Mayın 6-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi çərçivəsində "Möcüzə qida – Ana südü" adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunub.
Tədbir TƏBİB-in tərəfdaşlığı, Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Nutrisiologiya və Diyetologiya Assosiasiyası ilə birgə həyata keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev çıxışında qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir. Bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbiri "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsidir. Bu layihə sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır deyə bilərik. Elmi əsaslarla sübut olunub ki, sağlam qidalanma qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir. “Əsas məqsədimiz sağlam və təhlükəsiz qidalanmanı davamlı davranış modelinə çevirməkdir. Layihə, ümumilikdə, hər bir vətəndaşa hədəflənib, çünki sağlam və təhlükəsiz qidalanma hər kəsin həyatı və sağlamlığı üçün vacibdir. Bu gün burada toplanmağımızın məqsədi insan həyatının ən vacib dövrlərindən biri olan erkən uşaqlıq mərhələsində ana südünün əvəzedilməz rolunu bir daha xatırlatmaq, bu sahədəki elmi yanaşmaları paylaşmaq və cəmiyyətimizi bu mövzuda daha da maarifləndirməkdir”, – deyə R.Nəbiyev əlavə edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı Tibbi Xidmətin Departament müdiri Nəzrin Mustafayeva bildirib ki, bu gün ölkəmizin gələcək inkişafı planında səhiyyə sektorunun əsas fəaliyyətinin mərkəzində körpə sağlamlığının qorunması və inkişafı dayanır. Bu məqsədə çatmaq üçün yol məhz bugünkü mövzulardan, müzakirələrdən başlayır: “Respublikanın səhiyyə xidmətinin böyük qismini təmin edən, habelə doğuşayardım və neonatal xidmətin əsas aparıcı müəssisələrini idarə edən bir qurum olaraq, bu sahədə olduqca əhəmiyyətli fəaliyyətləri icra etmişik. 5 müəssisə son bir ildə olmaqla, ümumilikdə, 15 “körpə dostu” klinikası təyin edilib. Bu siyasətin mərkəzində dayanan əsas amil, doğuşdan sonrakı ilk saat ərzində dəri təması və ana südü ilə qidalanmaya başlamaqdır”.
Konfrans AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. Validə Sadıxova çıxışında ana südünün tərkibinin nə qədər zəngin olduğunu sübut edən çox sayda tədqiqatların olduğunu deyib: “Bizi ən çox təəccübləndirən ana südünün tərkibinin adaptiv bir maye olmasıdır. Bu, həqiqətən də möcüzəvi bir qidadır. Ananın orqanizmi körpənin tələbatına, sağlamlıq vəziyyətinə uyğun süd istehsal edə bilir”.
Uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, ÜST-nin nümayəndəsi Elturan İsmayılov, psixoloq-psixosomatik İradə İmanova "Ana südünün əhəmiyyəti" mövzusunda fikirlərini bölüşüblər.
Tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və çağırışlar” panelində çıxış ediblər.