Son yüzillikdə
iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə
mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir.
Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su,
torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə
çevrilmişdir.
Demoqrafik
artımla yanaşı istehlakın kəskin artması, gələcəkdə bərpası mümkün olmayacaq təbii
ehtiyatların tükənməyə başlaması kimi rahatsızlıq doğuran məsələlər ətraf mühitlə
bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.
Qlobal ekoloji
böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın
saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal
modelinin - davamlı inkişafın formalaşdırılması hesabına ola bilər.
Hər bir ölkənin
özünəməxsus ətraf mühit strategiyası və siyasət
xətti olsa da, qlobal məqsədlər insanların
sağlam mühitdə yaşamasının təmin edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin
qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir.
Ərazisinin
12 faizi meşə örtüyündən ibarət olan, 10,3 faizi isə xüsusi mühafizə olunan (ölkəmizdə
10 milli park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı var) Azərbaycan son illər
sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər qazanmışdır və
bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Ölkəmizdə
ətraf mühit problemlərinin həlli istiqamətində
genişmiqyaslı işlərin görülməsi, o cümlədən ekoloji vəziyyətin yaxşılaşdırılmasına
yönələn tədbirlər Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ekoloji təhlükəsizliyin
təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin
təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək üçün təbii sərvətlərdən səmərəli
istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail
olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi,
həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi
ölkəmizin ekoloji siyasətinin əsas istiqamətləridir. Azərbaycanın ekoloji strategiyası,
ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi
yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi,
elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi iqtisadi və insan resurslarının istifadəsində
davamlılığın təminatına yönəlmişdir.
Azərbaycanda
hələ 2003-cü ildə ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli Proqram
qəbul edilmişdir. Minilliyin inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını
təmin etmək üzrə fəaliyyət planına əsasən davamlı inkişaf prinsipləri dövlət siyasəti
və proqramlarına daxil olunmuşdur.
Müasir dövrdə
enerji təhlükəsizliyi və ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti
rahatsız edən əsas problemlərdəndir. Problemlərin həlli istiqamətində alimlər və
mütəxəssislər tərəfindən müxtəlif fikirlər yürüdülür ki, onlardan da bu gün üçün
ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir.
Bütün dövlətlər
özlərinin yanacaq-enerji balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar.
Bu yarışda külək, günəş, biokütlə, dalğa, qabarma-çəkilmə, kiçik çayların hidroloji
enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ
enerji mənbələrinin potensial imkanları sonsuzdur və onların ekoloji səmərəliliyi
heç kəsdə şübhə doğurmur.
Ölkəmizdə
iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin
həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. "Yaşıl iqtisadiyyat”a
sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən
təmiz alternativ enerji mənbələrindən geniş
istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat,
tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.
Azərbaycan
qlobal iqlim dəyişmələrini bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri hesab
edir və bu problemin qarşısının alınmasına yönələn birgə səyləri daim dəstəkləyir.