09 Avqust 2025 13:39
500
SİYASƏT
A- A+
Azərbaycan Prezidentinin milli maraqlarımıza xidmət edən növbəti tarixi uğuru 

Azərbaycan Prezidentinin milli maraqlarımıza xidmət edən növbəti tarixi uğuru 


Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə son dərəcə vacib tarixi hadisəyə şahidlik etdi. ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfərinin baş tutması istər Azərbaycan-Ermənistan normallaşdırma prosesinin irəlilədilməsi, istərsə də Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişaf gündəliyinin yenidən nəzərdən keçirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Xüsusilə də Azərbaycanın regionun əsas açar ölkələrindən biri olmasını və qlobal əhəmiyyətli Orta Dəhliz üzərində əlverişli coğrafi mövqedə yerləşməsini və ən əsası, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində yeni geosiyasi rellalığın yaranmasını və münaqişənin bitməsindən dərhal sonra Prezident İlham Əliyevin sülh gündəliyi ilə çıxış etməsini nəzərə alaraq, Vaşinqton səfərinin regionun gələcək inkişafında yeni bir mərhələnin başlanmasına mühüm töhfə verəcəyini əminliklə söyləmək olar. Eyni zamanda, ABŞ Prezidentinin sülhməramlı missiyası çərçivəsində regionumuza diqqət ayırması, xüsusilə də dünyada münaqişə ocaqlarının hələ də alovlanmaqda olduğu bir zamanda, Cənubi Qafqazda sülhün və tərəqqinin təmin edilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

Bu fikirlər Milli Məclisin deputatı Zaur Şükürovun “Azərbaycan Prezidentinin milli maraqlarımıza xidmət edən növbəti tarixi uğuru” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.


Azərbaycan-Ermənistan normallaşma prosesi


Heç şübhəsiz Ermənistanla Azərbaycan arasında normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında ölkəmizin, şəxsən Prezident İlham Əliyevin rolu əvəzsizdir. Azərbaycan dövləti Prezident İlham ƏIiyevin liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi və Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur edildi. Növbəti illərdə qələbəmiz addım-addım möhkəmləndirilərək, “Qisas əməliyyatı” da daxil olmaqla bir neçə lokal əməliyyat nəticəsində Ermənistan ordusunun qalıqlarına, qeyri-qanuni erməni silahlı dəstələrinə sarsıdıcı zərbələr vuruldu və Laçında sərhəd-keçid məntəqəsinin qurulmasına nail olundu.

Nəhayət, 2023-cü ildə ölkəmiz 24 saatdan az bir müddətdə gercəkləşdirilən antiterror tədbiri ilə özünün tam suverenliyini bərpa edərək, son 80 ildə tam, mütləq qələbə qazanan yeganə ölkə oldu.

Münaqişəni qalibiyyətlə bitirdikdən sonra Azərbaycan sülh gündəliyi ilə çıxış etdi və bu sülh təşəbbüsünün banisi də məhz Prezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində Azərbaycan sülh müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən “5 əsas prinsipi” Ermənistana təqdim etdi. Bu ilin mart ayında son olaraq razılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlanıb.

Lakin danışıqlar prosesinin gedişi Ermənistanın səmimi olmamasını bir daha nümayiş etdirdi. 2023-cü il antiterror tədbirlərinə qədər Ermənistan Qarabağda yaşayan erməni sakinlərin məsələsinə dair bəndin salınmasını layihəyə təkid etməsinə baxmayaraq, Azərbaycan prinsipial olaraq bu məsələnin ölkənin daxili məsələsi olduğunu və dövlətlərarası sənədə daxil edilməsinin qəbuledilməz olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır.

Təəssüflə qeyd edilməlidir, Bayden-Blinken administrasiyası, Fransa Prezidenti Makron Azərbaycan-Ermənistan normallaşma prosesinə hər vəchlə mane olaraq, öz gündəliklərini sırımağa can atırdılar və bu məqsədlə, ölkəmizə qarşı çirkin iftiralara, təzyiqlərə, siyasi-diplomatik təxribatlara əl atdılar, lakin məqsədlərinə nail ola bilmədilər.

Nəhayət, 2023-cü il antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü tam təmin etdikdən sonra həqiqi danışıqlar başladı və 2025-ci ilin mart ayında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşdı.

Məlumdur ki, Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması yolunda əsas maneələrin - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və lazımsız Minsk qrupu və əlaqəli qurumların ləğv olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və bununla da dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam gücü ilə işləməsinə maneə törədirdi.

Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir və məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində, milli maraqlarımıza xidmət edən müddəalar Bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi - Minsk qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz konstitusiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul edir. Unutmayaq ki, buna qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar. Həmçinin Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir. Prezident İlham Əliyev daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu.

Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ilə regionda Azərbaycanın yaratdığı status-kvo bir daha təsbit olunur, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul edir. Prezident İlham Əliyevin Vaşinqton səfəri, imzalanan birgə sənədlər azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa prezidenti Makronun, keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human Rights Watch”, erməni lobbisinin, ANCA-nın, Azərbaycanı sanksiya, təcridlə hədələyənlərin, Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflasıdır. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı.


Azərbaycan-ABŞ münasibətləri


Vaşinqton səfərinin Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına təsir imkanlarına gəldikdə bir sıra məsələlər xüsusilə diqqətə alınmalıdır. Son 33 il ərzində inkişaf tarixinə nəzər yetirdikdə əsasən enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrdə ön planda olduğunu deyə bilərik. Belə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən enerji siyasətinin nəticəsi olaraq, 1994-cü ildə qlobal əhəmiyyətli “Əsrin müqaviləsi”nin imzalanmasından sonra iki ölkə arasında enerji sahəsində əməkdaşlıq intensiv xarakter almışdır. Təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığa gəldikdə isə məlum olduğu kimi, 1992-ci ilin avqust ayında postsovet ölkələrinə yardım məqsədilə ABŞ Konqresinin qəbul etdiyi “Azadlığa yardım aktı”na bu ölkənin erməni lobbisinin və ermənipərəst qüvvələrinin təsiri və təzyiqi ilə ədalətsiz “907-ci düzəliş”in əlavə edilməsindən sonra ikitərəfli münasibətlərdə soyuqlaşma müşahidə edilmişdir. Ermənistanın işğalçılıq siyasəti ilə üzləşmiş və bu terrorçu siyasətin nəticəsində Xocalı soyqırımı və digər faciələrə düçar olmuş məhz Azərbaycana qarşı belə bir sanksiyanın qəbul edilməsi ikili standartların və ədalətsizliyin göstəricisi idi. 2001-ci ilin sentyabr ayından sonra beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin oynaya biləcəyi əhəmiyyətli rolu anlayan ABŞ tərəfi ölkə prezidentinə 907-ci düzəlişinin tətbiqinin 1 il müddətində dayandırılması səlahiyyəti vermiş və ABŞ prezidentləri hər il bu qərarı yeniləməklə, iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə imkan vermişlər. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Bayden administrasiyası bu düzəlişin yenidən qüvvəyə minməsinə qərar verməklə, iki ölkə arasında münasibətlərin inkişafına xələl gətirmişdir.

Bu baxımdan, Vaşinqton səfərinin nəticəsi olaraq Azərbaycan-ABŞ münasibətləri yenidən inkişaf mərhələsinə qədəm qoymaqla, enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt, texnoloji infrastruktur və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına geniş imkanlar açılacaq. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Strateji işçi qrupunun təsis edilməsinə dair müvafiq sənədin imzalanması, 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasət kursunun təntənəsi olaraq qiymətləndirilməlidir. Bu baxımdan, Vaşinqton səfərini Azərbaycan-ABŞ münasibətlərinin bir sıra vacib istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ən uğurlu səfərlərdən hesab etmək olar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilməsini, müstəqil, balanslı və prinsipial xarici siyasət kursu yürütməsini nəzərə alsaq, ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlik siyasətində və planlarında ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artacağı ehtimalı yüksəkdir. Bu səfər Azərbaycanın ABŞ üçün enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətini möhkəmləndirməklə yanaşı, beynəlxalq güc mərkəzlərinin rəsmi Bakıya yönəlik artan diqqətini nümayiş etdirəcək. Vaşinqtonun Bakı ilə əlaqələri gücləndirməsi, Cənubi Qafqazda sülh təşəbbüsünün dəstəklənməsi və postmünaqişə mərhələsində iqtisadi inteqrasiyanın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər, həmçinin regionda geosiyasi güc balansına təsir edəcək mühüm diplomatik addım kimi dəyərləndirilə bilər.

Məlumdur ki, ölkəmiz milli maraqları əsas götürməklə, müstəqil, prinsipial, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına uyğun xarici siyasət kursu həyata keçirir. Azərbaycanın yeni geosiyasi reallıqlar yaratması, beynəlxalq təşkilatlarda üzvlüyü və sədrliyi zamanı beynəlxalq hüquqa və ədalətə söykənən fəaliyyəti nəticəsində dünya miqyasında nüfuzlu bir dövlətə çevrilmişdir. Bu isə, sözsüz ki, güc mərkəzlərinin və əsas beynəlxalq oyunçuların diqqətindən kənarda qalmır. Xüsusilə də, Azərbaycan və ABŞ liderlərinin praqmatik və prinsipial mövqe sərgiləməsi, oxşar dəyərləri üstün tutması münasibətlərin gələcək inkişafında mühüm rol oynaya bilər. Məhz bu kimi amillər Azərbaycan-ABŞ münasibətlərinin qarşıdan gələn illərdə yüksələn xətlə inkişaf edəcəyini deməyə əsas verir.

Azərbaycan və ABŞ liderləri arasında aparılan səmərəli müzakirələr qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı və iştirakçısı olan Azərbaycana siyasi və iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin regional liderliyini və beynəlxalq nüfuzunu, regional təhlükəsizlik arxitekturasında rolunu, diplomatik manevr imkanlarını daha da artıracaq, Qərb diplomatiyası istiqamətində mövqeyini daha da gücləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!