Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində keçirilən BMT-nin Minatəmizləmə Xidməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə milli minatəmizləmə qurumlarının rəhbərləri və BMT Müşavirlərinin 29-cu Beynəlxalq iclasında iştirak edib.
Tədbir çərçivəsində ANAMA tərəfindən təşkil olunan “Çirklənmədən bərpaya: Minatəmizləmə fəaliyyəti yenidənqurmanın əsası kimi” mövzusunda yan tədbirdə agentliyin nümayəndəsi, GICHD-nin direktoru, ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru və Sloveniyanın “ITF İnsan Təhlükəsizliyinin Artırılması” beynəlxalq QHT-sinin nümayəndəsi panelist qismində iştirak edib.
ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Samir Poladov humanitar minatəmizləmə fəaliyyətinin yalnız insanların təhlükəsizliyi deyil, həmçinin bərpa və yenidənqurmanın əsasını təşkil edən fəaliyyət olduğunu bildirib. O qeyd edib ki, minatəmizləmə olmadan yenidənqurma, təhlükəsiz mühit olmadan isə qayıdış mümkün deyil. Həmin problem isə yalnız Azərbaycanda deyil, minalardan zərərçəkmiş bir çox ölkələrdə mövcuddur. Qlobal miqyasda olan mina probleminin aradan qaldırılması yalnız milli səylərlə deyil, həm də davamlı beynəlxalq dəstək, tərəfdaşlıq və təcrübə mübadiləsi ilə mümkündür.
Tədbir çərçivəsində yenidənqurma və qayıdışın təmin edilməsi üçün təhlükəsiz minatəmizləmənin təmin olunması, minatəmizləmə sahəsində regional əməkdaşlıq və bərpa təcrübələri, eləcə də bu istiqamətdə beynəlxalq tərəfdaşlıq mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.
Yan tədbirdə Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə təqdimat edilib.