01 Dekabr 2022 01:27
489
SİYASƏT
A- A+

Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı güclənir

 

Zəngin mədəniyyətə  və tarixə malik olan Rumıniya Avropanın tarixində olduğu kimi, dünya siyasətində də özünəməxsus rol oynayır. Bir sıra qlobal iqtisadi layihələrin iştirakçısı olan bu ölkə eyni zamanda Şərq-Qərb əlaqələrinin daha da inkişaf etdirilməsi lehinə çıxış edir. 
Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən Rumıniya bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, Rumıniya hazırda bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Bunu rəsmi Buxarestin Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus söz sahibi olmasından da görmək olar.    
Hər il dekabr ayının 1-ni rumın xalqı Milli gün kimi qeyd edir. Bu tarixi hadisə rumınların bir çox nəsillərinin uzun zaman ərzində uğrunda mübarizə apardıqları azadlıq, istiqlal, birlik, milli ləyaqətə qovuşmaq səylərinin gerçəkləşməsi demək idi. Bu tarixi gün, dünyanın müxtəlif guşələrində yaşayan rumınlar tərəfindən həmrəylik, ümid və mənfi hallara qarşı mübarizə rəmzi kimi qeyd olunur. Bu, eyni zamanda Rumıniyanın tolerant prinsiplərə və bütün bəşəriyyətin mədəni dəyərlərinə hörmətlə yanaşılmasına tərəfdar olduğunu əks etdirir.  
Beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində Rumıniya həmçinin iqtisadi artımın təmin edilməsi və Avropa əmək bazarının balanslaşdırılması, humanitar sahədə Aİ-yə üzv dövlətlərin qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi, yaranmış problemlərin aradan qaldırılması, bütün Avropa sakinləri üçün insanların azad hərəkətləri daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətlə yanaşılması hallarına böyük önəm verir. 
Həmişə olduğu kimi, 2022-ci ildə də təhlükəsizlik problemi Rumıniyanın xarici siyasəti sahəsində üstün istiqamət olmuşdur. Rumıniyanın beynəlxalq fəaliyyəti əvvəlki kimi üç dayağa əsaslanır: Aİ-də və müvafiq olaraq NATO-da ölkənin rolunun və nüfuzunun artırılmasına, ABŞ ilə strateji tərəfdaşlığın inkişafına və dərinləşdirilməsinə. Avropa İttifaqı çərçivəsində Rumıniyanın əsas prioritetləri Avropa dəyərlərinin təbliği və Avropa layihəsinin gücləndirilməsi ilə bağlıdır. NATO çərçivəsində isə  Rumıniyanın əsas məqsədləri -  güclü Trans-Atlantik tərəfdaşlığına əsaslanan etibarlı və uyğun ittifaq formalaşdırmaq, ölkədə islahatları və regional əməkdaşlığı inkişaf etdirməklə sabitliyin təmin edilməsində NATO-nun rolunu dəstəkləməkdən ibarətdir.   
Son illər iqtisadi potensialını getdikcə artıran Rumıniyanın əsas ixracat malları sırasına avtomobil (ehtiyat hissələri), maşın və komponentlər (elektrotexnika məhsulları daxil olmaqla), kimyəvi məhsullar, metal məmulatları, toxuculuq və dəri məmulatları, kənd təsərrüfatı və mineral məhsullar daxildir. Rumıniya idxalına əsasən elektrik avadanlığı, maşınlar, gübrələr və tibbi məhsullar daxildir.
Rumıniya yaxın və uzaq gələcəkdə bir sıra infrastruktur sahələrin (şose və dəmir yolu, gəmiçilik), enerji və enerji avadanlıqları (külək enerjisi, biodizel və günəş enerjisi kimi bərpa-olunan enerji mənbələri də daxil olmaqla) kimi sahələrin inkişafı üçün mühüm imkanlara malikdir. Həmçinin hazırda kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və yaradıcılıq (biliyə əsaslanan) sənayesinin, reklam, memarlıq, incəsənət və sənətkarlıq, dizayn, moda, kino, musiqi, incəsənət, nəşriyyat və elmi-tədqiqat işlərinin, proqram və video oyunlarının inkişaf etdirilməsi sahəsində mühüm imkanlara və potensiala malikdir.  
Bu gün Avropanın enerji təhlükəsizliyini Rumıniyasız təsəvvür etmək mümkün deyil. Buxarest eyni zamanda həm enerji mənbələrinin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsi yolu ilə Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji infrastrukturlarının inkişafına yönəldilmiş proseslərdə əvvəlki kimi yenə də fəal iştirak edir.  
Azərbaycan ilə qardaş Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulmuşdur. Azərbaycan hökmdarı Həsən şahın dövründən başlayan bu əlaqələr  Səfəvilərin hakimiyyəti illərində də davam etmişdir. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi. Təsadüfi deyil ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanımışdır. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur. 
2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirildi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etdi. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparıldı. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən "Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə" imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.
Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır. 
Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada "SOCAR" brendi ilə fəaliyyət göstərən 16 yanacaqdoldurma məntəqəsi açmışdır. 
İki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın gücləndirilməsinə etibarlı zəmin yaratmışdır. Bu il iyunun 23-də Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirildi. Qeyd edildi ki, son zamanlar qarşılıqlı ticarət əlaqələrində müsbət addımlar müşahidə olunur. Əgər iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsində son illər sabit şəkildə artım 2021-ci ildə 31,3 faiz təşkil etmişdisə, bu ilin yanvar-aprel aylarında bu sahədə 2,77 dəfə artım qeydə alınmışdır. Müvafiq olaraq ixrac və idxalda artım 19 və 52 faiz təşkil etmişdir. 
İki ölkə arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda "Azərbaycan-Rumıniya dostluq cəmiyyəti", Buxarestdə isə "Rom-Azer" Rumıniya - Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. Təhsil sahəsində əlaqələr də uğurla inkişaf etdirilir. Azərbaycan Dillər Universitetində rumın dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 
Hər iki xalq güclü tarixin sınağından çıxmış dostluq əlaqələri və ortaq dəyərlərlə bir-birilərinə sıx bağlıdır. Regionda Azərbaycan yeganə ölkədir ki, Rumıniyanın strateji tərəfdaşıdır. Azərbaycan Cənubi Qafqazda qardaş Rumıniyanın ən böyük iqtisadi tərəfdaşıdır. Azərbaycan-Rumıniya tərəfdaşlığı və birgə beynəlxalq layihələrin həyata keçirilməsi Cənubi Qafqazda və Avropada təhlükəsizliyə, sabitliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradır.

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video