Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakıda müvafiq hazırlıq tədbirləri həyata keçirilib. Şəhərin parkları, meydan və küçələri bəzədilib, müxtəlif yerlərdə Yeni il atributları, işıqlı çilçıraqlar və digər dekorativ bəzəklər quraşdırılıb, bayram yarmarkaları təşkil edilib.
Dənizkənarı Milli Park, İçərişəhər, Fəvvarələr meydanı, eləcə də digər park və meydanlardakı Yeni il hazırlıqları Bakının mənzərəsini daha da gözəlləşdirib. Paytaxtın müxtəlif yerlərindəki maraqlı kompozisiyalar göz oxşayır, yüksək bayram əhvali-ruhiyyəsi yaradır.
Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov və Niyazi küçələri ilə yanaşı, bu il İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti də 2023-cü ilin gəlişi şərəfinə bəzədilib. "Azneft" dairəsində xüsusi və fərqli tərtibatla 20 metr, Mərkəzi Parkda isə 16 metr hündürlüyündə Yeni il şam ağacı kompleksi hazırlanıb. Hazırlıq işləri çərçivəsində dekabrın 17-də Bakı şəhəri ərazisində "Yeni ilə təmiz şəhərlə" devizi altında ümumşəhər daxili iməciliyi də keçirilib. Nəticədə, şəhərin əksər meydan və parklarında Yeni il şam ağacları quraşdırılıb və digər işlər görülüb.
Dekabrın 1-dən etibarən isə Bakının Fəvvarələr meydanında "Soyuq Əllər, İsti Ürək" Xeyriyyə Yarmarkası fəaliyyətə başlayıb. Yarmarkanın unikal Yeni il konsepti Avropa modernizmi ilə Şərq üslubunun harmoniyası və sosial vəziyyəti zəif olan ailələrə yardım məqsədli olması xüsusi diqqət çəkir. Yarmarkada 64 böyük və 20 balaca ev, 3 ikimərtəbəli restoran, müxtəlif köşklər və tematik zonalar quraşdırılıb. Qonaqlar bu evlərdən maraqlı Yeni il hədiyyələri - suvenirlər, kitablar, geyimlər və sair əldə edə, kafelərdə fərqli isti və ya soyuq içkilərdən içə, münasib qiymətə Qərbin və Şərqin unikal ləzzətli təamlarını dada və müxtəlif oyunlar oynaya bilərlər.
Bakıda həmçinin müxtəlif konsert proqramlarının keçirilməsi üçün səhnəciklər də quraşdırılıb. Paytaxt sakinlərini və şəhərimizin qonaqlarını Yeni il ərəfəsində maraqlı sürprizlər, canlı musiqilər də gözləyir. Bir sözlə, paytaxt sakinlərinin, xüsusilə də uşaqların bayramda doyunca əylənmələri üçün, demək olar ki, bütün lazımi şərait yaradılıb. Uşaqlar xüsusilə Dənizkənarı Milli Parkda tez-tez gözə dəyən Şaxta baba və Qar qızla, marallarla və digər Yeni il personajları ilə maraqlı şəkillər çəkdirə, müxtəlif şou-kompozisiyalara tamaşa edə və xüsusi işıqlandırılmış attraksionlarda əylənə bilərlər.
Bayram hazırlıqları Bakının gözəlliyinə gözəllik qatıb. Təsadüfi deyil ki, həmişəkindən daha gözəl görünən paytaxtımız təkcə yerli əhalinin deyil, turistlərin də diqqətini cəlb edir. Yeni il ərəfəsində Qərb və Şərq ənənələrinin unikal sintezi küləklər şəhərinə çox yaraşır.
Nəzrin QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"