30 Avqust 2025 08:00
2810
SİYASƏT
A- A+
Beynəlxalq miqyasda böyük nüfuza malik regional güc mərkəzi

Beynəlxalq miqyasda böyük nüfuza malik regional güc mərkəzi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının ərəb dünyasının ən nüfuzlu media platformalarından olan "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi son günlərin mühüm siyasi hadisəsinə çevrilərək yalnız regional çərçivədə deyil, həm də beynəlxalq aləmdə Azərbaycanın artan rolunu nümayiş etdirdi. Müsahibə təkcə Körfəz ölkələrinə deyil, həm də Avropa, ABŞ, türk dünyası və ümumiyyətlə, beynəlxalq ictimaiyyətə ünvanlanmış çoxşaxəli mesajlarla zəngin idi.

Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişaf modelindən, enerji təhlükəsizliyindəki rolundan, cəmiyyətimizdəki dini və ictimai harmoniyadan, regiondakı yeni geosiyasi reallıqlardan danışaraq, ölkəmizin həm stabil dövlət, həm də qlobal oyunçu kimi mövqeyini böyük uğurla təqdim etdi. 


Sülh və inkişaf strategiyası 


Azərbaycan Prezidenti televiziya əməkdaşının suallarına cavab olaraq Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından və Birgə Bəyannamənin imzalanmasından sonra regionda dayanıqlı sülh perspektivləri ilə bağlı fikirlərini də bölüşdü. Qeyd etdi ki, əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, bu dövlət ciddi çətinliklərlə üzləşəcək: "Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik".

Dövlətimizin başçısının şərhinə görə, Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq: "Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil".

 Azərbaycan Prezidenti söhbət zamanı bir daha vurğuladı ki, biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlarıq və ölkəyik: "Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi. Müharibəmiz azadlıq müharibəsi idi. Müharibəni öz torpaqlarımızda, ədalətin bərpası naminə aparmışıq".

Müsahibənin Azərbaycanın körfəz ölkələri ilə strateji tərəfdaşlıq məsələləri ilə bağlı məqamları da böyük maraq cəlb edir. Azərbaycan Prezidenti xatırlatdı ki, BƏƏ-nin ADNOC şirkəti və digər investorlar Azərbaycanın enerji layihələrində fəal iştirak edirlər. Bu, təkcə iqtisadi fayda deyil, həm də siyasi müttəfiqlik deməkdir. Ərəb dünyasına verilən əsas mesajlardan biri Azərbaycanın bu ölkələrlə iqtisadi tərəfdaş olmaqla yanaşı, geosiyasi müttəfiq ola bilməsinin də mümkünlüyü idi. "Hazırda biz geniş əməkdaşlıq portfeli üzərində işin həqiqətən fəal mərhələsindəyik. Siyasi əlaqələr mükəmməldir. Biz əsas diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında praktiki investisiya layihələrinə yönəldirik. Beləliklə, bir çox layihələr reallaşma mərhələsindədir. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini biz Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik. Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar yaradacaq. Bu, bizim xarici siyasət gündəliyimizin böyük bir hissəsidir. Deyərdim ki, körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir", - dövlətimizin başçısı qeyd etdi.


Dünyanın qovuşacağı yol


Prezident İlham Əliyev müsahibədə qonşu ölkələrlə, o cümlədən İranla bağlı məsələlərdə hər zamankı kimi yüksək diplomatik məharət və balanslı yanaşma nümayiş etdirdi, bununla bağlı fikirlərini strateji maraq və regional stabillik kontekstində qurdu. İranı regional aktor kimi qəbul etməklə bərabər, digər tərəfdən Azərbaycanın milli maraqlarını da ön plana çəkdi. Bu yanaşma ilə beynəlxalq auditoriya qarşısında qətiyyətli bir mövqe təqdim etmiş oldu ki, Azərbaycan qonşu ölkələrlə əməkdaşlığa açıqdır, amma suveren maraqlarından bundan sonra da geri çəkilməyəcək və milli təhükəsizliyinə prioritet verəcək. 

Bu baxımdan, müsahibədə rəsmi adı "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" olan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyi də aydın şəkildə ifadə olunurdu. Azərbaycan dəhlizin beynəlxalq hüquqa uyğun açılmasını dəstəkləyir və bütün region ölkələrinin faydasına olacaq bu qlobal layihənin tez bir zamanda reallaşmasından ötrü lazımi addımları atmağa çalışır, amma bütün bunları həm də yaxın qonşlarımızdan olan İranla münasibətləri gərginləşdirmədən edir.

Müsahibədə tranzit dəhlizləri, enerji və ticarət layihələri ilə bağlı səsləndirilən fikirlər Azərbaycan-İran münasibətlərinin gələcək perspektivini göstərir. Ölkəmizin getdikcə genişlənən dəhlizlər və logistika imkanları regionda açıq və stabildir, bu isə İranla əməkdaşlıq üçün də böyük imkanlar yaradır. Bu yanaşma bir tərəfdən strateji sabitliyi qoruyur, digər tərəfdən isə iqtisadi əməkdaşlıq üçün diplomatik zəmin yaradır. Bu fikirlərdən də görünür ki, Azərbaycan dövlətinin strateji məqsədi regionda tarazlı vəziyyət yaratmaq, qonşu ölkələrlə qarşıdurmalardan uzaq durmaq, eyni zamanda Azərbaycanın dəhliz və enerji layihələri üçün maneəsiz imkanları bundan qarşılıqlı faydalar yaradan hər kəsin üzünə açmaqdır. "…Əslində, Zəngəzur dəhlizi təkcə "Şərq-Qərb" deyil, həm də "Şimal-Cənub" nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən "Şimal-Cənub" marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. …Mən bilirəm ki, İran Hökuməti bunu başa düşür və Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün hər şeyi edəcək", - deyə cənab İlham Əliyev qeyd etdi.


Türk dünyası XXI əsrin əsas güc mərkəzlərindəndir


Prezident İlham Əliyevin müsahibə zamanı fikirlərini bölüşdüyü daha bir əhəmiyyətli mövzu dini harmoniyanın siyasi əhəmiyyəti xüsusunda oldu. Dövlətimizin rəhbəri Azərbaycanın bu sahədə yaratdığı parlaq nümunəni uğurla təqdim edə bildi. Azərbaycan şiə və sünni vətəndaşların hər hansı təriqət fərqi hiss edilmədən bir ailə kimi yaşadığı nadir müsəlman ölkələrindən biridir. Bu, xüsusən ərəb dünyasında, məzhəb qarşıdurmalarının ciddi nəticələr doğurduğu bir coğrafiyada model təcrübə kimi təqdim edilir. Azərbaycan Prezidenti ölkəmizin multikultural dəyərlərinə, dinlərarası dialoq təşəbbüslərinə də toxundu. "Bakı Beynəlxalq Humanitar Forumu", "Mədəniyyətlərarası Dialoq" təşəbbüsləri kimi beynəlxalq tədbirlər ölkəmizin dünyada dini və mədəniyyətlərarası körpü rolunu daha da gücləndirməkdədir. Bu fikirlər iki siyasi məqsədə çatmış oldu. İlk növbədə, ərəb ölkələrinə göstərildi ki, Azərbaycan müsəlman həmrəyliyinə real töhfə verən dövlətdir. Qərb ictimaiyyətinə isə Azərbaycanın tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində böyük qlobal faydalar yaradan mütərəqqi nümunəsi təqdim edildi. Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar bildirdi: "Mənim müsəlman dövlətlərinin aparıcı dini rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər onu göstərir ki, islam dünyasında istər siyasi olsun, istər dini sahədə bizim rolumuz yüksək qiymətləndirilir. Biz göstəririk ki, bu mümkündür və biz uğur hekayəsini nümayiş etdiririk. Biz göstəririk ki, burada sülh, sabitlik və rahatlıq mövcuddur. İnsanların məhz buna ehtiyacı var". 

Müsahibənin daha bir mühüm hissəsi də türk dünyası və regional inteqrasiya məsələlərinə, o cümlədən Türk Dövlətləri Təşkilatının fəaliyyətinə həsr edilmişdi. Cənab İlham Əliyev Türkiyə ilə münasibətlərə, "Şuşa Bəyannaməsi"nə xüsusi toxundu, qardaş ölkə ilə münasibətləri "strateji müttəfiqlikdən də yüksək" adlandırdı, "Şuşa bəyannaməsi"ni hərbi-siyasi ittifaqın əsası kimi təqdim etdi. Bununla bağlı fikirlərin yaratdığı əsas qənaət, verdiyi başlıca mesaj bundan ibarətdir ki, Azərbaycan regional təhlükəsizlikdə əsla tək deyil, Türkiyə ilə birlikdə hər hansı təhdidə cavab verə biləcək gücdədir.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı strateji baxışını da bölüşərək bu qurumun perspektivlərini qlobal oyunçu statusuna qədər böyüyəcək bir birlik kimi təsvir etdi. Bu, yalnız mədəni bağların deyil, həm də iqtisadi, siyasi və hərbi inteqrasiyanın dərinləşəcəyini göstərir. Prezidentin sözlərindən hiss etmək çətin deyil ki, türk dünyası XXI əsrin əsas güclərindən birinə çevriləcək və Azərbaycanın da fəal iştirakı ilə buna doğru ardıcıl, effektiv addımlar atılır.


Azərbaycan Rusiya ilə münasibətlərdə konstruktiv və hüquqi yanaşma tərəfdarıdır


Dövlətimizin başçısı "Əl-Ərəbiyyə" əməkdaşının suallarına cavab olaraq Azərbaycan-ABŞ münasibətlərinə də toxundu, keçmiş Bayden administrasiyasının Azərbaycanla dostluğu qiymətləndirməməsini, ikitərəfli əlaqələri sıfıra endirməsini xatırlatdı. Bunun qarşılığında, ABŞ-nin indiki prezidenti, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına böyük töhfələr verən Trampın səmimi, cəsarətli, sülhpərvər mövqeyi bir daha təqdir olundu. Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin birlikdə onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürmələri faktı diqqətə çatdırıldı. Bütün bunlar Azərbaycan-ABŞ münasibətlərinin indiki inkişaf səviyyəsini və ölkəmizin milli-strateji maraqları nəzərə alınmaqla yaxın gələcəkdə daha da inkişaf edəcəyini göstərir. 

Nəticə etibarilə, müsahibədə həm ABŞ ilə, həm də digər böyük dövlətlərlə bağlı səslənən mesajlar Azərbaycanın qlobal və regional tərəfdaşlarla balanslı siyasət yürütmək qabiliyyətini göstərir. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, Azərbaycan həm strateji tərəfdaşlıqdan yararlanır, həm də milli maraqlarını qoruyur.

Müsahibədə Rusiya ilə münasibətlərin cari vəziyyəti kontekstində səsləndirilən fikirlər də bir neçə vacib məqamı ortaya qoydu. Azərbaycan və Rusiya münasibətləri hazırda mürəkkəb və çoxsəviyyəlidir. Ölkəmiz bütün məsələlərdə, o cümlədən ötən ilin dekabrında sərnişin təyyarəmizin Rusiya tərəfindən vurulması məsələsində, ardınca Rusiyadakı soydaşlarımıza qarşı başlanmış təzyiqlərdə, zorakılıq aktlarına münasibətdə konstruktiv və hüquqi yanaşmaya üstünlük verir, eyni zamanda vətəndaşlarının təhlükəsizliyini qorumaqda qətiyyətlidir. 


Qlobal enerji diplomatiyasında nüfuzlu iştirakçı


Suallara cavablar zamanı Avropa İttifaqına yönəlmiş mesajlar da diqqət çəkdi. Dövlət rəhbərimiz Azərbaycanın Avropaya qaz ixracını artıracağını və bunun enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Ümumilikdə müsahibənin əsas xətlərindən biri enerji diplomatiyası və burada Azərbaycanın rolu ilə bağlı idi. Dövlətimizin başçısı bu müstəvidə ölkəmizin yerini və rolunu, həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində qlobal əhəmiyyətini dəqiq şəkildə ifadə etdi. Yaxın illərdə Avropaya qaz ixracı daha da artırılacaq. Avropa İttifaqının enerji təhlükəsizliyi üçün bu, çox mühüm əhəmiyyət daşıyır. Avropanın Rusiyadan asılılığının azaldılması fonunda Azərbaycan qazı strateji alternativ kimi təqdim olunur.

Ölkəmizin "yaşıl enerji" perspektivləri də kifayət qədər böyükdür. Belə ki, Xəzər dənizində külək və günəş enerjisi, Qarabağda hidroenerji layihələri Azərbaycanın enerji xəritəsini dəyişməkdədir. Ərəb ölkələri ilə əməkdaşlıq - xüsusən BƏƏ və Səudiyyə Ərəbistanının nəhəng enerji şirkətləri ilə birgə layihələr - Azərbaycanın bərpaolunan enerji diplomatiyasını gücləndirir. Cənab İlham Əliyev müsahibəsində bir daha açıq mesaj verdi ki, ölkəmiz yaxın onillikdə yalnız karbohidrogen ölkəsi yox, həm də "yaşıl enerji" ixracatçısı olacaq. Bu, Azərbaycanın Avropa ilə uzunmüddətli əməkdaşlığını təmin edəcək strateji mövqedir. 

Ümumən suallara cavablarda əsas xətlərdən, təlqin edilən ideyalardan biri Azərbaycanın nümunəvi model kimi təqdimatı, ölkəmizin bir çox sahələrdə digər dövlətlər üçün örnək yarada biləcəyi idi. Bu, enerji sahəsində - diversifikasiya və bərpaolunan enerji, daxili siyasətdə - dini tolerantlıq və məzhəb harmoniyası, xarici siyasətdə - balanslı, amma təşəbbüskar kurs, regional inteqrasiyada - türk dünyasının lokomotivi rolunda çıxış örnəyidir. Bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir. Azərbaycanın artıq beynəlxalq miqyasda hörmət edilən güc mərkəzinə çevrildiyini göstərir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!