Prezident İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə etdiyi işgüzar səfər Azərbaycanın diplomatiya tarixinin mühüm hadisələrindən biri oldu. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə reallaşan bu səfərin nəticəsi olaraq həm Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsası qoyuldu, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanması istiqamətində irəliyə doğru mühüm addım atıldı.
Bayden-Blinken cütlüyü Azərbaycanın uğurları ilə barışa bilmirdi
Azərbaycan-ABŞ münasibətləri C.Baydenin bu ölkəyə rəhbərlik etdiyi illər istisna olmaqla həmişə normal olub. İki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilib. Demokratları və respublikaçıları təmsil etməsindən asılı olmayaraq, ABŞ-yə rəhbərlik etmiş bütün prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə ehtiramla yanaşıblar. Donald Trampın ABŞ-yə birinci rəhbərliyi dövründə Azərbaycan torpaqlarını müharibə yolu ilə işğaldan azad edib. Həmin vaxt Vaşinqton 44 günlük savaşla bağlı neytral mövqe ortaya qoyub.
Lakin ABŞ-də Baydenin prezident seçilməsindən sonra iki ölkə arasındakı siyasi münasibətlər görünməmiş dərəcədə pisləşmişdi. Bayden hakimiyyəti Azərbaycanla münasibətlərə Ermənistana təəssübkeşlik prizmasından yanaşırdı ki, bu da həm Azərbayan-ABŞ münasibətləri ilə ziddiyyət təşkil edir, həm də Ağ Evin qlobal imicini zədələyirdi. Xüsusən Azərbaycanın 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən və bütün əraziləri üzərində milli suverenliyini təmin etməsindən sonra Bayden administrasiyasının hədəfi sanki yalnız Azərbaycan idi. Onlar Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəmir, respublikamızın öz milli hüquqlarını bərpa etməsinə qarşı çıxırdılar. Məlum olduğu kimi, Baydenin rəhbərliyi dövründə Azərbaycanın rəsmi nümayəndə heyətlərinin ABŞ-yə səfərlərinə də məhdudiyyət tətbiq olunmuşdu. Bundan başqa, ABŞ siyasiləri ölkəmizə qarşı müxtəlif sanksiyaların tətbiq edilməsinə dair təkliflər irəli sürmüşdülər. Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı şayiələri yayanlardan biri də elə Bayden administrasiyası idi.
Lakin reallıq odur ki, bunların heç biri Azərbaycanı öz yolundan döndərə bilmədi. Bayden-Blinken cütlüyü nə qədər çalışsa da, respublikamızın haqq yolunun qarşısını ala bilmədi. Bakı qətiyyətlə özünün haqlı mövqeyini davam etdirdi.
İlham ƏLİYEV: "Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq"
ABŞ-də Donald Trampın yenidən prezident seçilməsindən sonra vəziyyət dəyişib. Donald Tramp Ağ Evin əvvəlki rəhbərliyinin yanlış, ABŞ-nin milli maraqları ilə ziddiyyət təşkil edən siyasətindən imtina edib və bu, ayrı-ayrı dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərdə özünü göstərir.
Bu mənada Prezident İlham Əliyevin avqustun 7-8-də Vaşinqtona etdiyi işgüzar səfər Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı. Bu səfər proqramının hər bir detalı - qarşılanma, olduqca səmimi atmosferdə aparılan danışıqlar, dövlətimizin başçısına Ağ Evin rəmzi açarının təqdim olunması Donald Trampın Prezident İlham Əliyevə və Azərbaycana olan yüksək ehtiramının nümunəsi oldu.
Vaşinqtonda Prezident İlham Əliyev və Prezident Donald Tramp tərəfindən imzalanan Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu isə əlaqələri həm də strateji müstəviyə yüksəltdi.
Bu günlərdə Anlaşma Memorandumunun mətni ictimaiyyətə açıqlanıb. Sənədə əsasən İştirakçılar Strateji İşçi Qrupunda üç sahəyə diqqət yönəltmək niyyətindədirlər. Bunlar enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr; müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıqdır.
Anlaşma Memorandumunun II bəndinə əsasən, iştirakçılar aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir sıra sahələrdə əməkdaşlıq etmək niyyətindədirlər:
- Enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi;
- Müdafiə və terrorizmə qarşı mübarizə sahəsində daha möhkəm əməkdaşlığın qurulması;
- Regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi;
- Süni intellekt üzrə tərəfdaşlıqların və rəqəmsal infrastruktur sahəsində sərmayələrin inkişaf etdirilməsi.
Sənədin III bəndinə əsasən, bu Memorandum iştirakçılar tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və bir il müddətində qüvvədə qalır. Memorandum iştirakçıların qarşılıqlı yazılı razılığı ilə uzadıla bilər. Hər bir iştirakçı istənilən vaxt bu Memorandumda iştirakını dayandıra bilər. İştirakı dayandıran tərəf digər iştirakçıya diplomatik kanallar vasitəsilə altmış (60) gün əvvəlcədən yazılı qaydada bildiriş verməlidir. İştirakçılar tərəfindən başqa qərar verilmədiyi təqdirdə, bu Memoranduma xitam verilməsi iki iştirakçı arasında Memorandum çərçivəsində artıq başlanmış və tamamlanmamış layihələrə və fəaliyyətlərə təsir göstərmir.
Prezident İlham Əliyev avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxışında Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın artıq başladığını bildirərək deyib: "Bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir".
Anlaşma Memorandumunda yer alan məsələlər, əməkdaşlıqla bağlı qarşıya qoyulan məsələlər Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə yüksəldir, ona strateji məzmun gətirir. Bu isə Azərbaycan diplomatiyasının və xarici siyasət kursunun mühüm uğurudur.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"