İyunun 19-da xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannla ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan ilə Almaniya arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialı müzakirə ediblər. Bu çərçivədə Azərbaycan ilə Almaniya arasında biznes dairələri arasında əlaqələrin təşviqinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri müzakirə olunub.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş nəticələrin iqlim gündəliyinin irəlilədilməsinə verdiyi töhfə qeyd olunub, yaşıl keçid və bərpaolunan enerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.