Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Axşam saat 18:00-da isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Festivalın açılışı aprelin 28-də Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında baş tutacaq. Daha sonra tədbirlər aprelin 29-da Sumqayıt şəhərinin Göyərçin Parkında, aprelin 30-da Quba şəhərinin Nizami Parkında, mayın 2-də Lənkəran şəhərinin Qala Xiyabanı Parkında, mayın 4-də Qəbələ şəhərinin Heydər Əliyev Parkında, mayın 5-də Şəki şəhərinin Bəxtiyar Vahabzadə Parkında, mayın 6-da Mingəçevir şəhərinin Heydər Əliyev Meydanında, mayın 8-də Gəncə şəhərinin Heydər Əliyev adına meydanında keçiriləcək. Festivala mayın 10-da Xankəndi şəhərinin Zəfər meydanında yekun vurulacaq.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir və iştirak etmək istəyən bütün şəxslər dəvət olunurlar.