Yanvar ayının 21-də Azərbaycanın Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin 5-ci ildönümünün təntənə ilə qeyd olunduğu, “Konstitusiya və Suverenlik İli” elan olunmuş 2025-ci il xalqımızın və dövlətimizin tarixinə növbəti uğurlu il kimi daxil olub.
Qeyd edilib ki, hesabat ilində, həmçinin iqtisadiyyatın inkişafı, yeni investisiya layihələrinin, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin icrası müvəffəqiyyətlə davam etdirilməklə, vətəndaşların sosial rifah halının yüksəldilməsi təmin edilib.
Baş prokuror 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, bu nailiyyətin tarixi Qələbəmizdən sonra əldə edilmiş ən mühüm uğurumuz olduğunu qeyd edib.
Dövlətimizin başçısının prokurorluq əməkdaşlarına göstərdiyi yüksək qayğının nəticəsi olaraq hesabat ilində Pirallahı, Nəsimi və Binəqədi Rayon prokurorluqlarının yeni inzibati binaları, habelə Bakı Şəhər Prokurorluğunun yeni korpusu açılaraq prokurorluq əməkdaşlarının istifadəsinə verilib.
Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, 2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14 min 104 cinayət hadisəsi qeydə alınıb ki, onların 93,4 faizinin açılması təmin olunub.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adamöldürmə cinayətlərindən və 19 qəsdən adamöldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adamöldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.
Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 258 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 212 şəxs barəsində 182 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 13 milyon 827 min 887 manat məbləğində maddi ziyanın 8 milyon 243 min 898 manatı və ya 59,6 faizinin ödənilməsi təmin olunub.
Paytaxtın daxili işlər orqanlarında 5484 cinayət işinin istintaqı tamamlanaraq 4312 işin məhkəmələrə göndərilməsi təmin edilib.
Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb. Belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 1-i isə tutduğu vəzifədən azad olunub.
Baş prokuror Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.