Göllər, bataqlıqlar, buzlaqlar: bir çox su ehtiyatları tükənib və bəşəriyyət üçün həmişəlik itirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.
“Artıq böhran haqqında danışmaq kifayət deyil”, - deyə BMT-nin Su Resursları, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru, su ehtiyatları üzrə yeni hesabatın aparıcı müəllifi Kaveh Madani bildirib. “Böhran” sözü bərpa oluna biləcək müvəqqəti vəziyyəti nəzərdə tutur. Lakin hesabat başqa bir reallığı da göstərir. Bir çox yerlərdə su ehtiyatları insan həyatı üçün əhəmiyyət kəsb edən müddətlər ərzində artıq bərpa olunmur. Buna görə də hesabatda şirin su ehtiyatlarının geri dönməz itkisini ifadə edən “su müflisliyi” anlayışından istifadə olunur.
1990-cı illərin əvvəlindən etibarən dünyanın ən iri göllərinin yarıdan çoxunun suyu quruyub. Əsas yeraltı su hövzələrinin təxminən üçdə ikisi su səviyyəsinin uzunmüddətli azalmasını nümayiş etdirir. Onlarla çay ilin müəyyən aylarında artıq dənizə tökülmür. 1970-ci illərdən bəri buzlaq kütləsinin təxminən üçdəbiri itirilib.
K.Madani qeyd edir ki, dünya üzrə şirin su ehtiyatlarının 70 faizi kənd təsərrüfatı üçün istifadə olunur. Bu isə xüsusilə də Asiyada su qıtlığı probleminin daim kəskinləşməsinə səbəb olur. Burada fermerlər məhsulu təkcə öz əhalisi üçün deyil, həm də əsasən Qlobal Şimal ölkələri üçün istehsal edirlər. Əksər hallarda bu, insanların dolanışığı üçün yeganə yoldur.
“Strateji baxımdan, bu ölkələr iqtisadiyyatlarını şaxələndirməli və sənayeləşdirməlidirlər ki, kənd təsərrüfatından bu qədər asılı olmasınlar”, – deyə Madani bildirib. Bu, bir anda baş verməyəcək, lakin belə bir imkan artıq mövcuddur.
Asiyadan başqa Yaxın Şərq və Şimali Afrika da şirin su çatışmazlığından ciddi əziyyət çəkir. Eyni vəziyyət ABŞ-ın cənub-qərb hissəsi üçün də xarakterikdir.
“BMT hesabatının əsas mesajı ümidsizlik deyil, məlumatlanmaqdır”, – deyə Madani vurğulayıb. Problemi nə qədər tez həll etsək, bir o qədər çox seçimimiz qalacaq. Artıq hazırda təxminən dörd milyard insan ildə ən azı bir ay kəskin su çatışmazlığından əziyyət çəkir. Üç milyard insan isə su ehtiyatlarının azaldığı ərazilərdə yaşayır. Hesabatda su qıtlığının əlavə səbəbləri kimi yeraltı suların çirklənməsi, torpağın münbitliyinin pisləşməsi və meşələrin qırılması göstərilir. Qlobal istiləşmə bu problemi daha da dərinləşdirir.