqutu açıb qan getməməsi üçün yaramı bağladı, sonra da məni çiyninə alıb yola davam etdi. Dirənəndə "Etiraz, filan yoxdur. Düz sona qədər səni də özümlə aparacam" dedi. Daşaltı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralandım. Yanıma minamyot mərmisi düşüb üz-gözümü yandırmışdı. Hətta elə bildilər ki, ölmüşəm. Üç gün orada qalandan sonra ölmədiyimi görüb məni Füzulidə hospitala yerləşdiriblər... Sonralar oradan da Gəncəyə apardılar. Hospitalda olanda eşitdim ki, Səbuhi noyabrın 8-də, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub...
Amma şəhidlər ölmürlər. Ürəklərdə, sevgilərdə, qan tökdükləri, can verdikləri Vətənin tarixində, torpağında yaşayırlar...

Elşən QƏNİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video