Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümünə həsr olunan anım mərasimi keçirilib
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğun təşkilatçılığı ilə tədbir bilavasitə hadisənin baş verdiyi ərazidə keçirilib. Mərasimdə baş konsulluğun əməkdaşları, diaspor nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.
Mərasimdə, həmçinin Aktauda akkreditə olunan Türkiyə, İran, Türkmənistan və Özbəkistanın baş konsulları və diplomatları, Xalq Assambleyasının və Ağsaqqallar Şurasının sədrləri iştirak ediblər. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, hadisə yerinə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı bildirib ki, bəlkə də azərbaycanlı pilotların qəhrəmanlığı olmasaydı, həlak olanların və yaralananların sayı daha da çox ola bilərdi.
Baş konsul fürsətdən istifadə edərək Qazax xalqına və dövlətinə bir daha təşəkkürünü ifadə edib.
Onun sözlərinə görə, bu ağır günlərdə qazax xalqı və dövləti Azərbaycanı tək qoymayaraq, özünün əsl dost olduğunu bir daha nümayiş etdirib.
Ayxan Süleymanlı, həmçinin aidiyyəti orqanların yüksək səviyyədə və operativ şəkildə apardıqları xilasetmə əməliyyatları nəticəsində itkilərin sayının artmasının qarşısının alındığını söyləyib.
Qeyd olunub ki, fəallıq göstərən Qazaxıstan vətəndaşları və aidiyyəti orqanların əməkdaşları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif ediliblər.
Baş konsul qazax xalqının həm faciədən sonrakı günlərdə, həm də çətin anlarda nümayiş etdirdiyi həmrəyliyi xüsusi vurğulayıb.
Ayxan Süleymanlı Rusiya Federasiyasının bu hadisəyə hüquqi qiymət verəcəyinə ümid etdiklərini bildirib.
Daha sonra çıxış edən “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov mərasimə qatılan hər kəsə təşəkkürünü bildirib. O xatırladıb ki, bir il əvvəl məhz bu ərazi “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəza yerinə çevrilib və bu gün iştirakçılar həmin faciəni yad etmək üçün buraya toplaşıblar.
Qeyd edilib ki, faciədən sonrakı günlərdə də qazax xalqı böyük dəstək göstərib, insanların könüllü şəkildə qan verməsi və yardım aksiyalarında fəal iştirakı xüsusilə vurğulanmalıdır.
Şəmsəddin Hüseynov bildirib ki, dünyanın heç bir yerində bu qədər qısa müddətdə, bu miqyasda həmrəylik və dəstək nümunəsi ilə rastlaşmaq mümkün deyil.
O, sonda öz adından və Qazaxıstanda yaşayan bütün azərbaycanlılar adından qazax xalqına bir daha minnətdarlığını bildirib.
Həmçinin Qazaxıstan Xalq Assambleyasının vilayət Ağsaqqallar Şurasının sədri Onaybek Abdilov çıxış edərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edib, bu cür ağır hadisələrdə xalqlar arasında həmrəyliyin və qarşılıqlı dəstəyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə çıxış edənlər faciənin ildönümünün dərin hüznlə qeyd olunduğunu bildirərək, həlak olanların xatirəsinin daim ehtiramla yad ediləcəyini və bu acı hadisənin heç vaxt unudulmayacağını vurğulayıblar.
Anım mərasimi çərçivəsində Azərbaycan diasporunun təşkilatçılığı ilə həlak olanların ruhuna ehsan süfrəsi açılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL aviaşirkətinə məxsus, Bakıdan Qroznıya J2-8243 reysi ilə uçan “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında xarici fiziki və texniki təsirə məruz qalıb. İdarəetməni itirən təyyarə Qazaxıstanın Aktau şəhərində məcburi qəza enişi etməyə məcbur olub. Təyyarənin göyərtəsində beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 sərnişin həlak olub, 29 nəfər isə sağ qalıb.