Boş partanın
qara dastanı
...Güllərin,
çiçəklərin hər biri iki sevən gəncin ən qiymətli hədiyyəsi hesab olunub. İki könülün
danışan dili, gülən gözləri, təbəssümlü baxışları kimi gül dəstəsi qədirbilənliklə
qəbul edilib. Oğlan sevgilisini gülə bənzədib... Çünki güllərin hər biri göz oxşayır,
könül sevindirir. Qərənfilə də bu sevgidən həmişə pay düşərdi: gözəllərin görüşünə
dəstə bağlayardılar... 1990-cı ilin "Qara yanvar”ı onun da əlindən aldı bu gülərüzlülüyü.
Elədi ağlargözlü şəhid bacısı, sevgilisi, istəklisi...
Taleyə, qismətə
bax... Güllərin də qismətinə göz yaşı, ağı yazılarmış. Deyəsən, ilk
dəfə qərənfili ağladan Məmməd Aslan olub: "Ağla, qərənfil, ağla” ağısı ilə.
Qanlı-qadalı, odlu-alovlu illər bəşər tarixində
zaman-zaman təkrarlanıb. Xalqımız da bu od-alovların içərisindən az keçməyib. Bax
elə buna görə azadlıqsevərdir, mətindir, iradəli, dözümlüdür! Ölümün gözünə dik
baxmaq isə şərəfdir! Bu, xalqımızın hünəriylə qazandığı şərəf, alın yazısı və tale
payıdır: uşaqdan-böyüyə cəllad üstünə, silah qabağına yeriyir, qorxmazlığı, cəsurluğu
ilə ölümə meydan oxuyur.
Ulu öndər
Heydər Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşlərinin birində demişdir:
"20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda
20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının
əyani nümayişidir”.
O qanlı şənbə
gecəsində qərənfil ömürlü balalar da şəhid oldular
20 Yanvardan
bu yana qərənfillər əldə cüt oldular. Baş-başa verib şəhidlərə ağı dedilər. O qanlı
şənbə gecəsində qərənfil ömürlü balalar da şəhid edildi, qanlarına qəltan olundu.1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə zalıma, zülmə tabe olmayan xalqımız tarixin
yaşıdı - qədim Bakını qan çanağına döndərən imperiya cəlladları ilə üz-üzə dayananda
onların arasında 13 yaşlı İlqarla Larisa, 14 yaşlı Nəriman, 16 yaşlı Vera, eləcə
də onların babaları timsallı Yunus Rəhimov və səksəni haqlayan Sura Babayeva da
vardı...
Nə idi bu
ixtiyar yaşlı nənə ilə babanın, eləcə də məktəbli balaların günahı?! O müdhiş gecənin
şahidləri olmaqmı? Yoxsa azadlıq aşiqlərinin necə gülləbaran edilməsini görüb qaniçən
cəlladlara nifrətlə baxmaqlarımı?
Larisa Fərman
qızı Məmmədova Bakıdakı Tofiq Hüseynov adına 134 nömrəli rus məktəbinin 7 "v” sinfində
oxuyurdu. Sinif yoldaşları Larisanı heç zaman solmayacaq çiçəyə bənzədiblər. Onların
Larisa haqqında yazdıqları xatirələrdə göstərilir ki, Şəhidlər xiyabanında alovlanan
əbədi məşəl heç vaxt sönməyəcək. Çünki bu məşəl öz alovunu, odunu xiyabanda uyuyan
şəhidlərin vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürüb. İllər ötəcək,
nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə daim yaşayacaq və onlar
heç vaxt unudulmayacaq, Larisa ilə İlqar - fidan şəhidlərimiz isə Azərbaycan xalqının
yaddaşında 13 yaşlı məktəbli kimi əbədi qalacaqlar.
Kim kuklaya
güllə atar
Xalq şairi
Bəxtiyar Vahabzadə o qanlı gecə şəhid olan 13 yaşlı Larisanı şeir dili ilə belə
oxşadı:
On üç yaşlı
körpə bala,
Yazıq anan
necə dözsün
Bu kədərə,
bu məlala?
Məzarının
baş ucunda
kuklan da
var.
Bu gün layla
çalmalıykən
sən kuklana,
Kuklan sənə
layla çalar.
Sən özün də
kukla idin.
Bu dünyanın
əvvəlini,
Axırını heç
bilmədin.
Kim kuklaya
güllə atar?
Atan oldu...
1977-ci il
avqustun 11-də Bakı şəhərində anadan olan Larisa Məmmədova musiqi təhsili də alırdı.
O müdhiş gecədə xalqımızın müxtəlif yaşlı insanları içərisində Larisanın hər dəfə
xatırlanması səbəbsiz deyil. Görün bu yaşda qızcığaz nə deyib atasına: "Mən mübariz
xalqımızı və üçrəngli bayrağımızı görmək istəyirəm!”
O gecə atası
Fərmanın işlədiyi avtomobil parkının işçiləri ilə birlikdə maşınqayırma zavodunun
yanında "İkarus” avtobusunda oturduqları yerdə gülləbarana tutulurlar. Sanki qaniçənlər,
imperiya cəlladları Vətən, xalq üçün döyünən bapbalaca ürəyini susdurmaq üçün Larisanı
hədəf seçiblər. Ürəyini nişan alıblar. Ata-bala al-qana bələniblər. Təcili xəstəxanaya
çatdırılıblar. Ata amansız və vaxtsız ölümün pəncəsindən xilas edilsə də, Larisa
adını azadlıq aşiqləri qurbanlarının siyahısına yazdırıb. O gecənin qaliblərindən
biri sayılan 13 yaşlı şəhid Larisa "Azadlıq uğrunda fəxri mübariz” adı qazanıb!
Qalina Urvaçova-Məmmədova:
"... Kim idi balalarımızı hədəf seçən?”
Ukraynanın
Donetsk vilayətindən öz səadətinin ardınca Azərbaycana gəlmiş Qalina Urvaçova-Məmmədova
(Larisanın anası) o gündən ümumxalq kədərini qəribə bir özünəməxsusluqla, suallar
fırtınasında yaşayır: "Kim idi balalarımızı hədəf seçən? Bizi niyə gülləbarana tutmuşdular
o günlər?!”
Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə
Larisadan danışılır. Xatirəsinə həsr olunan inşa, şeir, rəsm müsabiqələri keçirilir.
134 nömrəli məktəbdə onun adını daşıyan şagird təşkilatı da fəaliyyət göstərir.
Bunlar bir daha əminlik yaradır ki, bu balaca qız ürəklərdə yaşayır.
...20 Yanvarda
hələ ölümün nə olduğunun fərqində olmayanlar şəhidlik zirvəsinə yüksələcəklərini
ağıllarına belə gətirmirdilər. Günlərini məktəbli dostları ilə keçirən bu balaların
ovuc boyda ürəklərindəki böyük Vətən sevgisi, azadlıq arzusu onları da həmin gecə
odun, alovun içinə çəkib apardı. O ayazlı-şaxtalı gecədə 13 yaşlı İlqar dostları
Zakir və Pərvizlə qonşuları Nazimin "Zaporojets” markalı maşını ilə sinəsini düşmən
tanklarına sipər edən soydaşlarımıza ocaq qalayıb isinmək üçün odun aparırdı. Qəfildən
tanklarla üz-üzə gəldilər. Maşınlarını saxlayıb qaçmaq məcburiyyətində qaldılar.
Düşmən tankı əvvəlcə maşının üstündən keçərək onu yerə yapışdırdı. Sonra qaçan bu
fidanları atəşə tutdu. İlqar arxada olduğundan, ağır yaralandı. Xəstəxanaya çatdırsalar
da...
İbrahimov
İlqar Rəşid oğlu Bakının Yasamal rayonundakı 167 nömrəli məktəbin 7 "a” sinfində
oxuyurdu. Yadigar qalan şəklindən görünür ki, çox yaraşıqlı, gülərüz olub. Tay-tuşları
artıq gənclik illərini arxada qoyduqlarından, İlqarı da belə təsəvvür eləmək asan
deyil.
Şərəfli ömürlülərin
qibtə ölümləri, yaxud onların
nə yaşı böyüdü, nə də boyları...
Amma ürəklərdə
boy atdı, yaşadı. Tay-tuşlarından uzunömürlü oldu İlqar. Deyirlər ki, sakit təbiətli
olan bu uşaq ədəbiyyatı, xüsusən də poeziyanı çox sevirmiş. Kim bilir, yaşasaydı,
bəlkə də tanınmış ədəbiyyatçı, yaxud şair, nasir... olacaqdı. Ömrü yetmədi, vaxtı
olmadı. Amma İlqar milyonlardan yox, Vətənin azadlıq aşiqlərindən biri kimi tarixə
yazıldı. Qanlı şənbənin qurbanlarından, Şəhidlər xiyabanının əbədi sakinlərindən
biri olaraq, o, ən müqəddəs və şərəfli sayılan şəhid adını qazandı. Bir vaxtlar
qapısını açdığı məktəbdə 1990-cı ildən bu günədək burada 20 Yanvar faciəsinə, İlqarın
xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bu da müqəddəs,
ziyarətgahımız, görüşünə qəm-qüssə, kədərlə gəldiyimiz Şəhidlər xiyabanı. İlqarın
məzarı şair-şəhid, tələbə Ülvi Bünyadzadənin qəbri ilə yanaşıdır. 20 Yanvarda qətlə
yetirilənlərin şərəfli ömürlərinə, qibtə ölümlərinə həsr olunan "Şəhidlər” kitabının
müəllifi, şair-publisist Rafiq Səməndər də o ağlar günlərin şahidi kimi danışır:
"Evlərində olanda Piroğlan adlı uşaq ona şeir yazıb gətirmişdi. Anası ağlaya-ağlaya
şeiri verib dedi ki, onu İlqarın yazısına əlavə elə, xahiş edirəm. İlqar Şəhidlər
xiyabanında tələbə Ülvi ilə yanbayan dəfn olunub. Şeir də ikisinə yazılmışdı, daha
doğrusu, Ülviyə müraciətlə:
İlqar da kiçik
qardaşın,
Sən onun da
qeydinə qal.
Oyuncağın
sındıranda
Ona təzə oyuncaq
al.
Gecələr soyuq
olanda,
Bağrına bas,
qoynuna al.
Ana, - deyib
ağlayanda,
Sağ qolunu
boynuna sal”...
İlqar o gecə
ilk və son dəfə anasını eşitmədi. Balaca bacıları Alla ilə Səbinə də onun arxasınca
ağladılar, xeyiri olmadı. Anası Katya İlqarın qayıtmayacağına əmin idi. Ona görə
də ona soyuq olacağından qorxub, yun köynəyini götürüb küçəyə qaçdı. Amma..., onun
arxasınca baxa-baxa qaldı: kəlmələri dilində, yun köynəyi isə əlində...
...Müqəddəs
ziyarətgaha çevrilən Şəhidlər xiyabanında yanaşı düzülən, eyni biçimli məzarlarda
yatanların hər biri xalqımızın doğması, əzizi kimi daim anılır, yad edilir, xatırlanır,
yaddaşlara yazılır. Amma İlhamla Fərizə kimi, İlqarla Larisanın... məzarları üzərinə
əyiləndə bir cüt göz yaşı yanaqlardan süzülür. Axı, elə 13 yaşındaca ömrü daşlaşan
bu məktəbli balaların məsum baxışları sinə dağlayır, ona görə hər kəs ağlayır. Larisanın
məzarının üstündən oyuncaqlar əskik olmayıb: saralıb-solsalar da...
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”