29 Mart 2024 18:31
278
SİYASƏT
A- A+

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

 

Tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada Cənubi Qafqazın lider ölkəsi kimi tanınır. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri Azərbaycanla siyasi-iqtisadi münasibətlərin inkişaf etdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verirlər. Bu xüsusda, dünyanın fövqəldövləti hesab edilən Çin Xalq Respublikasının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır.

AZƏRTAC iki ölkə arasında tarixən formalaşmış əlaqələrə, Azərbaycan-Çin münasibətlərinin müasir dövrdə inkişafına qısa nəzər salır.

Azərbaycanla Çini min ildən çox əvvəl qədim İpək yolu birləşdirib. Tarixi İpək yolundan başlanan münasibətlər ötən 31 il ərzində hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı inkişaf edib və möhkəmlənib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqustunda Çinin ölkəmizdə səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Milli Məclis Azərbaycanın Pekində səfirliyinin açılması haqqında qərar qəbul edib.

İki ölkə arasında münasibətlərin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Azərbaycan–Çin münasibətlərinin bugünkü səviyyəsi məhz Ümummilli Liderin siyasi müdrikliyinin nəticəsidir.

1994-cü ilin martında Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı dövlətlərimiz arasında səkkiz müqavilə imzalanıb.

1996-cı ilin aprelində isə Çin Xalq Respublikası Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub.

Sonrakı dövrlərdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafı üçün münbit zəmin yaradıb.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Çinlə münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, sonrakı illərdə dövlətimizin başçısı Çinə bir neçə dəfə səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. Prezident İlham Əliyev Çinlə əlaqələr haqqında deyib: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.

Son illər iki ölkə arasında əlaqələrdə xüsusi canlanma yaşanır. Belə ki, 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib.

Prezident İlham Əliyev ötən il Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin əla səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub.

“Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”, - deyə Azərbaycan Prezidenti bəyan edib.

Dövlətimizin başçısı, həmçinin COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkənin Çin olduğunu xüsusilə diqqətə çatdırıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dəfələrlə ifadə edib. O, dövlətimizin başçısına məktubunda Azərbaycan və Çinin dost, tərəfdaş ölkələr olduğunu diqqətə çatdırıb.

 

İqtisadi əlaqələr

Azərbaycan ilə Çin arasında münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafı da xüsusi yer tutur. İki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Komissiyanın ilk iclası 2009-cu ilin mayında keçirilib. Bundan əlavə, 2012-ci il iyununda Pekin şəhərində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub.

Ölkəmizin “Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də "Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artıb. 2023-cü ildə Çin Azərbaycanın ticarət dövriyyəsində dördüncü sırada qərarlaşıb. Ötən il Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon dollar təşkil edib. Çindən Azərbaycana idxalın həcmi isə 1 milyard 556,2 milyon dollar olub. Beləliklə, Azərbaycana idxal olunmuş məhsulların 15,4 faizi Çinin payına düşüb və bu göstərici ilə Çin ikinci pillədə yer alıb.

Xüsusi qeyd edilməlidir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar və Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı sayəsində daha da gücləndirib.

Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir.

Ölkələrimiz, həmçinin informasiya sahəsində də sıx əməkdaşlıq edir. Belə ki, AZƏRTAC ilə Sinxua agentlikləri arasında münasibətlər artıq 20 ildir davam edir. İki agentlik arasında imzalanmış saziş gündəlik olaraq qarşılıqlı xəbər, foto və video mübadiləsini, sosial media sahəsində əməkdaşlığı nəzərdə tutur.

 

Mədəni münasibətlər

Müxtəlif sahələrdə əlaqələrlə yanaşı, hər iki Şərq ölkəsini mədəni münasibətlər də birləşdirir. Azərbaycan ilə Çin arasında imzalanmış mədəni əməkdaşlığa dair müqaviləyə əsasən, 1995-ci il aprelin 12-21-də Pekin Beynəlxalq Sərgi Mərkəzində məşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilib. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri və Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşıb. 2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ilin mayında isə Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Eyni zamanda, 2012-ci il dekabrın 10-14-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub.

2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondunun və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə “Azərbaycan musiqisi axşamları” adlı konsert proqramı baş tutub.

Hazırda Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq artmaqdadır.

Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şair Nizami Gəncəvinin büstünün isə Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daim nümayiş olunması Azərbaycan üçün böyük rəmzi xarakter daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video