“Azəri-Çıraq-Günəşli” hələ uzun illər Azərbaycana gəlir gətirəcək
“Azəri-Çıraq-Günəşli”(AÇG) yataqları 27 ildir etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir və 24 ilə yaxındır ahəngdar şəkildə neft-qaz verir.
Hazırda bu yataqlar blokundan hasil edilən karbohidrogenlər platformalardan sualtı xətlərlə Səngəçal terminalına çatdırılır və buradan ixrac marşrutları ilə istehlakçılara yola salınır.
Prezident İlham Əliyev “Azəri-Çıraq-Günəşli”də hasilatın sabit saxlanılmasının vacib məsələ olduğunu qeyd edərək dəfələrlə vurğulamışdır ki, bu yataqlar bizim əsas gəlir mənbəyimizdir və bunu hər kəs bilməlidir.
Budur, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr departamenti AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin yanvar-iyul aylarında əldə olunan gəlirlərin həcmini açıqlayıb. 7 ay ərzində bu gəlirlər 2 milyard 903,2 milyon ABŞ dolları təşkil edib. 2001-ci ildən bu il avqustun 1-dək isə AÇG üzrə əldə edilən ümumi gəlirlər 152 milyard 308 milyon dollar olub. Dövlət Neft Fondunun 2020-ci ildə AÇG layihəsi üzrə gəliri 3 milyard 522,7 milyon dollar təşkil etmişdi.
Bu faktların özü də göstərir ki, AÇG Azərbaycan iqtisadiyyatının dayaq sütunlarından biri olaraq qalır.
Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur. AÇG layihəsinin operatoru olan bp şirkətinin məlumatına görə, ilin birinci yarısında bu yataqlar blokundan ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton neft hasil edilib. Gündə orta hesabla “Çıraq”dan 30 min, “Mərkəzi Azəri”dən 111 min, “Qərbi Azəri”dən 118 min, “Şərqi Azəri”dən 78 min, “Dərinsulu Günəşli”dən 88 min və “Qərbi Çıraq”dan 43 min barel neft alınıb. Beləliklə, AÇG-nin gündəlik orta hasilatı 468 min barel təşkil edib.
“Azəri Mərkəzi Şərqi” AÇG-nin 9-cu platforması olacaq. Məlum olduğu kimi, 2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanmışdır. Saziş 2050-ci ilin əvvəlinədək davam edəcək. Bununla bağlı “Azəri Mərkəzi Şərqi” layihəsi həyata keçirilir. Yeni platforma da bu layihə çərçivəsində tikilir.
Müqaviləyə əsasən, “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə quruda və dənizdə bir sıra tikinti-quraşdırma işləri həyata keçirilir. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, digər neft-qaz layihələrində olduğu kimi, burada da də işlər vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz aparılır.
Adətən, yeni platformalardan hasilatı qəbul etmək üçün Səngəçal terminalında müəyyən tikinti-quraşdırma işləri görülür. Bu baxımdan “Azəri Mərkəzi Şərqi” də istisna təşkil etmir. Belə ki, terminalda yerləşəcək yeni nəzarət otağının layihələndirilməsi tamamlanıb və planlaşdırılmış modifikasiya işlərinə bu ilin dördüncü rübündə başlanacaq.
Ümumilikdə 2023-cü ildə “Azəri Mərkəzi Şərqi”dən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.
Qeyd edək ki, Azərbaycanın qaz potensialının da önəmli hissəsi AÇG yataqları hesabına formalaşır. Buradan çıxarılan səmt qazının bir hissəsi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Mavi yanacağın xeyli hissəsi isə Azərbaycanın daxili istifadəsi üçün Səngəçal terminalından SOCAR-a məxsus kəmərlə “Azəriqaz” şəbəkəsinə ötürülür.
AÇG layihəsində bp (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), “Ekvinor” (7,27 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş Limited (2,31 faiz) şirkətləri tərəfdaşlıq edirlər. AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli”nin tammiqyaslı işlənməsi müqaviləsi imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu bildirmişdilər. İndi mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər. Deməli, AÇG hələ uzun illər neft və qaz verəcək, ölkəmizə yenə də rifah, xeyir-bərəkət gətirəcək.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!