Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq tarixi-mədəni köklər, mənəvi dəyərlər son illər elm və təhsil müstəvisində yeni məzmun kəsb edib. “Manas” dastanında və XX-XXI əsrlərdə Çingiz Aytmatovun yaradıcılığında ifadəsini tapan mənəvi yaxınlıq bu gün yeni əməkdaşlıq körpüləri yaradır.
AZƏRTAC Azərbaycan–Qırğızıstan əməkdaşlığında ortaq mənəvi dəyərlərə və müasir dövrün əməkdaşlıq əlaqələrinə nəzər salır.
“Manas” dastanı - Qırğız xalqının qəhrəmanlıq rəmzi və Türk dünyasının mənəvi sərvəti
1995-ci ildə Bişkekdə “Manas” dastanının 1000 illik yubileyi qeyd edilərkən Ümummilli Lideri Heydər Əliyev həmin mərasimdə iştirak edib və bu eposu qırğız xalqının müdrikliyinin, qəhrəmanlığının rəmzi, Türk dünyasının mənəvi sərvəti kimi dəyərləndirib. Ulu Öndər “Manas bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır” deyib.
Azərbaycanın “Dostluq” ordeninin təqdim edildiyi birinci yazıçı – Çingiz Aytmatov
Qırğız xalqının, Türk dünyasının və dünya ədəbiyyatının böyük yazıçısı Çingiz Aytmatovun Ümummilli Lideri Heydər Əliyev ilə dostluğu hələ sovet dövründə başlayıb və müstəqillik illərində davam edib. Ulu Öndər görkəmli yazıçının “Ana torpaq”, “Əlvida, Gülsarı”, “Cəllad kötüyü”, “Gün var əsrə bərabər” və digər əsərlərini ümumbəşəri dəyərləri əks etdirməklə yanaşı, türk övladlarının milli mənlik, özünüdərketmə şüurunun formalaşması baxımından yüksək qiymətləndirib.
Görkəmli yazıçı sonuncu dəfə Azərbaycanda 2008-ci ildə olub. Azərbaycanın “Dostluq” ordeni ilk dəfə Çingiz Aytmatova təqdim edilib. Həmin görüşdə Prezident İlham Əliyev deyib: “Siz həmişə, bütün dövrlərdə Azərbaycanın böyük dostu olmusunuz. Bu, sovet dövründə də belə olub, - mən bunu atamın söhbətlərindən də bilirəm, Sizin onunla münasibətləriniz mənə məlumdur, - müstəqillik dövründə də. Siz həmişə bizi dəstəkləmisiniz. Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demişiniz”.
Vətən müharibəsi günlərində yazılmış bir məktub
Vətən müharibəsi günlərində - 2020-ci il oktyabrın 26-da “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyi Azərbaycan Prezidentinə dəstək məktub ünvanlayıb. Həmin məktubda Azərbaycan türk xalqlarının totem quşuna - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartala bənzədilib. Məktubda yer alan “Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun” ifadəsi türk xalqlarının ortaq kökündən qaynaqlanır.
Qardaş dəstəyi - Ağdamda Ayköl Manas məktəbi
2025-ci ilin iyul ayında Azərbaycan və Qırğızıstan liderlərinin iştirakı ilə Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub. Məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa edilib. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir.
Azərbaycan-Qırğızıstan tərəfdaşlığı akademik müstəvidə
AMEA-nın institutları ilə Qırğızıstanın elmi müəssisələri arasında əməkdaşlıq əlaqələri qurulub. Alimlərimizin elmi fəaliyyətində “Manas” dastanının, Çingiz Aytmatovun yaradıcılığının tədqiqi xüsusi yer tutur. Həmçinin ortaq fəlsəfi və ictimai fikir tarix, milli-mənəvi dəyərlərin və müasir sosial-fəlsəfi proseslərinin müqayisəli tədqiqi üçün geniş imkanlar mövcuddur.
Ali təhsil müəssisələri arasında əlaqələr
Azərbaycanın və Qırğızıstanın ali təhsil müəssisələri arasında əlaqələr tələbə və müəllim mübadiləsi, elmi əməkdaşlıq, birgə tədqiqatlar, nəşrlər, təhsil proqramları, beynəlxalq konfranslar, seminarla və ikili diplom proqramını əhatə edir.
Azərbaycan Texniki Universiteti (AzTU) Qırğızıstanın Qırğız-Türk Manas Universiteti, İ.Arabayev adına Qırğız Dövlət Universiteti, İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti, M.Rıskulbekov adına Qırğız İqtisad Universiteti ilə də əməldaşlıq edir.
Bakı Dövlət Universiteti (BDU) Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, M.M. Adışev adına Oş Texnologiya Universiteti, Qırğız-Türk Manas Universiteti, Qırğız İqtisad Universiteti və Bişkek Dövlət Universiteti ilə əməkdaşlıq edir.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) B.Sıdıkov adına Qırğız-Özbək Beynəlxalq Universiteti, Manas Universiteti, Bişkek Dövlət Universiteti, İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti, İ.Arabayev adına Qırğız Dövlət Universiteti ilə əməkdaşlıq edir.
Bu ilin fevralında isə Yusif Balasaqunlu adına Qırğız Milli Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramına dair müqavilə imzalanıb.
Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir
Bu ilin iyulunda Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən Prezident Sadır Japarov deyib: “Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvi dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb”.
Xatırladaq ki, 2024-cü ilin aprelində Bakıda Çingiz Aytmatovun abidəsinin açılışı, noyabrında Azərbaycan Prezidentinə Bişkekdə “Çingiz Aytmatov” ordeninin, bu ilin iyulunda “Manas” ordeninin, Qırğızıstan Prezidentinə “Heydər Əliyev” ordeninin təltif edilməsi iki xalq arasında dostluğun, qardaşlığın rəmzidir.