27 Aprel 2024 08:25
229
SİYASƏT
A- A+

Azərbaycanın Zəfəri Avropa Parlamentinin yuxusunu ərşə çəkib

 

Bu riyakar qurum 2021-ci ildən bəri ölkəmizə qarşı qəbul etdiyi, lakin adi kağız parçası qədər dəyəri olmayan 8 qətnamə ilə özünü gülünc vəziyyətə salıb

 

Avropa Parlamenti bu il aprelin 25-də Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnaməsi ilə korrupsiya yuvası olduğunu bir daha nümayiş etdirdi. Bu rüşvətxor qurum bədnam əməli ilə ölkəmizə qarşı böhtan xarakterli  və ittihamlarla dolu qətnamələr qəbul etmək kimi murdar vərdişindən əl çəkmək istəmir. 
Bütün bunlar isə erməni lobbisinin oyuncağına çevrilən qurum və onun korrupsioner deputatlarının ölkəmizin Qarabağ Zəfərini həzm edə bilməməsinə görədir.   
Yoxsa, Avropa İttifaqının o boyda qurumuna nə düşüb ki, Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulması və sair kimi çoxsaylı problemlərlə məşğul olmaq əvəzinə, Azərbaycanla bağlı bədxah qətnamələr qəbul etsin? Təsəvvür edin, Vətən müharibəsindən sonra - konkret olaraq 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələrlə Azərbaycana qarşı 8 qətnamə qəbul edib. 

 

Delimitasiyanı alqışlamaq əvəzinə...

 

"Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam", - deyə - hələ 2022-ci ildə Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman Aİ-nin bu qurumunun ölkəmizə qərəzini bu sözlərlə ifadə etmiş və vurğulamışdı ki, bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir.
Avropa Parlamentinin 2024-cü il aprelin 25-də qəbul etdiyi növbəti bədnam qətnaməsinin məhz Azərbaycan ilə Ermənistan arasında ilk dəfə olaraq masa arxasında razılaşmaya gəlinməsi, 4 qeyri-anklav kəndin qaytarılması, delimitasiya ilə bağlı addımların atılması və iki ölkə arasında sərhəd dirəklərinin quraşdırılması kimi mühüm bir ərəfədə qəbul edilməsi ortada çirkin məqsədlərin olduğundan xəbər verir. Aydın görünür ki, müstəmləkəçi Fransanın əmri ilə oturub-duran AP indi də bölgədə sülhün əldə edilməməsi üçün qarayaxma kampaniyalarına start verib. Gözləri puldan başqa bir şey görməyən avroparlamentarilər xristian təəssübkeşliyi ilə ölkəmizə qarşı əsassız  ittihamlar irəli sürürlər. O da danılmaz reallıqdır ki, Aİ-nin bu qurumu bəzi Qərb dairələrinin Azərbaycana qarşı çıxdığı səlib yürüşünün təşkilatlandığı mərkəz kimi fəaliyyət göstərir. 
Korrupsioner qurumun qəbul etdiyi növbəti qərəzli qətnamədə insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atılır, heç bu əsasa dayanmayan yalan ittihamlar səsləndirilir. 
AP-nin qərəzli qətnaməsi bir sual da ortaya çıxarır ki, indi insan haqlarından ağız dolusu dəm vuran avroparlamentarilər, bəs 990-cı illərin əvvəllərində Ermənistan tərəfindən bir milyona yaxın azərbaycanlının hüquqlarının tapdalanmasına səsini niyə çıxarmayıb? Hansısa qətnamə qəbul etməyib, işğalçı ölkəyə sanksiyaların tətbiqindən dəm vurmayıb? Hansı ki həmin illərdə azərbaycanlılar yurdlarından didərgin salındı, etnik təmizləməyə, işgəncəyə, qətliamlara, soyqırımlarına məruz qaldı, çadır, vaqon, yataqxanalara sığınaraq acınacaqlı şəkildə yaşamağa başladı.
Sadalananlar nə uzaq keçmişdə, nə də əsrlər əvvəl baş verib, Ermənistanın xalqımıza qarşı törətdiyi bu mənfur əməllərin üzərindən cəmi 30 il keçib. Bu 30 ildə bir dəfə də olsun Avropa Parlamentinin "insan hüquqlarının qoruyucu"ları olan deputatları sadalanan məsələlərə görə toplaşmayıb, hansısa qətnamələr qəbul etməyib. Ermənistanın işğal altında illərlə saxladığı ərazilərimizi mina tarlasına çevirməsi bu gün də dədə-baba torpaqlarından didərgin düşən insanlarımızın öz yurdlarına qayıdışına mane olan başlıca əngəldir. Amma AP deputatları dəqiq mina xəritələrinin ölkəmizə verilməsi üçün İrəvana güldən ağır bir söz demir, yəni hər zaman olduğu kimi, ikili standart nümayiş etdirir, bununla həm də beynəlxalq təşkilat olaraq nüfuzunu yerlə bir edir. İnsan haqları barədə danışacaq dünyadakı son qurum olduğunu isbat edir. 

 

ABŞ Dövlət Departamentinin növbəti qərəzi

 

ABŞ Dövlət Departamentinin "2023-cü il üzrə insan haqlarına dair hesabatı" da başdan-başa böhtan xarakterlidir. ABŞ real vəziyyəti və gerçəklikləri əks etdirməkdən çox-çox uzaq olan bu hesabatları ilə digər ölkələrə təzyiq göstərmək məqsədi güdür. Lakin Dövlət Departamentinin hər il dünya ölkələrində "insan haqlarına" dair hesabatını artıq heç kəs ciddi qəbul etmir, çünki bu hesabatın riyakarlıqdan başqa bir şey olmadığı bilinir. İkinci və üçüncü dərəcəli ABŞ diplomatları tərəfindən ölkələrdə sosial mediada yayılan neqativ məlumatlar toplanıb dəqiqləşdirilmədən, heç bir peşəkar təhlil aparılmadan hesabata daxil edilməsi, əlbəttə ki, obyektiv ola bilməz. 
Əgər ABŞ dünyada "insan haqlarının keşikçisi" rolunu öz üzərinə götürübsə, hazırladığı hesabatları şayiələr, dedi-qodu üzərində qurmamalı, təsdiqini tapmış real faktlara əsaslanmalıdır. Həmçinin yaxşı olar ki, Dövlət Departamentinin hazırladığı bu hesabatda ABŞ-də tarix boyu mövcud olan rasizm, islamafobiya, miqrantların hüquqlarının pozulması, həbsxanalarda dözülməz şərait və sair kimi problemlər də öz əksini tapsın. 
Göründüyü kimi, Azərbaycanın qazandığı zəfərlərlə bölgədə reallığı dəyişdirməsi Avropa Parlamenti, ABŞ Dövlət Departamenti kimi qərəzli Qərb təsisatlarının yuxusuna haram qatıb. Buna görə də bu qurumlar ölkəmizə qarşı ard-arda qəbul etdikləri bədnam qətnamələrlə, hazırladıqları riyakar hesabatlarla həm qərəzlərini ortaya qoyurlar, həm də nüfuzlarını yerlə bir edirlər. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video