11 Yanvar 2022 00:43
1066
Mədəniyyət
A- A+

Aşıq sənətinin fədaisi

 

Azərbaycan xalqının dünyaya bəxş etdiyi yüksək mənəvi-əxlaqi gücə qadir şəxsiyyətlərdən biri də ustad aşıq, dahi söz mücahidi, klassik irsimizin görkəmli nümayəndəsi Aşıq Ələsgər olmuşdur. O, söz-sənət işığında parlayan fenomenal bir insan, xalq arasında böyük nüfuz qazanmış el sənətkarı idi.

İki əsrin hüdudlarında yaşayıb-yaratmış bu qüdrətli sənət sahibinin rəngarəng və müxtəlif səpkili yaradıcı fütühatı demək olar ki, bütün tarixi dövrlər üçün aktualdır.

Aşıq Ələsgərin orijinal və novator baxışları, milli-mənəvi dəyərlərə istinad edən yaradıcılıq yolu və insanlığı geniş spektrli, daim təbii görünüş təsiri bağışlayan model üzərində qurulmuşdur.

Onun poeziyasında xalq deyimləri, el-oba nəğmələri insan-təbiət-cəmiyyət prizmasından nəzmə çəkilmiş, öz dəyərini xalq müdrikliyindən əxz etmişdir. O, sözün açıq mənasında xalq təfəkküründən bəhrələnmiş ozan, bilici aşıq olaraq, həm də təbiət poetikasında öz bariz əksini tapmış, ilhamının idrak və düşüncə işığını bu yenilməz mənbələrdən əxz etmişdir.

Sənətkarın bu qəbildən olan şeirlərinin ən bariz təcəssümü, “Yaylaq” qoşmasında daha aydın və lakonik səsləndirilmişdir:

 

Könlüm qaranquş tək uçub qoynuna,

Gəzir hər yamacı, hər yanı, yaylaq!

Ruhum təzələnir, məst olur ürək

Görəndə bu çağı, bu halı, yaylaq!

 

Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,

Bənövşə, qantəpər, qızlar örnəyi,

Qoyun mələşməsi, çoban tütəyi,

Çəkir uzaqlara xəyalı, yaylaq!

 

... Ələsgər köynəkdən çıxarsın sazı,

Yenə cuşa gəlsin eşqi, avazı,

Tərifləsin allı-yaşıllı yazı,

Unutma bu böyük kamalı, yaylaq!

 

Şeirə, sənətə dərin hörmət bəsləyən Aşıq Ələsgərin poetik kəlamlarında təsadüfi deyil ki, təbiətə məftunluq hissi, onun min bir sehr-sədalı çağırışlarının əsas yaradıcı kredosu olaraq, həm də xarakteri ilə səsləşən özünəxas hikmət duyumu ilə başa düşülür, ictimai məzmun kəsb edir. İnsan və təbiət vəhdəti bu şeirlərin mayasıdır. Ətraf aləm gözəlliklərini şairənə duyğuların predmetinə çevirən Aşıq Ələsgər bədii idrakın gücü ilə yerli toponimləri, Yurd, Torpaq sevgisini sanki təbiətdən ilham alaraq poetikləşdirir, ona ictimai məna tutumu verir.

Aşığın təbiət poetikasında təzahür tapan hissi-idraki məqamlar, lətafətli lirik notlar nəğməkar bir ruhun törəməsidir. Vətənin hər bir dağı, daşı, zümrüd meşələri, bol bərəkətli düzəngahları, lilpard çeşmələri, sərin-şərbət bulaqları, saçaqlı şəlalələri, qıy vuran qartalları, başı qarlı zirvələri, süsənli-sünbüllü tarlaları, dəli-dolu çayları, laləli-nərgizli yamacları insan qəlbini ehtizaza gətirən sevgi seyrangahlarıdır. Bu təbiət gözəllikləri, xüsusən, onun gözəlnamələrində bədii tərənnüm obyekti olaraq insanda ülviləşən nəcib, estetik-mənəvi keyfiyyətlərdir. Aşığın təbiət poetikasında incələnən aforistik deyimlərdə müraciət təriqli fikir və mülahizələr nikbin notlar üzərində kökləndiyindən bu yolda təbii komponentlərin vəsfi də müdrik və aşiqanə görünür. “İncimərəm” qoşmasında xüsusən bu fəlsəfi, hikmətamiz deyimlər geniş, təfəkkürlü məna kəsb edir.

Dədə Ələsgər ümumiyyətlə, qüdrətli söz və saz ifaçılığı sahəsində böyük xidmətlər müəllifidir. O, öz Vətəninin hər bir guşəsini qarış-qarış gəzərək, aşıq mədəniyyətimizin əsl fədaisi olmuşdur.

Bu yönümdən onun təbiət poetikası yüksək təsir gücünə malik zəngin bir xəzinədir.

Doğru mühakimədir: “Ələsgərə görə bütün gözəllikdən insanlar gözəldir, o da ancaq bu gözəlliklərin vəhdətinə, bir-birini daha da gözəlləşdirən gözəlliklərin şəninə dastan deyir”.

Cəsarətlə demək olar ki, Ələsgər şeiri üçün təbiətlə təmas qurmaq mehri adi istək, seyrçi mövqe deyil, geniş mündəricədə bu təbii gözəlliklər aşığın sazının, sözünün və ifaçılığının bənzərsizliyini təsdiq edən münasibətin təntənəsidir. Təbiətdən ilhamlanmaq, ondan mənəvi güc almaq hər kəsə nəsib olan keyfiyyət deyil. Bu mənada insan və insanlıq şərafətinə xoş ovqat gətirən poeziya və sənət dünyası üçün can fəda edənlər gerçək həyatın bütün estetik çalarlarını humanist qayələrlə, dərin emosional hiss və çırpıntılarla duyub dərk etməlidir. Aşıq Ələsgərin də təbiət harmoniyasından ilhamlanmaq qüdsiyyəti onun xarakterinə hopmuş, uzunömürlülüyünə rəvac verən bir mücəssəmə olduğunu unutmamalıyıq.

Aşığın sənət palitrası ecazkar söz incilərindən ibarət böyük bir qalereyadır.

Ustad aşıq yeri gəldikcə xəyal, düşüncə dünyasında özünün həyat eşqini, məhz, təbiətlə təmasda görürdü. Bu məqsədə o, təbiət meracından boy alan saysız-hesabsız şeirlərində, “ilham pərisi”nin daim onun üzünə güldüyünü, istedadı üçün başlıca zəmin olduğunu xatırlayaraq bu fütühatdan mənəvi təsəlli tapır, Yer, Yurd adları ilə bağlı milli təəssübkeşliyi də fəxarətlə tərənnüm edirdi.

Aşıq Ələsgərin poeziyasında təbiəti sevmək, onu qorumaq özəl bir məsələ deyil. O, hər kəsin bu yolda məslək və məramını halallıq prizmasından dəyərləndirir, bu müşahidələrə xor baxanları tərbiyələndirici çağırışları ilə tənbeh edir, ittihamnamələr irəli sürürdü:

 

...Hər kəs sərdən keçib mərdi-mərdana,

Baş qoysun bu yolda meydana gəlsin!

Dərya dilim dalğa vurdu, bulandı,

Qərq olmaq istəyən ümmana gəlsin!

 

Ustad aşığın təbiət poetikası həm də yüksək təhsilləndirici məzmunla haşiyələnmişdir. O, yerli toponimləri də yeri gəldikcə, gözəlləmələrində təqdir edir, doğma yurd və məmləkətinin tanıdılmasında şərəf və ləyaqət nümunəsi göstərir, nəğməkar şeirlərində möhtəşəm tanıtmalara xüsusi yer ayırırdı. El-mahal adlarını şeir, sənət ülviyyəti ilə vəsf edirdi.

Dədə Ələsgərin şeirinin dadı, təravəti onun təbiət silsiləli yaradıcılığının əsas qayəsini təşkil edir.

Bu gün gənc nəslin ekoloji mədəniyyətə, təbiətsevərliyə qovuşmasında şübhəsiz ki, klassik şair və yazıçılarımızın əsərlərində yaşayan, əbədiləşən poetik nümunələrdən də istifadə etmək nəcib və təşəbbüskar bir iş sayılmalıdır. Məhz, bu baxımdan Aşıq Ələsgərin bədii təcəssüm obyekti olan gözəlləmələrinin böyük bir qismində təbiətə bağlılıq, xoşməramlı kəlamlarla ehtiva olunmuşdur. Bu ovqata səbəb olan təbiət hadisələrinin təsvirində aşıq yetkin deyimləri “Dağlar” qoşmasında belə ifadə edir:

 

...Xəstə üçün təpəsində qar olur,

Hər cür çiçək açır, laləzar olur,

Çeşməsindən abi-həyat car olur,

Dağıdır möhnəti, məlalı dağlar.

 

Aşıq Ələsgərin ideya-mənəvi irsi bitib-tükənməyən bir xəzinədir. Ustad aşığın 200 illik yubileyi ümumxalq və ümumdövlət səviyyəsində qeyd olunur.

İnanmaq olar ki, qədirbilən xalqımız aşıq sənətinin təbliği və təşviqi yolunda uzun müddət fədakarlıq nümunəsi göstərən bu böyük şəxsiyyətin yaradıcı ömrünə işıq tutacaq, onun adının əbədiyaşarlıq ecazına yeni-yeni töhfələr bəxş edəcəkdir.

Bunu isə bizdən həyatın özü tələb edir.

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video