Dekabrın 8-də Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyanın 20-ci yubiley iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin həmsədrlik ediblər.
Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmkarı Andrey Yatskini Parlamentlərarası komissiyanın həmsədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək fəaliyyətində uğurlar diləyib. Əli Hüseynli komissiyanın 20-ci yubiley iclasının “Heydər Əliyev İli”ndə keçirildiyini qeyd edərək, Ulu Öndərin yubiley tədbirlərinin Rusiyada da yüksək səviyyədə təşkilinə, həmçinin Milli Məclisin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına görə rusiyalı həmkarlarına minnətdarlığını ifadə edib.
Həmsədr Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsindən bəhs edərək, hər iki ölkənin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Milli Məclis sədrinin birinci müavini komissiyanın ötən iclasından sonrakı dövr ərzində regiondakı vəziyyət barədə qısa məlumat verib. O, cari ildə Azərbaycanın həyata keçirdiyi uğurlu lokal antiterror tədbirlərinin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü maddəsinə tam uyğun olduğunu, nəticədə, ölkəmizin bütün ərazisində suverenliyin tam bərpa edildiyini bildirib.
Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan münaqişəsinin hələ 1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandan tamamilə deportasiyası ilə başladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Ermənistandan olan yüz minlərlə azərbaycanlı indiyədək qaçqındır və onlar öz tarixi vətənlərinə dönməyə ümid edirlər. Əli Hüseynli Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsinin bu problemi də həll edəcəyinə ümidini ifadə edərək, Azərbaycanın sülh sazişinə nail olmaq niyyətini bir daha vurğulayıb.
Azərbaycanın Rusiya üçün dost və strateji tərəfdaş ölkə olduğunu vurğulayan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin hazırda ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. O, əməkdaşlıq əlaqələrinin davam etdirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edib, münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyanın 20 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra iclasda gündəlikdə olan məsələlərə dair məruzələr dinlənilib.
Azərbaycan tərəfindən Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlar Elnur Allahverdiyev, Mixail Zabelin, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Rusiya parlamentinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, Federasiya Şurasının üzvləri Aleksandr Başkin, Qalina Karelova, Rusiya parlamentinin Dövlət Dumasının deputatı Kazbek Taysayev ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi, ticarət-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin perspektivləri və digər məsələlər barədə məruzələrlə çıxış ediblər.
Müzakirələrdə Milli Məclisin deputatı Emin Hacıyev, Sevinc Hüseynova çıxış edərək, Azərbaycan-Rusiya münasibətlərinə dair təkliflərini səsləndiriblər.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyasının 20-ci iclası başa çatıb.
İclasda Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyası həmsədrinin müavini Ağalar Vəliyev, komissiyanın üzvləri Azər Badamov, Rasim Musabəyov, Arzu Nağıyev, İvan Abramov, Sergey Leonov, Dmitri Savelyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər iştirak ediblər.