06 Mart 2024 08:00
18348
SİYASƏT
A- A+

Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir

 

Ölkəmiz Albaniyanın enerji infrastrukturunun yaradılmasında yaxından iştirak edir

 

Bu ayın əvvəlində ölkəmizə işgüzar səfərə gələn  Albaniyanın Baş naziri  Edi Rama "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının  10-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclaslarında da iştirak və çıxış etdi.   
2015-ci ildən başlayaraq hər il Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantılarında Albaniya da yüksək səviyyədə təmsil olunur. Çünki bu ölkə "Cənub qaz dəhlizi" layihəsinin iştirakçılarından biridir və həmin amil Azərbaycanla Albaniyanın iqtisadi əlaqələrinin daha da genişlənməsinə təkan verir. 
Xatırladaq ki, "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) Albaniyanın da ərazisindən keçir. Belə ki, 878 kilometr məsafə boyu uzanan bu kəmər Yunanıstanda 550 kilometr, Albaniyada 215 kilometr, Adriatik dənizinin dibində 105 kilometr və İtaliyanın quru ərazisində 8 kilometrlik yol qət edir.  TAP-la kommersiya qaz nəqlinə 2020-ci ilin sonuncu günü başlanıb və həmin vaxtdan bu xətlə Azərbaycandan Avropaya fasiləsiz olaraq mavi yanacaq çatdırılır.
Prezident İlham Əliyev hələ 2022-ci ilin noyabr ayında  Albaniyaya dövlət səfəri zamanı demişdir: "O ki qaldı qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və "Cənub qaz dəhlizi"nin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir... Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanmışdır. Həmin memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir".
Bu il martın 1-də Bakıda  Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşündə də əsas mövzulardan biri TAP layihəsinin əhəmiyyətinin vurğulanması və onun genişləndirilməsi məsələlərinin  müzakirəsi olub. Albaniyanın bu sahədə önəmli rolu qeyd edilib. Albaniyanın qazlaşdırılması layihəsinin icrası ilə bağlı ölkəmiz tərəfindən investisiya qoyuluşu məsələlərinə də toxunulub. Eləcə də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının əhəmiyyəti qeyd olunub.
Bu toplantıdakı çıxışında isə Albaniyanın Baş naziri  bir qədər əvvəlki dövrü xatırlayıb: "Səkkiz il əvvəl nazirlər səviyyəsində keçirilən iclasda Prezident Əliyev demişdir ki, "Cənub qaz dəhlizi" beynəlxalq əməkdaşlığın unikal formatının təməlini qoyur. Bu, ölkələr, şirkətlər və maliyyə institutları arasında olan yeni əməkdaşlıq təcrübəsi gələcək illər ərzində bir çox digər sahəni də əhatə edəcək. Cənab Prezident bunu proqnozlaşdıra bildi. Həqiqətən də, bu yeni Enerji İpək yolu olan "Cənub qaz dəhlizi" sıx əməkdaşlıq baxımından bir körpü oldu və ölkələr, şirkətlər, maliyyə institutlarını elə bir formatda bir araya gətirdi ki, bu layihənin təklif etdiyi imkanlara dair istəyi daha da artırdı. Bu gün bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini "yaşıl enerji "təşkil edir".
Edi Ramanın da fikrincə, "Cənub qaz dəhlizi" heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək. Azərbaycan qazı və Xəzər hövzəsi birgə gələcək üçün mühüm rol oynayır: "Albaniyaya gəldikdə, biz strateji baxımdan Trans-Adriatik boru kəmərinin marşrutu üzərində yerləşirik və bu, "Cənub qaz dəhlizi" layihəsinin mühüm halqasıdır. Əlbəttə ki, biz bu transformasiya imkanına malik dəhlizin imkanlarından istifadə etmək niyyətindəyik. Bunun üçün biz bərpaolunan enerji layihələrinə sərmayə qoymağı və dayanıqlı enerji infrastrukturu yaratmağı hədəfləyirik. Hazırda Albaniya tam şəkildə bərpaolunan enerjidən faydalanan ölkədir. Lakin bizə enerji mənbələrinin şaxələndirilməsi lazımdır və biz bu istiqamətdə çalışırıq. Bizim üçün şaxələndirilmə əsasən hidroelektrik enerjisi deməkdir".
Albaniya üçün bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu  həlledicidir və son illərdə bu, ölkəni "yaşıl keçid" və enerji sektorunda innovasiyalar baxımından təbii məkana çevirib. Bu baxımdan "Cənub qaz dəhlizi" kontekstində "yaşıl hidrogen"ə dair dialoqa başlamaq çox vacibdir.
Azərbaycanın Albaniyada mövcud infrastrukturun inkişafı üçün ən əlverişli ssenariləri müəyyən etməsi və enerji sahəsinin çağırışlarına uyğunlaşdırılması baxımından təcrübələrini bölüşməsi  dost ölkədə əvəzsiz töhfə kimi dəyərləndirilir. Hazırda Albaniya  ölkənin qazlaşdırılması layihəsi üzərində işləyir. Bu işdə də  Prezident İlham Əliyevin dəstəyi böyükdür. "Biz inkişaf kursumuzun bu mərhələsinə böyük əhəmiyyət veririk. TAP çərçivəsində əldə etdiyimiz təcrübəyə əsasən biz tərəfdaşlarımızla birlikdə Albaniyanın cənubunda maye qaz terminalları inşa etməyi planlaşdırırıq", - deyə  Edi Rama bildirib. Həmçinin  əlavə edib ki, keçmişdə Bakının nəhəng sərvəti Avropa və Asiya sivilizasiyalarının qızıl erasını dəstəkləyib. Bu gün həmin resurslar və həmin qaz yataqları bizim ölkələrin qızıl erasını dəstəkləmək potensialına malikdir. Bu, dekarbonizasiya və dayanıqlı enerji təchizatına əsaslanmış çoxtərəfli əməkdaşlıq, davamlı sülh və tərəqqi erasıdır.
Albaniyanın baş naziri Azərbaycan Prezidentinin bir təşəbbüsünə də münasibət bildirib: "COP ilə bağlı məşəlin Azərbaycan tərəfindən götürülməsini və tədbirə evsahibliyi etməsini nəzərdə tuturam. Bu, böyük göstəricidir. Çünki qazıntı yanacağı ilə zəngin bir ölkə qərar verir ki, gəlin hamımız birlikdə düşünək - "yaşıl enerji"yə keçid necə real və bütün dünya üçün faydalı ola bilər. Bu mənada Azərbaycan və bu tədbirə evsahibliyi edən dəyərli şəxs ən yüksək təqdirə layiqdir".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video