Oktyabrın 5-də Milli Olimpiya Komitəsində (MOK) Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko ilə görüş keçirilib.
MOK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko, baş katib Kseniya Sankoviç, prezidentin köməkçisi Yuliya Kandrusik və mətbuat katibi Polina İqnatenko iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycan ilə Belarus arasında idman və Olimpiya Hərəkatı sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, həmçinin gələcək ikitərəfli tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi olub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iki ölkənin Olimpiya Komitələri arasında möhkəm dostluq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Sizinlə görüşməkdən böyük məmnunluq duyuruq. Belarus Milli Olimpiya Komitəsi ilə hər zaman çox sıx əlaqələrimiz olub. Bu gün də idman və Olimpiya Hərəkatı sahəsində işgüzar əlaqələrimiz yüksək səviyyədə davam edir”.
Daha sonra Çingiz Hüseynzadə Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafından və bu sahədə qazanılan yüksək uğurlardan danışıb.
MOK-un baş katibi Azər Əliyev Bakıda yüksək səviyyədə keçirilən beynəlxalq yarışlar və tədbirlər haqqında danışaraq bildirib: “Hazırda Bakıda cüdo üzrə dünya çempionatı keçirilir. Bundan bir neçə gün öncə Bakı üzgüçülük yarışları üzrə Dünya Kubokuna ev sahibliyi edib. Ölkəmizdə müasir idman infrastrukturları və yaradılan yüksək şərait bu mötəbər yarışların keçirilməsinə imkan verir”.
Viktor Lukaşenko Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini yüksək qiymətləndirib və iki ölkənin MOK-ları arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenkonun da təbrik məktubunun yer aldığı 75 illik yubiley kitabını ona hədiyyə edib.