Respublikamızda son prezident seçkilərindən iki il ötür və bu müddət Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət siyasətinin yeni mərhələsi kimi tarixə düşüb. Bu zaman kəsiyi həm daxili idarəetmə sisteminin təkmilləşdirilməsi, həm də xarici siyasətdə strateji hədəflərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ötən illər göstərdi ki, dövlət siyasəti planlı, institusional islahatlara söykənən və nəticəyönümlü yanaşma üzərində qurulub. Bu dövrdə prioritetlərdən biri idarəetmənin çevik, şəffaf və effektiv mexanizmlərlə təmin olunması idi. Odur ki, idarəetmə strukturlarında institusional islahatlar aparıldı, qərar qəbuletmə prosesləri sürətləndirildi və dövlət orqanları arasında koordinasiya gücləndirildi. Eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionların tarazlı sosial-iqtisadi irəliləyişi təmin edildi. Sosial sahədə görülən tədbirlər dövlətin insan mərkəzli inkişaf strategiyasına sadiqliyini əyani şəkildə göstərdi. Sosial paketlərin əhatə dairəsinin genişləndirilməsi, əməkhaqqı və pensiyaların ardıcıl artırılması, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi əhalinin rifah səviyyəsinin yüksəlməsini prioritet sahəyə çevirdi. Bu addımlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həm sosial ədaləti, həm iqtisadi dayanıqlılığı, həm də institusional effektivliyi təmin edən ardıcıl idarəetmə modelinə əsaslanır.
Postmünaqişə dövrünün əsas vəzifələrindən olan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesi sürətlə davam etdirilir. Böyük qayıdış proqramı çərçivəsində infrastruktur layihələri icra olunub, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və mərhələli şəkildə qayıdışı təmin edilir. Bu proses paralel olaraq regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət göstərir.
Xarici siyasətdə Azərbaycan balanslı və praqmatik xəttini qoruyaraq beynəlxalq arenada mövqelərini daha da gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strategiya ölkənin yalnız regional deyil, eyni zamanda qlobal proseslərdə də fəal və etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib. Balanslaşdırılmış diplomatiya, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və beynəlxalq hüquqa söykənən mövqe ölkəmizin xarici siyasətinin əsas sütunlarını təşkil edir. Bu uğurlu xəttin mühüm istiqamətlərindən biri Asiya vektorudur, xüsusilə Azərbaycan-Çin münasibətləri sahəsində. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi və iqtisadi, eləcə də nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi münasibətlərin strateji xarakter aldığını göstərir. Çin Xalq Respublikasının qlobal miqyasda artan iqtisadi və siyasi çəkisi fonunda Azərbaycanla qurulan tərəfdaşlıq Pekin üçün Cənubi Qafqaz və Avrasiya məkanında etibarlı dayaq nöqtəsi kimi dəyərləndirilir. Azərbaycan-Çin əməkdaşlığı təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və suverenlik, ərazi bütövlüyü prinsiplərinə hörmət iki ölkə arasında münasibətlərin ideoloji əsasını formalaşdırır. Bu yanaşma Azərbaycanın Qərb və Şərq arasında balanslı diplomatiya yürütmək xəttinin real təzahürü kimi çıxış edir.
Cənubi Qafqaz və Yaxın Şərqdə geosiyasi proseslərin sürətlə dəyişdiyi, regional maraqların yenidən uzlaşdırıldığı bir mərhələdə Azərbaycan qonşu dövlətlərlə münasibətlərində də praqmatik və rasional xətti ön plana çıxarmağa nail olub. Məhz bu ümumi regional kontekst fonunda, bir müddət gərginliklərin müşahidə olunduğu Azərbaycan-İran münasibətləri də 2025-ci ildə tamamilə yeni bir istiqamət aldı. İranın yeni Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri regionda dəyişən geosiyasi konfiqurasiyanın rasional cavabı kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust tarixində Vaşinqtonda keçirilmiş üçtərəfli görüş Cənubi Qafqazda onilliklər boyu davam etmiş qarşıdurmanın siyasi-hüquqi müstəvidə yekunlaşdırılmasına doğru atılmış həlledici mərhələ kimi qiymətləndirilir. Sözügedən görüş regional təhlükəsizlik arxitekturasının yenidən formalaşmasına səbəb olan strateji nəticələri ilə tarixə düşüb. Görüşün əsas nəticəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin ilkin mətninin paraflanması olub. Vaşinqton mərasimində tərəflər sənədin ratifikasiyası üçün daxili hüquqi prosedurların konkret vaxt qrafikini müəyyənləşdirib, bununla da prosesin geri dönməz xarakter aldığı təsdiqlənib. Paraflanmış mətn qarşılıqlı ərazi bütövlüyünün tanınması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması və zorakılıqdan imtina prinsiplərini ehtiva edir.
Vaşinqton razılaşmasının mühüm siyasi nəticələrindən biri də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı olmuşdur. Azərbaycan və Ermənistan liderləri münaqişənin artıq həll olunduğunu əsas götürərək, Minsk Qrupunun ləğvi üçün ATƏT Baş katibinə birgə müraciət ünvanlamışlar. Bu addım regionda vasitəçilik formatlarının dəyişdiyini və yeni geosiyasi reallıqların formalaşdığını nümayiş etdirir. Razılaşmanın diqqətçəkən əsas komponentlərindən biri regional nəqliyyat və logistika xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı yeni yanaşmadır. İlk dəfə olaraq bu dəhliz təkcə regional deyil, beynəlxalq ticarət və tranzit infrastrukturu kimi təqdim edilib. ABŞ-nin təşəbbüsü ilə layihə "Trump Route for International Peace and Prosperity" (TRIPP) adlandırılıb və onun təhlükəsizliyi, davamlı fəaliyyəti və beynəlxalq iqtisadi inteqrasiyası üçün çoxtərəfli mexanizmlərin yaradılması nəzərdə tutulub. Vaşinqton görüşü, mahiyyət etibarilə, Azərbaycanın hərbi-siyasi qələbəsinin diplomatik müstəvidə təsdiqi olmaqla yanaşı, rəsmi Bakının regional gündəliyi formalaşdıran əsas aktora çevrildiyini bir daha nümayiş etdirib. Bu razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhün, iqtisadi inteqrasiyanın və təhlükəsizlik balansının əsasını qoyan tarixi sənəd kimi dəyərləndirilir.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslı və çoxölçülü xarici siyasət strategiyası əsasında quraraq həm milli maraqlarının təmin edilməsinə, həm də regional və qlobal sabitliyin möhkəmləndirilməsinə nail olub. Bu strategiyanın uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin son iki il ərzində apardığı ardıcıl, praqmatik və yüksək səviyyəli diplomatik fəaliyyət həlledici rol oynayıb. Dövlət başçısının təşəbbüsləri və aktiv beynəlxalq siyasi dialoqu Azərbaycanın geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Türkiyə ilə müttəfiqlik münasibətləri isə siyasi, hərbi və iqtisadi sahələrdə əməkdaşlığı daha da dərinləşdirərək regional təhlükəsizlik və sabitliyin əsas sütunlarından birinə çevrilib. Eyni zamanda, İsraillə strateji tərəfdaşlıq yüksək texnologiyalar, müdafiə sənayesi və təhlükəsizlik sahələrində qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli kimi inkişaf etdirilib. Bununla paralel olaraq, Avropa İttifaqı ilə enerji təhlükəsizliyi və siyasi dialoq genişləndirilib, ABŞ ilə təhlükəsizlik və enerji sahəsində tərəfdaşlıq yeni mərhələyə yüksəlib, İranla isə qarşılıqlı hörmət və konstruktiv yanaşmaya əsaslanan pozitiv qonşuluq münasibətləri qorunub saxlanılıb. Bu çoxistiqamətli diplomatik xətt Azərbaycanın beynəlxalq siyasətinin sistemli və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı