18 Aprel 2024 09:00
726
İQTİSADİYYAT
A- A+

ASAN etimadı doğruldur

 

Bir il əvvəl fəaliyyətə başlayan Salyan "ASAN xidmət" Mərkəzi regionda vətəndaşlara xidmətin yeni keyfiyyət mərhələsinə yüksəldilməsini təmin edib

 

Respublikamızın keçdiyi inkişaf yolunun ən mühüm göstəricilərindən biri hökumət-vətəndaş münasibətlərində səmərəli və həm də çevik mexanizmlərin yaradılması təşkil edir.  
Bu sahədə ən uğurlu addımlardan biri vətəndaşlara dövlət və özəl qurumlar tərəfindən xidmətlərin göstərilməsini keyfiyyətli, rahat, şəffaf olaraq, operativ və müasir innovasiyaları tətbiq etməklə yeni üslubda həyata keçirən "ASAN xidmət" mərkəzlərinin yaradılmasıdır.  

 

"ASAN xidmət" modeli 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri ölkə rəhbərinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanı ilə yaradılıb. Məqsəd isə vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi,  başqa cür desək, vətəndaşların işlərinin asanlaşdırılması  və onların məmnuniyyətinin təmin edilməsidir. 
12 ilə yaxın fəaliyyətlərinin tarixi göstərir ki, dövlət orqanları, eləcə də özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzləri respublikamızda hökumət-vətəndaş münasibətlərinin həqiqətən də keyfiyyətcə tamamilə yeni müstəviyə keçməsinə yol açıb. Fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulan "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmətlərin  göstərilməsi prosesində yeni yanaşmaların formalaşdırılmasını təmin edib. Bir sözlə, "ASAN xidmət" modeli yaradılarkən qarşısına qoyulan vəzifələri layiqincə yerinə yetirərək, ona bəslənən sosial-ictimai etimadı uğurla doğruldur.

 

Salyanda 426 min nəfərdən artıq vətəndaşa xidmət göstərilir

 

Hazırda respublikamızda 27 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla, digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır. Bu mərkəzlərdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. "ASAN Kommunal" mərkəzlərində isə "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək "ASAN xidmət" mərkəzlərinə 8 milyon 929 mindən çox vətəndaşın 73 milyondan çox müraciəti daxil olub.
Bu günlərdə fəaliyyətə başlamasının birinci ili tamam olan Salyan regional "ASAN xidmət" mərkəzinin işi ilə tanış olarkən bir daha "ASAN xidmət" konsepsiyasının vətəndaşlara xidmət sahəsində nümunəvi və olduqca mükəmməl model olduğuna şahidlik etdik. Xatırladaq ki, Salyan regional "ASAN xidmət" mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 18 aprel 2023-cü ildə keçirilib. Həmin gün Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev deyib: "ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk".
19 aprel 2023-cü ildən Salyanda tam fəaliyyətə başlayan "ASAN xidmət" mərkəzinin birillik fəaliyyəti göstərir ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onun xidmətləri təqdirlə qarşılanan ünvana çevrilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin sözlərinə görə,  əsasən, Salyan, Neftçala, Biləsuvar rayonlarında və Şirvan şəhərində yaşayan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edən mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə və vətəndaş rahatlığına əsaslanıb.

 

1 ildə Salyanda "ASAN xidmət" mərkəzində 178 mindən çox vətəndaş müraciəti qeydə alınıb

 

Söhbətləşdiyimiz vətəndaşlar da mərkəzin fəaliyyətindən ağızdolusu söz açdılar. Neftçaladan gələn Atamalı Əliyev deyir ki, Salyanda "ASAN xidmət" mərkəzinin yaradılmasından sonra işləri həqiqətən də asanlaşıb: "Əvvəllər sürücülük vəsiqəsini dəyişmək üçün ya Şirvan şəhərinə, ya da Masallı rayonuna getməli olurduq. Salyanda "ASAN xidmət" mərkəzi açıldıqdan sonra artıq çox uzağa getmirik. Mən də gəldim vəsiqəmi cəmi 20 dəqiqəyə dəyişib, yenisini verdilər və evimə qayıdıram. Belə operativ xidmətdən gözəl nə ola bilər. Ona görə Prezidentimizdən və dövlətimizdən çox razıyıq".
Salyan sakini Adilə Əliyevanın sözlərinə görə, rayonda "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması hər kəs tərəfindən rəğbətlə qarşılanır: "İndi hansısa sənəd üçün müxtəlif ünvanlara getmirik. Vaxt itkimizin qarşısı alınıb. Həm də müraciətimiz dərhal və operativ qeydə alınır, sənədlərimizi  vaxtında təqdim edirlər. Mən bura uşaqlarla gələndə onlar uşaq əyləncə meydanında oynayırlar. Xüsusilə buradakı səliqə-sahmanı, əməkdaşların və könüllülərin nəzakətli davranışını qeyd etmək istəyirəm, onlarla danışanda adamın ürəyi açılır. "ASAN xidmət"in yaradılması çox gözəl nümunədir".
"ASAN xidmət" mərkəzləri həm də respublikamızda könüllülər hərəkatının inkişafına böyük töhfələr verirlər. Könüllülər "ASAN xidmət"in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 35000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3300-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub. Salyan regional "ASAN xidmət" mərkəzində söhbətləşdiyimiz könüllü Bahar Axundova deyir ki,  könüllülük fəaliyyəti onların karyeraları və sosiallaşmaları baxımından olduqca mühüm əhəmiyyət kəsb edir: "Burdakı fəaliyyətimiz vətəndaşların qarşılanması və yönləndirilməsini, ərizələrin yazılmasında köməklik göstərilməsini, vətəndaş məmnunluğunun öyrənilməsi kimi məsələləri əhatə edir ki, bu da bizim təcrübəmizin formalaşmasına böyük təsir göstərir. Eyni zamanda burada keçirilən təlimlər, iştirak etdiyimiz layihələr bilik və bacarıqlarımızın artırılmasına təsir göstərir".
Qeyd edək ki, Salyan regional "ASAN xidmət" mərkəzinin yerləşdiyi  2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə guşəsi yaradılıb. 
Müşahidələrimiz göstərdi ki, cəmi bir ildir fəaliyyət göstərən Salyan regional "ASAN xidmət" mərkəzi mühüm uğurlara imza atıb, regionda vətəndaşlara xidmətin yeni keyfiyyət mərhələsinə yüksəldilməsini təmin edib. Fəaliyyət göstərdiyi 1 il ərzində Salyan regional "ASAN xidmət"də 178500-dən çox vətəndaş müraciətinin qeydə alınması və vətəndaş məmnuniyyətinin ən yüksək səviyyədə olması da mərkəzin uğurlu fəaliyyətindən xəbər verir.

Rəşad CƏFƏRLİ,
Elçin CƏFƏROV,
"Azərbaycan"

Bakı-Salyan-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video