Regionda son dövrlərdə baş verən hərbi gərginliklərdən əvvəl də Azərbaycan beynəlxalq münasibətlər sistemində mühüm mövqeyə malik ölkə kimi qiymətləndirilirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Cem Küçük bildirib.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq sistemdə artan əhəmiyyəti ilk növbədə ölkənin əlverişli coğrafi mövqeyi, qlobal enerji bazarında oynadığı rol və müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlər qurması ilə bağlıdır: “Azərbaycan həm yerləşdiyi coğrafi mövqe, həm də qlobal enerji ehtiyaclarının qarşılanmasına verdiyi töhfə baxımından son dərəcə mühüm ölkədir. Türkiyə, Rusiya, ABŞ və Avropa ilə münasibətləri də Azərbaycanın beynəlxalq sistemdə önə çıxmasına səbəb olur. Eyni zamanda, Azərbaycan etibarlı və sözünə sadiq tərəfdaş kimi tanınır. Bu da ölkənin beynəlxalq nüfuzunu artıran əsas amillərdən biridir”.
Cem Küçükün sözlərinə görə, Azərbaycan etibarlı enerji təchizatçısı kimi Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzi kimi qəbul edilir. Enerji resurslarının və digər məhsulların müxtəlif bazarlara çatdırılmasında ölkənin rolu olduqca əhəmiyyətlidir.
Türk siyasi şərhçi qeyd edib ki, Azərbaycanın strateji mövqeyini gücləndirən əsas amillərdən biri də Orta Dəhlizin inkişafıdır. Onun sözlərinə görə, Avropadan başlayan və Türkiyə üzərindən Azərbaycana, buradan isə türk dövlətləri və Çinə qədər uzanan bu marşrut geniş ticarət və nəqliyyat imkanları yaradır.
“Orta Dəhliz təkcə alternativ ticarət yolu deyil, həm də müxtəlif məhsulların – enerji resurslarının, kimya və avtomobil sənayesi məhsullarının və digər malların daşınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Avropa ilə Asiya arasında formalaşan yeni ticarət xəttində əsas ölkələrdən biri kimi çıxış edir”, – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, son illərdə Azərbaycandan qaz alan ölkələrin sayının artması da ölkənin enerji bazarındakı mövqeyinin gücləndiyini göstərir. Onun sözlərinə görə, dövlətlər enerji mənbələrini müxtəlif ölkələrdən əldə edə bilsələr də, Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması bu sahədə əməkdaşlığın genişlənməsinə şərait yaradır.
Cem Küçük bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 12-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə də mühüm məsələlər müzakirə olunub: “Bu görüşdə xüsusilə Orta Dəhlizin inkişafı və Şərqi Zəngəzur bölgəsində yeni nəqliyyat imkanlarının yaradılması ilə bağlı məsələlər diqqət mərkəzində olub. Qara dəniz regionu ilə Asiya arasında ticarət marşrutlarının formalaşmasında Azərbaycanın çox böyük əhəmiyyəti var. Bu isə həm enerji dəhlizi, həm də yeni nəqliyyat strategiyası deməkdir”.
Ekspertin sözlərinə görə, Azərbaycan son illərdə müxtəlif sahələrdə, o cümlədən innovasiya və süni intellekt texnologiyalarının inkişafı istiqamətində də addımlar atır. Ölkənin həm Şərq, həm də Qərb dövlətləri ilə əlaqələr qurması Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir.
Azərbaycanın Avrasiyada oynadığı rol beynəlxalq ekspertlər tərəfindən də uzun illərdir vurğulanır.
“Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” əsərində də Avrasiyada Azərbaycan və Türkiyə kimi ölkələrin strateji əhəmiyyəti xüsusi qeyd olunurdu. Bu baxımdan Azərbaycanın qarşısında yeni imkanlar açılır və ölkə qlobal ticarət marşrutlarının formalaşmasında mühüm rol oynayır. Yaxın Şərqdə baş verən son hadisələr də Azərbaycanın əhəmiyyətini daha da artırır. Regionda enerji və nəqliyyat marşrutları ilə bağlı risklərin artması alternativ logistika xətlərinə marağı gücləndirir və bu baxımdan Azərbaycan ön plana çıxan ölkələrdən biridir”, – deyə Cem Küçük qeyd edib.