Parlament
seçkilərində "exit-poll” keçirən qurumlarla MSK-nın nəticələri seçkilərin obyektiv
keçirildiyini təsdiqlədi
Azərbaycan
Respublikasının VI çağırış Milli Məclisinə seçkilər uğurla başa çatdı. Ölkə üzrə
ümumi seçici fəallığı hava şəraitinin pis olmasına baxmayaraq, 47,81 faiz oldu.
59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi seçkilərlə
əlaqədar akkreditasiyadan keçmişdi. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm
say, həm də coğrafi baxımdan kifayət qədər əhatəli idi. Parlament seçkilərinin gedişini
47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırdı.
Ümumiyyətlə,
hər seçki Azərbaycanın seçki praktikasında tətbiq edilən və prosesin demokratikliyinə xidmət edən yeniliklərlə əlamətdar
olur. Bu cür yeniliklərin tətbiqi zamanı xüsusən qeyri-hökumət təşkilatlarına yer
verilməsi, onların öz layihələrini həyata keçirə bilmələri üçün lazımi şəraitin
yaradılması Azərbaycan hakimiyyətinin seçkilərin demokratik keçirilməsinə olan marağının
bariz təcəssümüdür. Məsələn, ilk dəfə olaraq 2005-ci ilin parlament seçkilərində
bir sıra xarici təşkilatlar tərəfindən seçicilərin seçki məntəqəsində səs verib
çıxdıqdan sonra kimə səs vermələrini öyrənmək məqsədilə sorğu - "exit-poll” keçirildi.
Bundan sonra ölkədə keçirilən bütün seçkilərdə bu sosialoji tədqiqatı həyata keçirmək
üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən beynəlxalq və yerli təşkilatlara
müsbət cavab verildi. Elə budəfəki parlament seçkilərində də "exit-poll”un keçirilməsi
üçün hər cür şərait yaradılmışdı.
Parlament
seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates
İnc.” təşkilatı (ABŞ) ilə birgə, "Rəy” Monitorinq Mərkəzi, "İnsan Hüquqları XXI
Əsr - Azərbaycan” Fondu və Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu
(birgə) "exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı. Yəni 3 təşkilat seçkilərdə
"exit-poll” keçirdi.
Qeyd edək
ki, "exit-poll” Mərkəzi Seçki Komissiyasının nəticələri rəsmən elan etməsindən əvvəl
ilkin nəticələri əldə etmək imkanını yaradır, səsvermənin nəticələrinə ictimai nəzarəti
həyata keçirir. Fevralın 9-da seçkilər başa çatdıqdan 2 saat sonra "exit-poll” keçirən
təşkilatlar apardıqları sorğuların cavablarını elan etdilər. ABŞ-ın "Artur J.Finkelstein
and Associates” təşkilatı və Fransanın "Opinion Way” Sosioloji Araşdırmalar İnstitutunun
"İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu ilə birgə keçirdikləri "exit-poll”un
nəticələri, demək olar ki, üst-üstə düşdü.
ABŞ-ın "Artur
J.Finkelstein and Associates” təşkilatı 47 dairə üzrə 2106 nəfər seçicinin fikrini
öyrənib. Toplanan məlumatlar gün ərzində 3 dəfə ABŞ-a, yəni baş ofisə göndərilib.
"Opinion
Way” Sosioloji Araşdırmalar İnstitutu ölkə üzrə 236 seçki məntəqəsində "exit poll”
keçirib. Ümumilikdə 10 119 səs verən şəxs sorğuya cəlb edilib. Seçici fəallığı
55,06 faiz olub.
Mərkəzi Seçki
Komissiyası da seçkilərin ilkin nəticəsini elan edərkən seçici fəallığının
47,81 faiz olduğunu bəyan etdi. 3 təşkilatın həyata keçirdiyi "exit-poll”un nəticəsi
ilə, demək olar ki, MSK-nın rəsmi nəticəsi arasında cüzi fərq var idi.
Beləliklə,
bu seçkilərdə də Yeni Azərbaycan Partiyası qalib gəldi. YAP 123 namizədlə qatıldığı
seçkidə böyük üstünlük əldə etdi.
Bununla bağlı
YAP-ın yaydığı məlumatda qeyd edilirdi ki,
"daha güclü Azərbaycan naminə” çağırışı ilə seçkilərə qatılan YAP 123 dairədə qeydiyyatdan
keçmiş namizədi ilə geniş və əhatəli seçki kampaniyası aparmağa müvəffəq olub. Partiyanın
sədri, Prezident İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi
siyasətin möhtəşəm nəticələri, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin
rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi,
uğurla davam edən genişmiqyaslı islahatlar YAP-ın sözügedən seçkilərdə istinad etdiyi
əsas məqamlar olub.
Qeyd etmək
yerinə düşər ki, seçkilərə şəxsi keyfiyyətləri sayəsində insanlar arasında böyük
nüfuz qazanmış layiqli namizədləri ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki
kampaniyasının uğurla həyata keçirilməsinə partiyanın çoxsaylı üzvləri və könüllüləri
də böyük töhfə veriblər.
Seçkilərin
gedişatını izləyən bir sıra mötəbər beynəlxalq sorğu mərkəzlərinin verdikləri açıqlamalar
da YAP-ın Milli Məclisə seçkilərdə əhəmiyyətli uğurlar qazandığını söyləməyə əsas
verir. YAP hesab edir ki, Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən
islahatlara öz dəyərli töhfəsini verəcək.
Beləliklə,
VI çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə
qədər sadiq olduğunu bir daha göstərdi. Ölkəmizə gələn bütün beynəlxalq müşahidəçilər
seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Beynəlxalq müşahidəçilər
seçkilərin Azərbaycan xalqının iradəsini ifadə etdiyini də söylədilər. Bu, bir daha
onu göstərir ki, xalq ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir və seçkilər
vasitəsilə öz fikrini ifadə edir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”