Xəzər dənizi hövzəsini Qara dəniz və Aralıq dənizi regionları ilə birləşdirən mühüm nəqliyyat qovşağına çevrilən Azərbaycan bu gün Orta Dəhlizin inkişafında aparıcı dövlətlərdən biri kimi çıxış edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri, türk siyasi ekspert Bilal Dündar söyləyib.
Onun sözlərinə görə, dünyada geosiyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə etibarlı, təhlükəsiz və qısa nəqliyyat marşrutlarına tələbat əhəmiyyətli dərəcədə artıb.
“Belə şəraitdə Azərbaycanın həyata keçirdiyi strateji nəqliyyat siyasəti Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əhəmiyyətini daha da yüksəldib. Azərbaycan uzun illərdir ki, nəqliyyat və logistika infrastrukturuna böyük sərmayələr yatırır. Müasir avtomobil yolları, dəmir yolu xətləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, rəqəmsal logistika həllərinin tətbiqi və tranzit prosedurlarının sadələşdirilməsi ölkənin beynəlxalq yükdaşımalarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan yalnız tranzit ölkə deyil, həm də Avrasiyanın əsas logistika və ticarət mərkəzlərindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın həm Türk dünyası, həm Avropa, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının genişlənməsinə imkan yaradıb. Bu siyasət nəticəsində ölkənin marşrut coğrafiyası davamlı olaraq genişlənir və yeni beynəlxalq əməkdaşlıq platformaları formalaşır”, – deyə ekspert qeyd edib.
Bilal Dündarın sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıran əsas amillərdən biridir: “Avropa İttifaqı son illərdə təchizat zəncirlərinin şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxır. Azərbaycanın sabit siyasi mühiti, müasir nəqliyyat infrastrukturu və beynəlxalq öhdəliklərə sadiqliyi Avropa şirkətlərinin ölkəyə olan marağını artırır. Bu əməkdaşlıq təkcə yükdaşımaların həcminin artmasına deyil, həm də investisiya, sənaye, logistika və rəqəmsal ticarət sahələrində yeni imkanların yaranmasına şərait yaradır”.
Türk siyasi ekspert hesab edir ki, Orta Dəhliz artıq alternativ marşrut anlayışını geridə qoyaraq qlobal ticarətin əsas istiqamətlərindən birinə çevrilməkdədir. Onun fikrincə, Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında iqtisadi əlaqələrin genişlənməsi bu marşrutun perspektivlərini daha da gücləndirir: “Azərbaycanın təşəbbüsləri region dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və beynəlxalq ticarətin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Azərbaycanın həyata keçirdiyi layihələr təkcə ölkənin milli maraqlarına xidmət etmir. Bu layihələr bütövlükdə regionun iqtisadi inkişafını stimullaşdırır, yeni investisiyaların cəlb edilməsinə, istehsal və ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Məhz buna görə də Orta Dəhliz beynəlxalq tərəfdaşlar tərəfindən böyük maraqla qarşılanır”.