Bir müddət əvvəl Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Nümayəndə heyətini Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov qəbul edib. Görüşdə Azərbaycanla Avropa Komissiyası arasında Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Avropa Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri və nəqliyyat-kommunikasiya imkanlarının müzakirəsi Bakı ilə Brüssel arasında münasibətlərin strateji əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycanın coğrafi mövqeyi, Şərq ilə Qərb arasında tranzit imkanları, enerji təhlükəsizliyindəki rolu və regionda formalaşan yeni nəqliyyat marşrutları Avropa İttifaqının ölkəmizə marağını şərtləndirən əsas amillərdəndir. Bu əməkdaşlığın perspektivləri daha geniş iqtisadi və siyasi əlaqələri əhatə edir.
Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında deyib ki, müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat və logistika dövlətlərin iqtisadi dayanıqlılığına, regional əməkdaşlığa və beynəlxalq ticarətin təhlükəsizliyinə birbaşa təsir göstərən strateji vasitələrə çevrilib. Bu baxımdan Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində nəqliyyat-kommunikasiya məsələlərinin ön plana çıxması təsadüfi deyil: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi mövqeyə malikdir. Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxış, dəmir yolları və avtomobil magistralları, dəniz limanı infrastrukturu ölkəmizə beynəlxalq yükdaşımalar sistemində əhəmiyyətli imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın tranzit ölkə kimi rolunu daha da aktuallaşdırır. Avropa üçün bu marşrut Asiya bazarlarına çıxışın şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlılığının artırılması və alternativ nəqliyyat istiqamətlərinin inkişafı baxımından əhəmiyyətlidir. Qlobal geosiyasi gərginliklər, beynəlxalq ticarətdə yaranan risklər və logistika zəncirlərində baş verən dəyişikliklər Avropa İttifaqını daha etibarlı və rəqabətqabiliyyətli bağlantılar axtarmağa sövq edir. Azərbaycan isə bu strategiyanın həyata keçirilməsində mühüm tərəfdaşlardan biri kimi çıxış edir. Lakin nəqliyyat dəhlizinin səmərəliliyi yalnız coğrafi mövqedən asılı deyil. Limanların, dəmir yollarının və avtomobil magistrallarının imkanlarının artırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gömrük sistemlərinin rəqəmsallaşdırılması və tarif siyasətinin əlaqələndirilməsi də mühüm şərtlərdir. Bu istiqamətlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı iqtisadi maraqlara xidmət edir”.
Deputat qeyd edib ki, Avropa Komissiyasının Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə marağını bir neçə mühüm amillə izah etmək olar. İlk növbədə, Avropa İttifaqı üçün nəqliyyat marşrutlarının şaxələndirilməsi iqtisadi təhlükəsizlik məsələsidir. Digər mühüm amil Azərbaycanın enerji sahəsindəki roludur. Azərbaycan uzun illərdir Avropa bazarına təbii qaz tədarük edən ölkələrdən biridir. Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verir. Avropa İttifaqı Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir. Bu region enerji resursları, xammal, sənaye və ticarət baxımından böyük potensiala malikdir. Azərbaycan isə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqazı, oradan da Avropa bazarlarını birləşdirən mühüm tranzit halqasıdır.
K.Nurullayeva bildirib ki, nəqliyyat bağlantıları enerji, rəqəmsal infrastruktur, investisiya və sənaye əməkdaşlığı üçün də yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycanla münasibətlərin inkişafı Brüssel üçün daha geniş regional iqtisadi strategiyanın tərkib hissəsidir: “Son illərdə Orta Dəhlizin beynəlxalq əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya uzanan bu marşrut alternativ ticarət bağlantısı kimi diqqət çəkir. Azərbaycanın bu istiqamətdəki üstünlüyü təkcə coğrafi mövqeyi deyil. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, avtomobil yolları və digər nəqliyyat infrastrukturu ölkənin beynəlxalq logistika sistemindəki rolunu gücləndirir. Bununla yanaşı, Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılması üçün Xəzər dənizində daşımaların təşkili, limanların ötürücülük qabiliyyəti, sərhədlərdə gözləmə müddətləri və müxtəlif ölkələrin nəqliyyat sistemləri arasında koordinasiya məsələləri həllini tapmalıdır. Avropa İttifaqı da bu reallığı nəzərə alaraq Azərbaycanla nəqliyyat əməkdaşlığını konkret layihələrlə möhkəmləndirməyə çalışır. 2026-cı il yanvarın 28-də tərəflər Aİ-nin “Global Gateway” strategiyası və regionlararası bağlantılar gündəliyi çərçivəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Avropa Yenidənqurma və İnkişaf Bankının da iştirakı ilə Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması istiqamətində təşəbbüs irəli sürülüb. Bu layihə Transxəzər nəqliyyat marşrutunun inkişafı və regionda iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir”.
K.Nurullayeva əlavə edib ki, Naxçıvan istiqamətində nəqliyyat bağlantılarının inkişafı yalnız Azərbaycanın daxili nəqliyyat sisteminin bütövlüyü üçün deyil, daha geniş regional əməkdaşlıq baxımından da əhəmiyyət daşıyır. Lakin bu potensialın reallaşması dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında, praktiki razılaşmaların həyata keçirilməsindən asılıdır. “Avropa Komissiyasının Azərbaycanla əməkdaşlığının digər mühüm istiqaməti nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və rəqəmsal həllərin tətbiqidir. Yükün bir ölkədən digərinə daha sürətli və daha az xərclə çatdırılması üçün vahid məlumat mübadiləsi, elektron gömrük prosedurları, izləmə sistemləri və daşımaların planlaşdırılması mexanizmləri də vacibdir. Avropa İttifaqının “Global Gateway” strategiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Strategiyanın məqsədi nəqliyyat, enerji və rəqəmsal sahələrdə dayanıqlı bağlantıların inkişafına dəstək vermək, dövlət və özəl investisiyalar üçün imkanlar yaratmaqdır. Aİ-nin Azərbaycanla bağlı layihələri də iqtisadiyyatın şaxələndirilməsi, yaşıl və rəqəmsal keçid, infrastrukturun inkişafı kimi istiqamətləri əhatə edir”, – deyə o bildirib.
Deputat vurğulayıb ki, 2026-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında bağlantılar üzrə tərəfdaşlığın inkişaf etdirilməsi, yüksəksəviyyəli dialoqun qurulması və Bakıda regional investisiya konfransının təşkili kimi istiqamətlərin gündəmə gətirilməsi nəqliyyat məsələlərinin ikitərəfli münasibətlərdə artan rolunu göstərir. Avropa Komissiyasının sənədlərində də Azərbaycanın regionlararası bağlantılarda əsas qovşaqlardan biri kimi rolu xüsusi qeyd olunur.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”