"Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən çoxvektorlu xarici siyasət kursunun əsas istiqamətlərindən biri də türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Prezident İlham Əliyev 14 fevral 2024-cü ildə andiçmə mərasimində çıxışında da demişdi ki, Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Siyasətçi dövlət başçısının ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünün də bunun bariz nümunəsi olduğunu və ilk belə bir Zirvə görüşünün Şuşa şəhərində baş tutduğunu xatırladıb. Macarıstanda ikinci qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi həm rəsmi Budapeşt, həm də Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər tərəfindən Prezident İlham Əliyevin təşəbbüsünə dəstəyin ifadəsidir. Ölkəmiz təşkilata üzv olan dövlətlərlə dostluq və qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər dövlətlərimiz arasında qarşılıqlı fəaliyyətin əsasını təşkil edir. "Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Ölkəmizin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü təşəbbüslər Türk Dövlətləri Təşkilatının institutlaşmasında, daha da güclənməsində, qlobal təsir imkanlarının artmasında böyük rol oynayır", - deyə V.Rəhimzadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın təşkilata üzv ölkələrin birliyinə daha bir töhfəsi isə Orta dəhliz layihəsidir. Prezident İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edərək bildirdi ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir.
V.Rəhimzadə əlavə edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Azərbaycanın həyata keçirdiyi layihələr Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun gücləndirilməsi, təşkilatın dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməsi baxımından olduqca əhəmiyyətlidir.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"