Millimiz komanda hesabında ikinci yeri tutub
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kuboku yarışları başa çatıb. Boks Federasiyasından aldığımız məlumata görə, 49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komanda Dünya kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.
Finalda Sübhan Məmmədov (50 kiloqram) İssam Bensayarla (Mərakeş) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.
Onun ardınca Məhəmməd Abdullayev (+90 kiloqram) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən M. Abdullayev komandamızın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.
Millinin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kiloqram) Dünya kubokunun qalibi olub. Boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan S. Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib. Daha öncə isə Nəbi İsgəndərov (70 kiloqram) bürünc medala sahib çıxıb.
Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya kuboku yarışlarını komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.
Rizvan CƏFƏROV,
“Azərbaycan”