12 May 2022 01:13
546
SİYASƏT

Azərbaycan bayrağı Qarabağda əbədi dalğalanacaq

 

28 il öncə imzalanan atəşkəs protokolu böyük Zəfərin təməli oldu

 

Erməni vandallığının qurbanı olan Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa edilir, yenidən qurulur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Şuşa və Füzuliyə səfərləri bir daha dövlətimizin azad edilmiş ərazilərdəki quruculuq əzminin təcəssümü oldu.

 

Qarabağ və Şərqi Zəngəzur yenidən cənnətə çevrilir

 

Bu səfər zamanı diqqəti çəkən əsas məqamlardan biri ondan ibarət oldu ki, bərpa işləri tədricən daha geniş miqyas alır, ən müxtəlif istiqamətləri əhatə edir. Düzdür, quruculuq işlərində prioritet infrastrukturun yaradılmasıdır. Lakin yolların çəkilməsi, kommunal infrastrukturun bərpası ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yeni sosial infrastruktur da yaradılır, məktəblər, xəstəxanalar inşa olunur. Bütün bunlar doğma yurdlarına dönəcək vətəndaşların layiqli yaşayışının təmin edilməsi üçündür. Habelə baş planları təsdiq olunmuş bəzi şəhərlərdə yeni yaşayış məhəllələrinin təməlləri atılıb.

Prezident İlham Əliyevin Füzuli şəhərində inşa olunacaq peşə liseyinin və Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyması bərpa prosesinin getdikcə daha əhatəli miqyas almasından xəbər verir. Xatırladaq ki, İlham Əliyevin əvvəlki səfərləri zamanı Füzuli-Ağdam avtomobil yolunun, rayonun Dövlətyarlı kəndində "ağıllı kənd"in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyulub, Füzuli Beynəlxalq Hava Limanı,  "Füzuli" yarımstansiyası, Zəfər yolu istifadəyə verilib.

Prezidentin 2021-ci il 7 may tarixli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan, qorunmasının və inkişafının əsasları qanunla müəyyən edilən Şuşanın  bərpası da sürətlidir. Şuşa ilə bağlı cəmiyyətin xüsusi razılığı ilə qarşılanan məqam həm də ondan ibarətdir ki, şəhərin tarixi və mədəni irsinin bərpası xüsusilə diqqət mərkəzindədir. Bu da Şuşanın Azərbaycan mədəniyyətinin, musiqimizin beşiyi olmasından, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xalqımızın milli irsinə həssas münasibətlərindən, ehtiramlarından irəli gəlir. Şuşa həm də Azərbaycanın mədəniyyət paytaxtı kimi bərpa olunur. Qısa müddətdə bu istiqamətdə mühüm layihələr icra olunub. Məsələn, artıq Vaqifin məqbərəsi əvvəlki görkəmi saxlanılmaqla bərpa edilib. Ötən ilin martında Heydər Əliyev Fondu tərəfindən başlanan bərpa işləri bir neçə aya yekunlaşıb. Vaqifin Şuşadakı evinin yaxınlığındakı büstü də yenidən qurulub. Bərpa  edilən abidələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlidir. Şuşanın mənəvi irsi olan İsa bulağından və Natəvan bulağından artıq su gəlir. Şuşanın məşhur ünvanlarından olan Xalq artisti Bülbülün ev-muzeyi də bir neçə ay ərzində yenidən qurulub.   

Şuşanın erməni vandallığının qurbanı olmuş məscidləri də Heydər Əliyev Fondu tərəfindən bərpa edilir. O cümlədən Mehmandarovların malikanə kompleksində fond tərəfindən aparılan bərpa işləri davam edir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Şuşaya səfərləri bir daha göstərdi ki, şəhər mədəni və tarixi irsi rəhbər götürülməklə bərpa olunur. Bu səfər zamanı məlum oldu ki, Şuşada yenidən qurulacaq binalardan biri məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdir.

Şuşa Realnı Məktəbi isə yalnız bu şəhərin deyil, xalqımızın tarixi, dünyəvi, intellektual irsinin yadigarıdır. Bu məktəb həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından biri olub. Təmir-bərpa işlərinin bu məktəbi də əhatə etməsi tariximizə, irsimizə ehtiramın ən gözəl nümunələrindən biridir.

Şuşadakı Şirin su hamamı da bərpa olunur. Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında olan hamam Heydər Əliyev Fondu tərəfindən tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.

 

Atəşkəsdən Zəfərə

 

 Mayın 10-da - Ümummilli Lider Heydər Əliyevin doğum günündə Şuşadan Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev nitqini bu sözlərlə bitirdi:  "Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.

Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq".

Bəli, azad edilmiş bütün torpaqlar bərpa ediləcək və biz Qarabağda, Şərqi Zəngəzurda əbədi yaşayacağıq. Çünki buralar bizim ata-baba torpaqlarımızdır, tarixi Azərbaycan əraziləridir. Birinci Qarabağ müharibəsində atəşkəsin elan olunmasının 28-ci ildönümündə biz bütün bunları daha qürurla dünyaya bəyan edirik. Həmin vaxt atəşkəs torpaqlarımızın işğal altında olduğu bir şəraitdə elan olunmuşdu. Bu gün isə Azərbaycan qalibdir, 44 günlük müharibədən sonra şərtləri diktə edən tərəfdir…

Xatırladaq ki, atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" 1994-cü ilin 12 mayında qüvvəyə minmiş və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılmışdı. Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "sülh sazişi" imzalamalı idilər. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.

Əslində, atəşkəsə qədər baş verənlər göstərmişdi ki, artıq Azərbaycana güclü və qətiyyətli lider rəhbərlik edir. O lider ki, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, Ermənistanın işğal planlarını gücləndirdiyi bir vaxtda yeni ordu formalaşdırmışdıı. Bu ordu Füzuli və Murov istiqamətlərində işğalçı qüvvələrin mövqelərinə əhəmiyyətli zərbələr endirmiş, işğal olunmuş ərazilərimizin bir hissəsini azad etmişdi. Xüsusən Horadiz əməliyyatı Ermənistanda ciddi təşviş doğurmuşdu. Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanda hərbi quruculuğun çox sürətlə getməsi Ermənistanı işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirmişdi.

Bu mənada Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra atəşkəsə qədər olan dövrdə cəbhədə baş verənlər təsdiq etmişdi ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etməyə qadirdir. Həm də belə bir həqiqət Ermənistana və onun havadarlarına agah olmuşdu ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması faktı ilə heç vaxt razılaşmayacaq.

"Bişkek protokolu"na əsasən atəşkəs rejimi real sülh addımları ilə müşayiət olunmalı, yaxın müddət ərzində işğal olunmuş ərazilərin boşaldılmalı, köçkünlərin geri qaytarılmasını nəzərdə tutan sülh sazişi imzalanmalı idi. Lakin danışıqlar əvvəlcə aylar, sonra illərlə əvəzləndi. Məsələnin təəssüf doğuran tərəfi isə Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsi idi. Beynəlxalq təşkilatların, vasitəçilərin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmamaları atəşkəsdən sonrakı dövrün reallıqları idi.

Buna baxmayaraq, atəşkəsin əldə edilməsi Azərbaycana toparlanmaq, güclənmək üçün şərait yaratdı. Ulu Öndər Heydər Əliyev atəşkəs dövründə Azərbaycanı inkişaf yoluna çıxardı, beynəlxalq birlikdəki mövqelərini gücləndirdi, danışıqlar prosesində respublikamızın haqlı mövqeyini qətiyyətlə qorudu.

Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın sürətli inkişafını, Cənubi Qafqazın lider dövlətinə çevrilməsini təmin etdi. Bu siyasət Ermənistanı regionda təcrid etdi, diplomatik sferada küncə sıxışdırdı. Ermənilərin işğal siyasətləri ilə öyündükləri vaxtda İlham Əliyev ordumuzu qüdrətləndirdi,  onu ən müasir döyüş qabiliyyətinə malik gücə çevirdi. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına heç vaxt imkan verilməyəcəyini bəyan edən Prezident İlham Əliyev həm də onu qeyd edirdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan azad edəcək.

2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttindəki təxribatları həm də sülh danışıqlarının nəticəsiz qalmasının göstəricisi idi. Beləliklə, yaranmış şəraiti dəyərləndirən Azərbaycan dövləti 44 gün davam edən müharibədə torpaqlarını işğaldan azad etdi.

Sülhə gəlməyən, söz anlamayan Ermənistanı Prezident İlham Əliyev güc yolu ilə cəzalandıraraq münaqişənin ədalətli həllini təmini etdi. Artıq "Dağlıq Qarabağ münaqişəsi" deyilən anlayış da aradan qalxıb, atəşkəs də tarixə qovuşub. İndi bütün dünyanın qəbul etdiyi reallıqlar Azərbaycanın Zəfəri, Bakının diktə və şərtləri, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır…

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video