Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi ardıcıl səylərə görə, Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb. Bu mükafat Azərbaycanın sülh naminə atdığı addımların dünya ictimaiyyəti tərəfindən qəbul edildiyinin göstəricisidir.
Xatırladaq ki, bu mükafatın adını daşıyan Gernika hadisəsi bəşəriyyət tarixinin ən acı səhifələrindən biridir. 89 il əvvəl - 26 aprel tarixində İspaniyanın Gernika şəhəri amansızcasına bombalanmışdı. Həmin gün dinc əhaliyə qarşı törədilmiş bu cinayət ötən əsrin ən dəhşətli və qanlı hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Gernika qurbanlarının anım günü hər il ehtiramla qeyd edilir. Məşhur rəssam Pablo Pikassonun 1937-ci ildə yaratdığı eyniadlı əsəri ilə simvola çevrilən bu faciə müharibənin gətirdiyi fəlakətlərin unudulmaması üçün bir xəbərdarlıq rolunu oynayır. Əsər bədii dəyəri ilə yanaşı, müharibənin dəhşətlərini və humanitar fəlakətləri təsvir edən dərin siyasi məzmuna malikdir. O onilliklərdir ki, qlobal miqyasda zorakılığa qarşı etirazın və sülh ideallarının əsas simvolu kimi qəbul olunur.
"Sülh və Barışıq üçün Gernika mükafatı"nın iki əsas məqsədi var. İlk növbədə bu mükafat tarixi unutmamaq və Gernika faciəsinin acı xatirəsini daim yaşatmaq məqsədi daşıyır. Bununla yanaşı, bu təltifin ikinci ən mühüm hədəfi müharibələri dayandırmaq, barışıq yaratmaq və sülh proseslərinə böyük töhfə vermək istəyən liderləri, habelə şəxsiyyətləri dünyaya tanıtmaqdan ibarətdir. Mükafat keçmişin qanlı dərslərindən nəticə çıxararaq yeni müharibələrin qarşısını almaq üçün mənəvi və siyasi bir istinad nöqtəsidir. Xülasə, mükafat həm keçmişin ağrılarını xatırladır, həm də gələcəyin sülh qurucularına beynəlxalq mənəvi dəstək nümayiş etdirir.
Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi onun Cənubi Qafqazda apardığı uzaqgörən və çoxşaxəli siyasətinin nəticəsidir. Azərbaycan və Ermənistan arasında illərdir davam edən münaqişədən sonra sülhün bərqərar olması regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. İlham Əliyevin təşəbbüsləri sayəsində tərəflər arasında birbaşa dialoq imkanları genişlənib və yeni mərhələyə qədəm qoyub. Eyni zamanda regionda kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin bərpası və iqtisadi əməkdaşlıq üçün real zəmin yaranıb. Bununla yanaşı, regionda sabitliyi təmin edəcək sülh müqaviləsinin hazırlanması və dövlət sərhədlərinin dəqiq müəyyənləşdirilməsi istiqamətində mühüm diplomatik nailiyyətlər əldə olunub.
Bu yüksək mükafat sülh naminə göstərilən hər bir səyin dünya birliyi üçün mühüm dəyər daşıdığını və diqqətdən kənarda qalmadığını sübut edən növbəti bir nümunədir. Gernika kimi faciələrin bir daha təkrarlanmaması üçün sülh yolunda atılan hər bir addım bəşəriyyət üçün böyük qazanc, gələcək nəsillər üçün isə mənəvi mirasdır.
Təhminə VERDİYEVA,
"Azərbaycan"